Könül Nurullayeva: “Azərbaycanda ordu quruculuğunda yeni mərhələ başlayıb”
Prezident İlham Əliyev hər zaman öz doğum günündə sosial obyektlərin açılışında iştirak edir, cəmiyyətimizdə həssas qrupun üzvləri ilə görüşürdü. Bu dəfə isə Ali Baş Komadan İlham Əliyev öz doğum gününü azad Qarabağda qeyd etdi.
Azad Qarabağdan əhəmiyyətli mesajlar verdi. Dövlət başçımızın da söylədiyi kimi, Vətən müharibəsindən sonra əldə etdiyimiz böyük qələbədən sonra Azərbaycanın gücü, nüfuzu və təsir dairəsi kifayət qədər genişlənib. Prezident 60 illik yubileyində tarixi torpaqlarımıza səfər edərək müzəffər Azərbaycan ordusunun yanında oldu. Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi yeni silahlı birləşmə olan Komando Briqadasının hərbi hissəsinin açılışında iştirak etməklə Silahlı Qüvvələrimiz qarşısında yeni vəzifələr qoydu. İkinci Qarabağ savaşından sonra bölgədə sülhü təmin edən Azərbaycan təhlükəsizliyin təmin olunmasında da mühüm rol oynayır. Müharibədən sonra ordu quruculuğu prosesi dayanmayıb, orduya ayrılan xərclər azalmayıb, əksinə, artıb. Bir sözlə, ordu quruculuğu sahəsində son illərdə atılan ardıcıl addımlar müharibədən sonra daha da intensivləşib. Artıq tam yeni mərhələ başlayıb. Yeni nəsil müharibənin qalibi olan ordumuz üçün yeni prioritetlər müəyyənləşib.
“Müharibə bizim üçün əvəzolunmaz təcrübə idi. Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Bax, bu gün Hadrutda bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komando Briqadasının yaradılması bizim üçün yenilikdir” deyən ali baş komandan bəyan etdi ki, bu birliklərin sayı artırılacaq. Bu, həm də Ermənistanda revanşistlərə bir xəbərdarlıq idi. Dövlət başçımızın da söylədiyi kimi, “indi də Ermənistanda əgər kimsə revanş haqqında düşünürsə, əgər kimsə düşünür ki, bir neçə ildən sonra vəziyyət dəyişəcək, nəsə baş verəcək və yenidən onların hərbi imkanı yaranacaq və onlar yenidən bizə ərazi iddiası ilə çıxış edəcəklər, bəri başdan bilsinlər, biz heç nəyi gözləməyəcəyik, heç kim bizi dayandıra bilməz, heç nəyə baxmadan lazımi addımları atacağıq. Bunu etmək üçün siyasi iradəmiz də, gücümüz də var.Ermənistan rəhbərliyi bu xəbərdarlıqlardan nəticə çıxarmalı və revanşist meyllərdən əl çəkməlidir".
Züleyxa