Gəlir və sərvət bərabərsizliyi
Rövşən Ağayev
Azərbaycanda gəlir və sərvət bərabərsizliyi ilə bağlı statistikanın qurulmaması effektiv və inklüziv iqtisadi, ədalətli sosial siyasətin həyata keçirilməsinin qarşısında ən böyük manedir.
Nə qədər ki, belə statistika mövcud deyil, hökumət bu bərabərsizliyin azaldılmasını özünün strateji sənədlərində əsas hədəflərdən biri kimi müəyyən etmir, demək ki, sosial-iqtisadi siyasət qərarları havaya açılan boş atəş kimidir - yəni güllələri yağış kimi yağdırırsan, necə dəyər, hara dəyər, onu hesablamırsan. Bir də var gülləni ustalıqla hədəfə atırsan - bu o zaman olur ki, hədəfini də dəqiq müəyyən etmiş olursan.
Azərbaycanda ümumiyyətlə milli sərvət statistikası mövcud deyil. Ölkənin sərvəti əhalinin desil və kvintil qrupları arasında necə paylanıb? Hər il milli gəlir bu qruplar arasında necə paylanır? Əhalinin ən kasıb və ən varlı 10%-nin (yaxud 20%-nin) milli sərvətdə və milli gəlirdə payı necədir?
Gini əmsalının hesablanmaması ağlasığmaz və izahedilməz bir əməldir.
Bu statistikanın davamlı hazırlanması yalnız effektiv və ədalətli sosial siyasətin hazırlanması baxımından deyil, həm də korrupsiya və qanunsuz varlanmanın izinə düşmək baxımından da çox önəmlidir.
Bizdə mövcud olan statistika deyir ki, hazırda ən yoxsul 10%-in əldə etdiyi adambaşına gəlirlər ən zəngin 10%-dən cəmi 3.5 dəfə azdır.
Bu statistikanı real qəbul etmək o deməkdir ki, hətta normal evi olmayan, evi olsa da onun kommunal xərclərini belə güclə ödəyən ən kasıb ailə ilə 200-250 minlik avtomobildə gəzib hər birinin dəyəri 300-500 min manatlıq 2-3 evi olan zəngin ailənin gəlirləri cəmi 3.5 dəfə fərqlənir. Nə dərəcədə realdır?
Amma başqa bir rəsmi statistik mənbə var ki, hətta alternativ və müstəqil araşdırma olmadan bu statistikanı təkzib edir. Milli hesablar statistikasına görə, milli gəlirin aqrar sektorda cəmi 6%-i, ticarət sektorunda isə 12%-i formalaşır. Hər çalışan hesabı ilə 1 aqrar sektor təmçilçisinə milli gəlirdən düşən pay ticarət sektoru ilə müqayisədə 5 dəfə, emal sənayesi ilə müqayisədə 6 dəfə, turizm və restoran xidməti ilə müqayisədə 9 dəfə azdır.
Mədənçıxarma sənayesində çalışan hər işçinin milli gəlirdən yalnız maaş formasında əldə etdiyi gəlir aqrar sektorda həm maaş, həm də mənfəət (və ya qarışıq gəlirlər) formasında əldə olunan məcmu gəlirin bir nəfərə düşən həcmindən 15 dəfə azdır.
Hərçənd ki, sonuncular da rəsmi statistikadır. Amma həmin statistikalar bir-birini əhəmiyyətli dərəcədə ziddiyət təşkil edirsə, deməli daha etibarlı və obyektiv statistik uçota ehtiyac var.
Paralel.az