Elektron təhsil niyə populyardır?
Dos. İlham Əhmədov yazır:
Son onilliklərdə informasiya texnologiyalarının inkişafı bu texnologiyaların insan fəaliyyətinin bir çox sahələrində geniş tətbiqinə səbəb olmuşdur. Təhsil sektoru da istisna deyil.
E-təhsil (elektron təhsil) 20-ci əsrin sonlarında Qərb ölkələrində yarandı və təhsilin sürətli inkişafına təkan verdi. Təhsilin elektron formalarının yaranması və fəal şəkildə yayılması bir çox ölkələrin təhsil sistemlərinin dünyada gedən inteqrasiya proseslərinə, informasiya cəmiyyətinə doğru inkişafa adekvat cavabı idi.
Elektron təhsil (E-learning ingilis dilində olan “electronic learning”-in qısaldılmış formasıdır) informasiya və elektron texnologiyalardan istifadə ilə təşkil edilən təlim sistemidir. E-təhsilə YUNESKO mütəxəssisləri tərəfindən belə tərif verilir: “e-Learning – İnternet və multimediadan istifadə edərən təlim texnologiyasıdır”.
21-ci əsrin əvvəllərində (əslində elə indi də) ölkəmizdə elektron təhsil texnologiyasının zəif inkişaf tempi açıq aşkar hiss edilirdi. Bir çox ölkələrdən fərqli olaraq bizdə elektron təhsil formalarından geniş miqyasda istifadə olunmurdu. Hazırda dünya təhsil sistemində elektron təhsilin geniş tətbiqi üçün texniki zəmin yaradılıb. Bundan əlavə, bəzi hallarda elektron təhsil ideyalarının həyata keçirilməsi müasir texniki vasitələrin imkanlardan geri qalır. Bu təhsil sisteminin ətalətliyi ilə əlaqədardır. Buna baxmayaraq, hər il elektron təhsil texnologiyalarından istifadə getdikcə daha da geniş vüsət almaqdadır.
Hal-hazırda elektron təhsil, bir qayda olaraq, ikinci ali təhsil almaq, əlavə təhsil almaq və ya mütəxəssislərin yenidən hazırlanması və təkmilləşdirilməsi üçün istifadə olunur. Dünya təcrübəsi göstərir ki, elektron təhsil (e-learning) əyani təhsilə əlavə yeni imkanlar yaradır.
Elektron təhsilin üstünlükləri.
Elektron təhsil sistemlərinin populyarlaşmasının və geniş tətbiqinin bir çox səbəbləri var. Əvvəla, bunlar elektron təhsilin “klassik” öyrənmə metodlarından olan aşkar üstünlükləri ilə əlaqədardır.
Distant təhsil müəllimlərə və tələbələrə bir-birindən xeyli məsafədə olaraq təhsil almağa imkan verir. Elektron təhsil sistemlərindən istifadə təhsili daha əlçatan edir, çünki bu, təhsil alanların daha geniş təbəqəsi üçün təhsil xidmətləri göstərilməsinə imkan verir. Korporativ təlim zamanı elektron forma əsas istehsal fəaliyyətini dayandırmadan, baş ofisdən və tədris mərkəzindən uzaq məsafədə olmasına baxmayaraq, şirkətin bütün filial və bölmələrində işçilərin mərkəzləşdirilmiş qaydada təlim keçməsinə imkan verir. Məsələn, iş günü ərzində və ya asudə vaxtda, ya da təlim üçün ayrılmış vaxtda əməkdaşlar təlim ala bilirlər.
Təlim almağın reallığı və resursların açıqlığı mütəxəssisə təhsili peşə fəaliyyəti ilə birləşdirərək, parallel olaraq həyatının istənilən mərhələsində təhsil almağa imkan verir. Alimlərin son araşdırmaları göstərdi ki, elektron təhsil ənənəvi öyrənmə ilə müqayisədə 50-70% vaxta qənaət edə bilər. Qənaət olunan vaxtın həcmi öyrənilən fənndən, eləcə də formatdan asılıdır.
İqtisadi səmərəlilik
Ənənəvi kurslarla müqayisədə tam hüquqlu e-kursların hazırlanması dəfələrlə baha başa gəlir. Buna baxmayaraq, e-formadan istifadə edərək bir tələbənin təhsil haqqı əyani təhsillə müqayisədə xeyli aşağıdır. Təlimdə çox sayda tələbə iştirak etdikdə elektron təhsilin maliyyə səmərəliliyi xüsusilə nəzərə çarpır. Elektron təhsil adi öyrənmə formatından daha ucuzdur. Bu, yol xərclərinin aşağı olması, başqa şəhərdə yaşayış xərcləri və təlimin təşkili (sinif otaqlarının icarəsi, kommunal xərclər, işçilərin əmək haqqı, müəllimlər üçün əlavə xərclər və s.) xeyli az olması hesabınadır. Orta hesabla, elektron təhsil ənənəvi təhsillə müqayisədə hər tələbəyə 50-60%-ə qədər qənaətə imkan verir.
Təlimin fərdiləşdirilməsi, əlilliyi olan şəxslərin təlimə cəlb edilməsi
Elektron təhsil sistemlərinin tətbiqi fərdi öyrənmənin üstünlüklərini (öyrənmənin keyfiyyəti baxımından) kütləvi təhsilin üstünlüyü (səmərəlilik baxımdan) ilə birləşdirməyə imkan verir.
Tədris sisteminin proqram təminatı kurrikulumun tələbləri, müəllimlərin və ya təlim şəraitinin ehtiyac və xüsusiyyətlərinə fərdi qaydada uyğunlaşmasını təmin etməlidir. Müstəqil təlim kursları (modulları) kompleksindən siz fərdi və ya qrup ehtiyaclarına cavab verən xüsusi kurrikulum formalaşdıra bilərsiniz.
Elektron təhsil tələbələrdə bu gün hər insan üçün zəriru olan özünütəhsil bacarıqlarını inkişaf etdirir. Tələbə özü sərbəst olaraq öyrənmə tempini, intensivliyini, modulların sayını, ayrı-ayrı bölmələrin öyrənilməsi ehtiyacını və s. müəyyən edir. Tələbə dərslərin başlama vaxtını təyin etməkdə tədris müəssisəsindən və müəllimdən asılı deyil, o, əlverişli özünə uyğun vaxtda məşğul olur.
Bəzi tələbələr üçün tədris prosesinin psixoloji amili vacibdir. Psixoloji nöqteyi-nəzərdən elektron təlim sistemlərindən istifadə nəzarət fəaliyyətini (qiymətləndirmə, sınaq, imtahan) yerinə yetirərkən müdavimlərin yorğunluq, gərginlik dərəcəsini azalda bilər. Bundan əlavə, qiymətləndirmədə subyektiv amillər istisna olunur.
Elektron təhsil sistemləri bir sıra xüsusiyyətlərdən - yaşayış yerindən, sağlamlıq vəziyyətindən, maddi rifahdan asılı olmayaraq təhsil üçün bərabər imkanlar təmin edir. Elektron təhsil çox çevikdir - siz onu istədiyiniz zaman, istənilən məkanda başlaya və davam etdirə bilərsiniz. Hər bir tələbə üçün onun iş rejimi və təlim ehtiyacları nəzərə alınmaqla fərdi tədris planı hazırlana bilər.
Paralel.az