Azərbaycanda qiyam görürəm

Azərbaycanda qiyam görürəm
 

Rövşən Kəbirli yazır:

600 il əvvəl Əmir Teymur deyib bu sözü. İstila etdiyi Azərbaycanda sürdürdüyü idarəçilikdən insanların cana doyduğunu bildiyi üçün bu xəbərdarlığı etmişdi.

Üstündən 6 əsr keçib Teymurləngin xəbərdarlığından. Son bir ildə Azərbaycanda baş verən qiymət artımları, xüsusilə yanacaq və çörəyin qiymətindəki artımların maaş artımlarını üstələməsi  fonunda Əmir Teymurun o sözü  daha da aktuallaşır. 

Yayılan məlumatlardan bəlli olur ki, iki gün əvvəl satlıq unun qiymətində təxminən 30 faiz artım baş verib. Əslində bu artım gözlənilən idi çünki ötən ilin noyabr ayından başlayaraq dünya bazarında ərzaq məhsullarının, o cümlədən taxıl və digər dənli bitkilərin satış qiyməti artır və prosses bugün də davam edir. Azərbaycan isə baxmayaraq ta qədimdən aqrar ölkə kimi tanınsa da yarıtmaz idarəçilik səbəbindən bugün əsas ərzaq məhsulları, o cümlədən taxıl sarıdan idxaldan tam asılı vəziyyətdədir. Ötən 30 ildə kənd təsərrüfatına ayrılan milyardlar vicdansızcasına korrupsiyanın yemi olub, nəticə də strateji məhsul olan taxıl istehsalı artmaq əvəzinə ildən-ilə geriləyərək fəlakətli vəziyyətə düşüb. Rəqəmlərdə yanıla bilərəm, mənə məlum olan bugün yerli taxıl istehsalı ölkənin taxıla olan illik təlabatının cəmi 50-60 faizini güclə təmin edir, qalan 45-50 faiz isə xarici idxaldan asılıdır. 

Düzdür, deyilənə inansaq, hökumət taxıl idxalın davamlı etmək üçün bəzi stimullaşdırıcı addımlar atır ( idxalçı şirkətləri gömrük rüsumundan, ƏDV-dən azad etmək, subsidiya vermək və.s) amma göründüyü kimi bu addımlar  dünya ərzaq bazarındakı artımlar fonunda görünməz olur. Bu ölkənin heç bir rəsmi qurumunun məlumatına inanmadığım üçün bilmirəm Taxıl Fondunun əvvəllər elan etdiyi “ölkənin 2 illik taxıl ehtiyatı var” bəyanatı nə qədər həqiqətdir. Hətta olmuş olsa belə, hökumət ona ümid olub əlini əlinin üstünə qoyub oturmamalıdır, bütün mümkün vasitələrlə taxıl idxalını davam etdirməlidir. Eyni zamanda işğaldan azad olmuş torpaqlarda təkhakimiyyətliyə son qoyub kapital sahiblərinə taxıl əkininə şərait yaratmalıdır.

Təbii, bunlar yaxın gələcəyin işidir, indi əsas məsələ unun satış qiymətinin son artımından sonra onsuz da çörəyə möhtac əhali arasında yaranmış fələkətli durumu aradan qaldırmaq olmalıdır. Hökumət anlamalıdır ki, artıq lümpenləşmiş ölkə əhalisini vəd və rəqəmlərlə doydurmaq mümkün olmayacaq.

Vəziyyətdən çıxmaq üçün iqtisadçılar daha səmərəli təkliflər verə bilər amma aydın görünən elə həll yolları var ki, bunu mütəxəssis olmadan da görmək olur.

Fikrimcə hakim komandanın iddia etdiyi kimi hökumət sosial yönümlü siyasəti başlıca qayəsi hesab edirsə, unun qiymətinindəki astronomik artımdan sonra yaranmış fəlakətli vəziyyəti yumuşaltmaq üçün yanacağın (qaz, işıq, benzin və kerosin-o məhsullar ki, o Azərbaycanda istehsal edilir) qiyməini minumum 40 faiz aşağı endirməlidir. Çünki bizə məlum deyil ki, pandemiyanın da hökm sürdüyü bir vaxtda dünya bazarında idxal etdiyimiz ərzaq məhsullarının, taxılın satış qiyməti artan, yoxsa azalan istiqamətdə gedəcək. Hələki optimizm üçün əsas yoxdur. Odur ki, Azərbaycan hakimiyyəti acların qiyamı ilə üzləşmək istəmirsə yubanmadan təsirli tədbirlər görməlidir. Birini və məncə ən optimalını mən göstərdim...

Paralel.az

0.019855976104736