Poliklinikalar ləğv edilsin!
Tibbi müayinə dövlət hesabına həyata keçirilsin
Müasir Azərbaycanın səhiyyə sistemində mövcud olan xaotik vəziyyət hər kəsə bəllidir. Ən acınacaqlısı da budur ki, bunu hamı bildiyi halda, belə bir vəziyyətin aradan qaldırılması üçün heç bir əməli tədbir görülmür, sanki belə də olmalıdır.
Deyilənlərə görə, Azərbaycanda səhiyyə xidmətləri (dövlət tibb müəssisələrində) pulsuzdur, amma hər kəs bilir ki,"pulsuz pendir, ancaq siçan tələsində olur", ələlxüsus da Azərbaycanda.
Bu gün isə sizlərə səhiyyə sistemində üzləşdiyim, gördüyüm və eşitdiyim problemlərdən və biabırçılıqlardan yox, bütün bu pislikləri aradan qaldırmaq üçün görülməsi vacib olan bir çox məsələlərin birindən danışmaq istəyirəm. Onu da diqqətinizə çatdırım ki, bizim hökumətimiz, məmurlarımız və deputatlarımız onlara yerlərdən gələn təklifləri qəbul etməkdə heç zaman maraqlı olmurlar. Bununla belə, görürsən ki, müəyyən bir vaxtdan sonra həmin məsələ hökumətin adından parlamentə təklif olunur və qəbul edilir. Mən də razılaşıram ki, sadə bir vətəndaş hökumət nümayəndələrindən, məmurlardan, deputatlardan səmərəli təklif versə belə, qəbul olunması mümkün deyil. Bununla belə, bu barədə düşüncələrimi sizinlə bölüşmək istəyirəm. Yəni, "Yazsam öldürərlər, yazmasam ölləm". Bunu öz təklifləri kimi irəli sürüb qəbul etsələr, buna da heç bir etirazım yoxdur, təki qəbul etsinlər. Hesab edirəm ki, bu təklifim Azərbaycan səhiyyə sisteminin çabaladığı bataqlıqdan çıxarılması üçün atılan ilk addım olardı.
Dövlət büdcədən səhiyyə üçün hər il bir milyard, milyard yarımdan çox vəsait ayrılır. Gələn il üçün də səhiyyə üçün 1 milyard 770 milyon manat vəsait nəzərdə tutub. Bu pulların böyük bir hissəsinin xalqa tibbi xidmət adı ilə korrupsiya yeminə çevrildiyi də, heç kimə sirr deyil, bu məmləkətdə. Azərbaycanda pulsuz səhiyyə xidmətinin olmadığı hər kəsə məlum bir aksiomdur və onun isbatına da heç bir lüzum yoxdur.
Məhz, bu səbəbdən də təklif edirəm ki, ölkəmizdə fəaliyyət göstərən bütün poliklinikalar ləğv edilsin və onların yerində ən müasir tibbi müayinə aparat və cihazları ilə təmin olunmuş müayinə mərkəzləri yaradılsın. Əgər hökumət vətəndaşların pulsuz müayinə və müalicəsinin öhdəsindən gələ bilmirsə, heç olmasa insanlara öz sağlamlıqları barədə dəqiq məlumat almaq imkanını yaratsın. Yəni istənilən bir vətəndaş həmin müayinə mərkəzində öz xəstəliyi, yaxud ümumiyyətlə sağlamlığı haqqında dəqiq məlumat ala bilsin. Daha sonra harada və necə müalicə olunacaq, artıq onun şəxsi işidir. Maddi imkanları daxilində istər dövlət tibb müəssisəsində "pulsuz" müalicə alar, istər pullu klinikalarda, istərsə də əcnəbi ölkələrdə, yaxud türkəçarə müalicəni seçər. Ən əsası odur ki, vətəndaş öz xəstəliyi barədə dürüst məlumat əldə edə bilsin, bunu da dövlət heç bir təmənnasız təmin etməlidir. Bunun isə ən sadə yolu, poliklinikaların bazasında hamıya əlçatan olan müayinə mərkəzlərinin yaradılmasıdır. Dövlətin hesabında və nəzarətində olan bu müayinə mərkəzləri texniki təminatına, həkim personalına görə, başqa tibb müəssisələrindən həm peşəkarlığına görə seçilməli, həm də əmək haqqları elə bir səviyyədə olmalıdır ki, onlar da arxalarında dövlətin dayandığını hiss etsinlər və gözləri xəstənin əlində, cibində qalmasın. Bununla da, bu gün ölkəmizin səhiyyə sistemində mövcud olan anarxiya və xaosun qarşısı alınacaq.
Hazırda isə vətəndaşlar pullarının böyük hissəsini heç bir lüzum olmadan həkimlərin vicdansızlığı üzündən müxtəlif müayinələrə və dərmanlara xərcləyirlər. Həkimlər isə öz ixtisasına uyğun olmasa belə, qəbula gələn xəstəni əlindən buraxmaq istəmir, xəstəni lazım oldu-olmadı çoxsaylı müayinələrə göndərir, saysız-hesabsız dərmanlar yazır, bununla da xəstə olmayan bir insanı belə, xəstəliyə düçar edir. Yəni nəfs, vicdanı tapdalayaraq irəli keçir.
Hazırda bu biabırçılıq səhiyyə sistemində elə dərin köklər atıb ki, onu bu bataqlıqdan çıxarmaq mümkünsüz görünür. Əgər xüsusiləşdirilmiş dövlət müayinə mərkəzləri olarsa və vətəndaş öz xəstəliyi barədə doğru-dürüst məlumat əldə edərsə, onun müalicəsini də özü tapacaq, buna zərrə qədər də şübhəniz olmasın.
Bunu dəfələrlə yazılarımda qeyd etsəm də, bir daha təkrarlamamaq mümkün deyil. Bu gün vətəndaş müalicə üçün xərclədiyindən qat-qat artıq pulu, ancaq müayinələr üçün xərcləyir ki, sonunda müalicəyə pul tapmır, hətta evini-eşiyini belə, satmaq məcburiyyətində qalır. Vicdanlarını hərraca çıxaran həkimlərin isə heç ruhu da incimir- vicdanı olmayanın ruhu haradan olsun ki?
Çox maraqlıdır ki, son zamanlar ata-baba qaydası ilə heç kim müayinə aparmır. Başa düşürəm, texnika, texnologiyalar o qədər inkişaf edib ki, həkim müayinəsinə də, heç bir lüzüm qalmayab, heç həkim peşəkarlığına da ehtiyac yoxdur. Hər şeyi texnika həll edir, həkimlər də bekarçılıqdan xəstələrin cibini soyur.
Məhz buna görə də, hazırda Azərbaycan səhiyyə sistemindən razı bir vətəndaş tapmaq mümkün deyil. Danışanlar varsa belə, riyakarlıq edirlər, telekanallarımız kimi. Bu da başa düşüləndir ki, telekanallar da yaşamaq istəyir. Pul isə ancaq həkimlərdə, şou-biznes nümayəndələrində və dərman mafiyasındadır. Bu səbəbdən də, telekanallar istəməsələr belə, onları təbliğ və təşviq etmək məcburiyyətindədirlər.
Məndən demək. Gerisi başbilənlərimizə qalmış. Hökumətimiz azacıq da olsa öz vətəndaşlarının sağlamlığı barədə düşünürsə, onu sağaltmasa belə, xəstəliyi barədə məlumat almaq hüququnu tanımalıdır.
Yusif Seyid
Paralel.az