Görkəmli pianoçu Çingiz Sadıqovun ölümündən 4 il keçir

Görkəmli pianoçu Çingiz Sadıqovun ölümündən 4 il keçir
 

Çingiz Sadıqov 5 aprel 1929-cu ildə Bakıda anadan olub.

İlk təhsilini Sadıqov 1939-1946-cı illərdə Bakının Onillik musiqi məktəbində alıb. O, 1939-1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində, 1951-1953-cü illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil alıb.

Aspiranturanı əla qiymətlərlə bitirən Çingiz Sadıqov Bakıya qayıdır. Bir gün pianoçuya ifaçı Bülbül zəng vurur, müşayiətçisinin xəstələndiyini deyir və Sadıqovu özü ilə Orta Asiyaya qastrola dəvət edir. Bu səfərdən sonra pianoçu klassik ifaçılardan biri yox, Azərbaycan musiqisinin ifaçısı olmaq istədiyini başa düşür.

Çingiz Sadıqov Rəşid Behbudova da müşayiət edib, onunla 32 ölkədə, o cümlədən İran, Suriya, Hindistan, İraqda olub. O, həmçinin Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımova kimi ifaçılara da müşayiət edib.

Çingiz Sadıqov 1953-1971-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 1971-1981-ci illərdə 16 saylı Bakı musiqi məktəbinin direktoru, 1991-1994-cü illərdə Bakı Musiqi Akademiyasının professoru kimi çalışıb. O, həmçinin 1981-1990-cı illərdə “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, 1983-1986-cı illərdə Mədəniyyət və Turizm nazirinin məsləhətçisi kimi çalışıb.

Musiqiçi Azərbaycan SSR-nın Əməkdar və Xalq artisti fəxri adlarına layiq görülüb. O, 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Sadıqov 1994-cü ildən ABŞ-ın San-Fransisko şəhərində yaşayıb. O, ABŞ-ın və Kanadanın bir sıra şəhərlərində konsertlərlə çıxış edib.

Çingiz Sadıqov 30 dekabr 2017-ci ildə San-Fransiskoda vəfat edib. Pianoçu Bakıda, İkinci Fəxri xiyabanda dəfn olunub.
Paralel.az

0.020841836929321