Gürcüstanda peyvənd olunanlara 200 lari veriləcək
Peyvənd təbliğatı kampaniyası yanvar ayında da davam edəcək və peyvənd olunduğu halda, 50 yaşdan yuxarı vətəndaşlara 200 lari məbləğində birdəfəlik yardım veriləcək.
Paralel.az xəbər verir ki, bu barədə Koordinasiya Şurasının bugünki qərarında bildirilib.
Qurumlararası Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəhbəri Giorgi Ğibradzenin sözlərinə görə, yaş həddi aşağı salınacaq və peyvənd olunduğu halda, 60 yaş əvəzinə 50 yaşdan yuxarı bütün vətəndaşlar 200 lari alacaqlar:
“Qərara əsasən, 60 yaşdan yuxarı şəxslərə verilən 200 lari həvəsləndirmə proqramı yanvar ayında da davam edəcək. Daha bir yenilik isə ondan ibarətdir ki, yaş həddi 50 yaşa endiriləcək. Əgər bü günə qədər 60 yaşdan yuxarı şəxs bu məbləği alırdısa, yanvar ayından etibarən 50-dən yuxarı yaşı olan və peyvənd olunan hər kəs bu kampaniyadan faydalanacaq. Koordinasiya Şurasının bu gün qəbul etdiyi qərar belə olub. Büdcədən kifayət qədər pul ayrılıb ki, bu da yaşı 50-dən yuxarı olan bütün insanlara peyvənd olunmağa stimul verəcək. Hələlik bu tədbir yanvar ayına qədər uzadılıb, daha sonra hansı qərar qəbul olunacağı bilinmir ", - deyə Ğibradze bildirib.
Akif Nəsirli