Mi-24 hansı raketlə vurulub?
44 günlük Vətən Müharibəsində Ermənistan xeyli sayda canlı qüvvə ilə yanaşı, çoxlu hərbi texnika da itirib. Hərçənd rəsmi İrəvan bu barədə dəqiq açıqlama verməkdən çəkinir. Elə rəsmi Bakı da Şəhidlərimizin sayını açıqlasa da, döyüşlərdə itirdiyimiz hərbi texnikalar barəsində heç bir məlumat vermir.
Paralel.az xəbər verir ki, döyüşlər zamanı Ermənistan ordusu təkcə tank, top, ZTR və digər hərbi texnikaları deyil, o cümlədən döyüş helikopteri də itirib. Bu barədə Rusiya mediası yazıb və bildirib ki, Rusiya ordusunun ən modern Mi-24 hərbi helikopteri Qarabağ səmasında Azərbaycan Havadan Müdafə Qüvvələrinin zenit-raket kompleksi tərəfindən vurulub.
Qeyd edək ki, rus mediası bu hadisənin konkret olaraq hansı tarixdə baş verdiyi barəcə məlumat verməyib. Lakin rus ekspertlər məsələni araşdırmağa başlayıblar. Onların marağını çəkən cəhət isə Mi-24 döyüş helikopterinin hansı raket kompleksi ilə vurulmasıdır.
Bildirək ki, Mi-24 döyüş helikopterini vurmaq heç də asan deyil. Belə ki, hücumları dəf etmək üçün müasir vasitələrlə təchiz edilmiş döyüş helikopteri portativ zenit-raket kompleksindən vurulub. Ekspertlər bildirirlər ki, bu cür hücumlardan qorunma sistemi Rusiya Silahlı Qüvvələrinin bütün helikopterlərində quraşdırılıb. “Mi-24 tam avtomatlaşdırılıb. Arxa və ön yarımkürələri bağlamaqla, infraqırmızı başlıqlı hədəf raketlərdən müdafiəni təmin edir. Məsələn, Rusiya helikopterləri “Vitebsk” mühafizə sistemi ilə təchiz olunub. “Prezident-S” sistemi isə ixrac nümunələri üçün nəzərdə tutulub. Üstəlik, istilik tələləri ən kiçik bir təhlükə yaranan kimi işə düşür”.
Ruslar hesab edirlər ki, Azərbaycanın son müharibədə istifadə etdiyi Zenit-Raket Kompleksi Rusiya istehsalı deyil və bu səbəbdən də onun hansı ölkədən alınması kifayət qədər maraqlıdır. Çünki bu, ZRK Mi-24 kimi döyüş helikopterlərini sıradan çıxarırsa, o zaman təcili tədbirlər görülməlidir.