Cəmiyyət uğrunda Mübarizə

Cəmiyyət uğrunda Mübarizə
 

Qanunların aliliyi prinsiplərinin qorunması və media

 Azərbaycanın unikal bir ölkə olduğunu kimlərəsə sübut etmək üçün, nə Amerikanı kəşf etmək, nə də "Tarixi-Nadiri" oxumağa heç bir lüzüm yoxdur. Sadəcə olaraq, ölkəmizin son 30 ilinin reallıqlarını ard-arda araşdırmaq və təhlil etmək yetər. Sadə dillə bunu sizlərə anlatmağa çalışacağam. Çünki illərlə aparılan bu və ya digər "mübarizə"lər heç bir səmərə vermir. Məsələn, onillərdir ki, ölkəmizdə (mən hələ mərhum prezidentimiz Heydər Əliyevin 1970-80-cı illərdə bu istiqamətdə apardığı mübarizəni qoyuram bir kənara) rüşvətxorluğa qarşı mübarizə aparılır, amma rüşvətxorluq nəinki azalır, əksinə gündən-günə çiçəklənərək, daha geniş vüsət alır, ona korrupsiya, inhisarçılıq kimi cəmiyyəti tənəzzülə aparan naqisliklər də əlavə olunub. Biz isə hər zaman bu pisliklərə qarşı mübarizə aparsaq da, heç bir nəticə əldə edə bilmirik. Belə çıxır ki, bu pisliklər Azərbaycan dövlətindən və cəmiyyətindən daha güclüdürlər.

Gəlin, seçkilərdən başlayaq. Biz hər zaman seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün mübarizə aparırıq. Bütün seçkilərdən sonra, hətta özlərini dünyada demokratiyanın carçıları hesab edən beynəlxalq təşkilatlar da, etiraf edirlər ki, biz hər seçkidən demokratiya və şəffaflığa doğru növbəti addım atmış oluruq. Amma heç kim demir ki, biz neçə addımdan sonra azad, demokratik, şəffaf seçkilər mərhələsinə çatacağıq, yaxud azad və demokratik seçkilərə gedən yol neçə addımdadır? Məhz buna görə də, Azərbaycan reallığında azad və demokratik seçkilər barədə deyilənlər, sadəcə görüntü xarakteri daşıyır və bu istiqamətdə aparılan mübarizənin də, heç bir effekti olmur. Çünki normal demokratik, azad və şəffaf seçkilərin keçirilmədiyi ölkələrdə, həmin seçkilər vasitəsi ilə formalaşan parlamentin qəbul etdiyi qanunlara da, heç kim məhəl qoymur. Söhbət həmin parlamenti "öz adamları" ilə dolduran oliqarx məmurlardan gedir.

İkinci mərhələ. Biz müstəqilliyimizin ilk günündən təhsil, səhiyyə, hüquq-mühafizə və digər dövlət qurumlarında insanların məmnunluğunu təmin edə biləcək bir sistemin yaradılması üçün "mübarizə" aparırıq. Amma bu sahələrin heç birində buna nail ola bilmirik. Çünki bu qurumlarda qanunun aliliyi prinsipinin bərqərar olması qeyri-mümkün hala çevrilib. Bu səbəbdən də, bu qurumlarda bütün məsələlər pul (rüşvət) müstəvisində öz həllini tapır, pul isə dünyanın heç bir yerində qanun tanımır. Bu, təkcə bizim ölkəmizdə deyil, pulun hakim olduğu bütün dövlətlərdə belədir. Bu tip ölkələrdə nə qanun şahdır, nə də şah qanun deyil, burada qanun da, şah da puldur. Pulun həm şah, həm də qanun olduğu ölkələrdə isə nə ədalətdən, nə azadlıqdan, nə də şəffaflıqdan danışmaq mümkün olur. Bu da son nəticədə susqunluğa, yəni cəmiyyətin aşınmasına (deqradasiyasına) gətirib çıxarır. Bu aşınma həm də insanların mənəvi və fiziki məhvinə belə səbəb ola bilir. Son zamanlar təkcə ölkəmizdə deyil, ümumiyyətlə dünyanın hər yerində insanların, ələlxüsus da, gənclərin narkomaniyaya meyilliyi də, məhz cəmiyyətdə sosial ədalət və qanunun aliliyi prinsiplərinin pozulması səbəbindən yaranır. Bir müddət əvvəl Bakıda avtovus sürücülərinin narkotikin təsiri altında işə çıxmaları faktının özü də, onu göstərir ki, bu bəla, artıq bizim cəmiyyətimizə də çox ciddi şəkildə nüfuz edə bilib. Son bir ildə bu bəlaya qarşı (ona "ölüm mələyi", "ağ ölüm" və s. adlar verilsə də, pulun hökmüran olduğu ölkələrdə daha geniş yayılmaq imkanı əldə edir) mübarizəyə ciddi yanaşılsa da, bu gözlənilən nəticəni vermədi. İnsanlar bu maddələrin istifadəsindən (çünki artıq xəstədirlər və bu maddələri qəbul etmədən yaşaya bilmirlər) və yayımından (çünki bir çoxları, bu insan faciəsindən böyük pullar qazanır) çəkinmirlər. Hər gün medianın, sosial şəbəkələrin, rəsmi qurumların bu barədə yaydığı məlumatlar da onu deməyə əsas verir ki, aparılan mübarizənin ciddiliyinə və sərtliyinə (tutulanların ən ağır maddələrlə ittiham olunaraq cəmiyyətdən təcrid olunmaları) baxmayaraq, hər gün yeni şəxslərin və qrupların, məhz narkotika istifadəçiləri, satıcıları və yayıcıları kimi həbs olunmaları, aparılan mübarizənin nəticələrinin heç də qanedici olmadığını deməyə əsas verir. Bunun əsas səbəblərindən biri də odur ki, pis vərdişlər, daha cəlbedici və yolxucu olur. Narkobiznesi idarə edənlər də, bunu hüquq-mühafizə orqanlarından az bilmirlər. Mübarizənin müsbət nəticələrinin olmamasının bir səbəbi də, hər zaman "tora" "kilkə"lərin düşməsi, "akula"ların isə daha dərində qalmasıdır. "Akula"lar üçün yeni "kilkə"ləri tapmaq isə Azərbaycan kimi ölkələrdə heç də çətin məsələ deyil. İşsizlik, sosial ədalətsizlik, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün görülən işlərin yetərli olmaması, yaxud çox az sayda gənclərin həmin işlərə qoşulmaq imkanlarının olması, narkobaronlara imkan verir ki, nəzarətdən kənarda qalan gəncləri və yeniyetmələri öz "tor"larına salsınlar. Bir şeyi dəqiq bilmək lazımdır ki, təkcə cəzaları sərtləşdirməklə gəncləri bu bəladan xilas etmək mümkün deyil. Bunun üçün kompleks tədbirlər planı hazırlanaraq həyata keçirilməlidir.

