Paşinyanın mesajlarını necə oxuyaq ?
I yazı
Siracəddin Hacı yazır…
1) Ermənistanın mövqeyi
- Paşinyan Moskva görüşünə getmədi, Brüssel görüşü ortaya çıxdı, Putin bu görüşün önəmini azaltmaq üçün təcili Soçi görüşünün olmasını istədi, iki dəfə Paşinyana zəng etdi, bir sıra təminatlar verərək (imzalanacaq bəyanatda Ermənistanın ziyanına heç bir söz olmayacaq, Soçi bəyanatında Azərbaycanın da ziyanına olan ciddi bir söz yoxdur) onu Soçiyə gəlməyə razı saldı, Paşinyan Soçi görüşündən bir imkan kimi istifadə etdi, Ermənistanın mənafelərini sıraladı, Rusiyanın xoşuna gəlməyən sözlər də dedi – ATƏT-in Minsk qrupunun fəallaşmasına ehtiyac olduğunu bildirdi;
- Brüssel görüşündə bir sıra ciddi addımlar atıldı:
a) danışıqların Rusiya formatına alternativ ortaya çıxdı – bu, Azərbaycanın da, Ermənistanın da hərəkət imkanlarını artırdı;
b) Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri savaşdan sonra ilk dəfə üz-üzə görüşdülər – anlaşıldı ki, iki lider heç kimin vasitəçiliyi olmadan da görüşə bilərlər – bu önəmli addım Rusiyanın proseslərdə iştirak payının azaldılmasının mümkünlüyünü göstərdi;
c) Azərbaycan və Ermənistan liderləri Avropa və NATO-nun bir sıra liderləri ilə ikitərəfli görüşlər keçirdilər, ciddi müzakirələr, təkliflər oldu, tərəflər Avropa ilə işbirliyi yönündə önəmli addımlar atmağa təşviq olundular;
d) Paşinyan erməni diasporundan və Fransa liderindən ciddi təminatlar aldı;
- Paşinyan Ermənistana qayıdan kimi Azərbaycana münasibətdə yumşaq bəyanatlar verməyə başladı;
- Paşinyan parlamentdəki müxalifətə təklif etdi ki, Qarabağ məsələsi ilə bağlı qapalı iclas keçirilsin, Rusiyaya bağlı müxalifət onunla razılaşmadı;
- Türkiyə Paşinyanın mövqeyini gücləndirmək qərarına gəldi, Ermənistanla münasibətlərin normallaşdırılması proqramını hazırlamaq üçün özəl elçi təyin etdi, Ermənistan tərəfi də öz elçisini müəyyənləşdirdi;
- Paşinyan Brüssel görüşündən sonra həlledici addım atdı, bəyan etdi ki, Qarabağ məsələsi Azərbaycanın Ana Yasasına uyğun həll olunmalıdır, bunun iki anlamı var:
a) Paşinyan rəsmi olaraq Arsaxın müstəqilliyi ideyasından imtina edir;
b) o, Arsaxa Azərbaycanın tərkibində qalmaq şərti ilə status verilməsini istəyir;
Paşinyan zəlzələ təsiri yaradan bu addımı niyə atdı? Səbəbləri sıralayaq:
- öncə onu deyək ki, bu addım Rusiyaya üsyandır, onun Güney Qafqazla bağlı planlarını pozmaq cəhdidir;
- Paşinyanın bu addımı ABŞ-ın, Avropanın Güney Qafqaz uğrunda Rusiya ilə mübarizəsinin tərkib hissəsidir;
- Paşinyan hakimiyyətə gələndən Ermənistanı Rusiyanın təsirindən çıxarmağa çalışır. Bunu dəqiq bilən Rusiya Paşinyanı devirmək, Ermənistanda siyasi nüfuzunu bərpa etmək üçün dördmərhələli iş gördü (bu mərhələlərin hər birinə aid məqalə yazmışam), savaşa izin verdi, ancaq Paşinyanı devirə bilmədi, indi Rusiyanın Paşinyanı devirmək planının beşinci mərhələsi davam edir. Paşinyanın bəyanatı da Rusiya ilə Ermənistan arasındakı gizli mübarizənin üzə çıxmasıdır. Paşinyan açıq oynamağa çalışır, belə ki, onun uğur qazanmasının tək yolu Rusiya ilə açıq mübarizədir, gizli oyun Rusiyanın xeyrinədir;
- Paşinyan savaşda məğlub olsa da, erməni xalqı onu yenidən seçdi, səbəblər bunlardır:
a) erməni xalqı dedi ki, Rusiya bizi satdı, o, bizə müttəfiq kimi deyil, kölə kimi baxır, bizdən istifadə edir;
b) Paşinyanın qarşısında olan namizədlər birbaşa Rusiyaya bağlı idilər, haramla, rüşvətlə, zülmlə nüfuzlarını itirmişdilər;
c) erməni xalqı Rusiya ilə birgə olmağın ədalətə, azadlığa, inkişafa, elmə, rifaha yol açmayacağını bilir;
d) erməni xalqı Avropa ilə birgə hərəkət etmək qərarı vermişdir; Nəticədə, Rusiya anladı ki, seçki yolu ilə Ermənistana hakim olmaq imkansızdır, ona görə də Ermənistanda hərbi varlığını artırmağa başladı;
- Paşinyan bilir, Rusiyanın Güney Qafqazda zəifləməsini istəyən böyük güclər də onu inandırır ki, təkcə Ermənistanın deyil, onun hakimiyyətinin taleyi də Türkiyə, Azərbaycan, Avropa, Amerika ilə münasibətlərin qurulmasına, Rusiyanın təsir məkanından uzaqlaşmağa bağlıdır;
- Ermənistan və Paşinyan Rusiyanın təsir məkanından bəlli ölçüdə uzaqlaşmaq istəyirsə, ilk sırada Azərbaycanla münasibətləri normallaşdırmalı, Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Arsaxın müstəqilliyi ideyasından əl çəkməli, barışa yönəlməlidir, belə ki, münaqişənin davam etməsi Rusiyanın xeyrinədir, onu gücləndirir;
- Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurulsa, Rusiyanın təsir imkanı azalacaq, nəticədə, Ermənistan və Paşinyan hakimiyyəti nəfəs almaq imkanı qazanacaq;
- Paşinyan bu çox önəmli addımı ona görə ata bildi ki, erməni xalqının halını bilir, bu xalq: - a) savaşda ağır zərbə almışdır;
- b) övladlarını Qarabağ uğrunda yeni savaşda qurban vermək istəmir;
- c) savaşla bir şey əldə edəcəyinə inanmır;
- d) savaşa qarşıdır – elə buna görə də Paşinyana səs vermişdir;
- e) Rusiyaya güvənini itirmişdir;
- ə) Avropa ilə bir arada olmaq istəyir – inkişafın yolu budur deyir;
- i) elə bu səbəblərə görə də haramlara bulaşmamış Paşinyanı dəstəkləyir;
- Paşinyan bu addımı ona görə ata bildi ki: - a) onu xalq seçib;
- b) hakimiyyətinin taleyi həll olunur – Rusiyanın onunla bağlı planlarını bilir;
- c) Avropa, Amerika və erməni diasporundan güclü dəstək alır;
- d) onu devirmək istəyən Rusiyanı qabaqlamağa çalışır;
Ardı var...
Paralel.az