Baş - beyin, ya ürək - qəlb?!

Baş - beyin, ya ürək - qəlb?!
 

Qalib Arif

(“Qısa hekayələr” silsiləsindən)

Insanları yaşından, başından, fəlsəfi anlayışından asılı olmayaraq, fəlsəfi suallar düşündürür. Məsələn, “Dünyanı Allah yaradıb, ya öz-özünə yaranıb?”, ya “Ölümdən sonra həyat varmı, insanın ruhu yaşayırmı?” Ya da, “Toyuq əvvəl əmələ gəlib, ya yumurta?”. Amma məqsədim fəlsəfənin cavabsız suallarına cavab axtarmaq deyil, zəhmət çəksin, özü axtarıb tapsın...

Mənim qəhrəmanımı adi bir sual maraqlandırır: İnsanın şüurlu həyatında əsas, aparıcı nədir - Onun ürəyi-qəlbi, ya başı-beyni?! Adam hər gün dualarında Allaha bu sualı verir və günlərin bir günü cavab gəlir. Yaradan konkret cavab verir, buyurur ki, mən insanı bütün canlılardan fərqli olaraq, şüurlu yaratmışam. Deməli, insan həyatının əsası, aparıcısı başdır, beyindir...

Qəhrəmanımı konkret cavab qane etmir, amma mübahisəyə də cəsarət etmir. Peyğəmbərin yanına gedir, həmin sualı verir. Həzrət buyurur ki, insanın həyatında əsas, aparıcı qəlbdir, ürəkdir. Zira, biz Allahı qəlbimizlə sevirik, şeytana qəlbimizlə nifrət edirik, insanlara qəlbimizlə rəhm edirik. Nahaq yerə demirlər ki, özün üçün istəmədiyini başqasına da rəva görmə...

Qəhrəmanım bir az cığal adam olur, bu cavabla da razılaşmır, Karl Marksın yanına gedir. Marks da konkret cavab verir, deyir insanın həyatında əsas, aparıcı onun qarnıdır. Mən nahaq yerə deməmişəm ki, elmlə, mədəniyyətlə, elə fiziki əməkə məşğul olmaqdan əvvəl insan yeməli və içməlidir. Adam filosofla da razılaşmır, psixoloqun – Ziqmund Freydin yanına gedir, sualını verir. Freyd deyir insanın həyatında əsas, aparıcı qurşaqdan aşağı hisslərdir. Axı, bütün canlılar kimi insan da bu dünyaya nəsil verməyə gəlir...

Mənim qəhrəmanım çaş-baş qalır, axırda Eynşteynin yanına yollanır. Başına gələnləri ona danışır. Alim ona diqqətlə dinləyir, deyir onlar hamısı düz deyir, bu dünyada hər şey nisbidir... Yani kimə necə sərf edir...

Paralel.az

0.018011808395386