Mənə belə gəlir ki, ayrı-ayrılıqda və müxtəlif sahələrdə aparılan mübarizəni bir kənara qoyub, ümumilikdə cəmiyyəti bütün naqisliklərdən təmizləmək üçün mübarizə aparmaq lazımdır. İlk növbədə ölkəmizdə qanunun aliliyi və sosial ədalət prinsipləri bərqərar olmalıdır. Bunun üçün isə siyasi iradə olmalı, mübarizənin də başında dövlət başçısı durmalıdır. Əks təqdirdə, heç bir mübarizənin müsbət nəticəsi olmayacaq.

Eyni zamanda hər bir dövlətin və cəmiyyətin güzgüsü hesab olanan medianın azad və sərbəst şəkildə fəaliyyətinə imkanlar yaradılmalıdır.

Prezident İlham Əliyev çıxışlarının birində belə bir ifadə işlətmişdi ki, jurnalistlər mənim dostlarımdır, mənim nəzərimdən qaçan, görə bilmədiyim nöqsanları, onlar mənə göstərirlər.

Prezidentin məhz bu çıxışından sonra, onun etimad göstərərək medianın inkişafını etibar etdiyi Əli Həsənov və Vüqar Səfərli kimiləri Azərbaycanda müstəqil mətbuatın məhv edilməsi istiqamətində səlib yürüşünə keçdilər və ölkəmizdə onlara tabe olan "əl mətbuatı"nı yaratdılar. Azad mətbuat və azad söz isə məhvə məhkum oldu və susduruldu. Bu da hər kəsə məlum həqiqətdir ki, bu illər ərzində bütün təltiflər, mükafatlar, fəxri adlar da, yalnız bu cütlüyün yanında uer alanlara verildi. Azad söz və mətbuat fədailəri isə Ə. Həsənov və V,Səfərli üçün arzuolunmaz şəxslərə çevrildilər. Onları cəmiyyətə az qala "xalq düşməni" kimi təqdim edərək nüfuzdan salmaq üçün əllərindən gələni etdilər. Bunun da nəticəsində insanların müstəqil və azad mediaya inamı sarsıldı. Məhz bu səbəbdən də, demək olar ki, medianın cəmiyyətə kütləvi təsir imkanları tamamilə itdi.

Əgər biz cəmiyyəti burada mövcud olan naqisliklərdən xilas etmək istəyiriksə, ilk növbədə cəmiyyətin güzgüsü sayılan müstəqil medianın nüfuzunu qaldırmalı, onu məmurların təzyiq və təsirindən xilas etməliyik. Çünki "əl mediası" cəmiyyətdə mövcud olan naqislikləri və problemləri araşdırmaq və bunu yaradanları ifşa etməkdə maraqlı deyil, ona görə ki, onların özləri də bu naqisliklərin tərənnümçüləri kimi çıxış edirlər.

Bu illər ərzində "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanuna edilən dəyişikliklər də, real vəziyyətin müsbətə doğru dəyişdirilməsinə imkan vermədi. Yəqin ki, məhz buna görə Medianın İinkişafı Agentliyi də "KİV haqqında" Qanunu ümumiyyətlə dəyişmək qərarına gəlib. Qanunu hazırlayan ekspertlərin kimliyi açıqlanmadığından media əhlinin yeni qanuna inamı da o qədər yüksək deyil.  Hər-halda yaxın gələcək onun nə dərəcədə mükəmməl bir qanun olduğunu ortaya qoyacaq.

Sadəcə nəzərə alınmalıdır ki, azad medianın olmadığı cəmiyyətin inkişafı mümkün olmadığı kimi, bu cəmiyyətdə mövcud olan rüşvət, korrupsiya, inhisarçılıq, məmur özbaşınalığı kimi naqisliklərə qarşı apardığı mübarizənin də, heç bir nəticəsi olmayacaq.

Medianın dirçəlişi və inkişafı üçün ilk növbədə medianın özünün bütün naqisliklərdən təmizlənməsi lazımdır. MİA bu missiyanı həyata keçirə biləcəksə, cəmiyyətin saflaşması da qaçılmaz olacaq, bilməyəcəksə, onun da KİVDF-dən fərqi olmayacaq. Bir müddət sonra isə onu idarə edənləri də Ə. Nəsənov və V.Səfərlinin yanında görəcəyik.

Yusif Seyid

0.035009860992432