Şagirdlərin həyatı təhlükədədir!
Paralel.az xəbər verir ki, Xəzər rayonunda məktəbin qarşısında piyada zolağı yoxdur.
Xəzər rayonunda yol kənarında olan məktəbin yaxınlığında nə yerüstü keçid var, nə də ki piyada zolağı.
Xaşaxuna bağları ərazisində yerləşən 216 saylı tam orta məktəbin qapısı düz magistral yola baxır. Məktəbə gəlmək üçün isə sakinlər hərəkətin intensiv olduğu yolu keçməyə məcburdurlar. Dərs vaxtı isə, demək olar ki, səhər saat 8:00-dan axşam saat 19:00-a qədər sözügedən yoldan hər dəqiqə uşaqlar məktəbə girib-çıxırlar.
Valideynlər aşağı sinifdə oxuyan uşaqları məktəbə özləri aparıb gətirdiklərini deyirlər. Onlar yolda piyada zolağının olmamasından narahatdırlar. Çünki yolda avtomobillər hərəkət etdiyindən və piyada zolağı olmadığından, burada onları hər an avtomobil vura bilər.
Akif Nəsirli