Bəqərə surəsinin mesajları-IX yazı

Bəqərə surəsinin mesajları-IX yazı
 

Siracəddin Hacı

(əvvəli ötən sayımızda)
 
Qurani-Kərimə görə:
- qeybi ancaq Allah bilir; (Ənam, 6/59; Yunus, 10/20; Nəhl, 16/177)
- göylərdə və yer üzündə olan heç bir varlıq qeybi bilməz; (Nəml, 27/65; Cin, 72/266)
- elçilər qeybi bilməzlər, (Şuara, 26/112) hz.Aişə belə buyurur: “Kim Allah Rəsulunun qeybi bildiyini söylərsə, yalan söyləmiş olar, çünki O, qeybi uca Allahdan başqa kimsənin bilmədiyini bəyan etmişdir”.
Qeyb aləmi elə bir sahədir ki, onu elmi dəlillərlə bilmək, sübut etmək mümkün deyil.
Bəqərə surəsinin üçüncü ayəsindəki “qeyb” sözü duyğuların qavraya bilmədiyi, ağılın əhatə etməsi mümkün olmayan şeylər anlamındadır.
Bir sıra alimlər deyir ki, ayədəki “qeyb” sözü Qurani-Kərimə işarə edir. Qeybin  qədər olduğunu yazan alimlər də var. Başqa bir görüşə görə isə ayə belə oxunmalıdır: “Onlar yanınızda (möminlərin yanında) olmadıqları zaman da inanırlar və uca Allahın bu sözlərlə tanıtdığı münafiqlər kimi deyillər: “Möminlərlə üz-üzə gələndə “inandıq” deyərlər. Şeytanları ilə baş-başa qalanda isə biz sizinlə bərabərik, onları (möminləri) sadəcə ələ salırıq deyərlər”. (Bəqərə, 2/14)
Bu ayələrdə “qeyb” sözü duyğuların qavramadığı, ağılın dərk etmədiyi şeylər mənasındadır:
“Sən ancaq görmədən Rəbbindən qorxanları, namaz qılanları xəbərdar edə bilərsən” (Fatır, 35/18).
“Görmədiyi halda Rəhmandan qorxan...” (Qaf, 50/33).
“Göylərdə və yerdə olan bilinməzlərin bilgisi Allaha aiddir” (Nəhl, 16/77).
“O, görülməyəni bilir?” (Məryəm, 19/78)
“Allah gizli bilgisini kimsəyə göstərməz” (Cin, 72/26).
“De ki, göylərdə və yerdə Allahdan başqa kimsə qeybi bilməz” (Nəml, 27/65).
“Bunlar sənə vəhy yolu ilə bildirdiyimiz qeyb aləminə aid xəbərlərdir” (Ali-İmran, 3/44).
“Allah sizi qeybin xəbərlərinə qovuşduracaq deyil” (Ali-İmran, 3/179).
“Heç şübhəsiz, Sən (Allah) qeybləri bilənsən” (Maidə, 5/109).
“De ki, şübhəsiz, Rəbbim gerçəyi ortaya qoyar. O, qeybləri çox yaxşı biləndir” (Səbə, 34/48).
Qurani-Kərimdə qeybin üç sahəsi (mövzusu) var:
a) metafizik (ilahlıq aləmi) – uca Allahın zatını kimsə bilməz;
b) metafizik məkanla insan arasında qurulan əlaqə - vəhy/elçilik, Allah Rəsulu vəhyi alır (nəbi), onu insanlara çatdırır (rəsul). Vəhyin mahiyyəti qeybdir;
c) dünyanın sonu və axirətlə bağlı bilgi – dünyanın sonu və axirətlə bağlı bilgilər qeybə aiddir;
“Qeyb” sözünə bu anlamlar verilmişdir:
- gözlə görülməyən, göz önündə olmayan, gizlilik, içində nə olduğu bilinməyən məkan, arxasında nə olduğu bilinməyən yer; (Taberi, Camiul-Beyan, c.I, s. 102; İbn Faris, Mucemu mekayisil-luğa, c.IV, s. 403)
- yolçuluq, yolçuluğa çıxmaq, çuxur ərazi, ayrılmaq, qopmaq, bağı kəsilmək, batmaq (Günəş və ulduzların batması); (Ezheri, Tehzibul-luğa, c.VIII, s. 214-215)
- ərini, ya da ailəsindən birini itirən qadın (məğibət); (İbn Faris, Mucəmu mekayisil-luğa, c.IV, s. 403)
- ağacın kökləri (ğəyyab); (Ezheri, c.VIII, s. 214)
- Günəş görməyən bitkilər (ğəyban); (İbn Faris, c.IV, s. 403)
- bir şeyin dibi, dərinliyi (ğəyabət); (İbn Faris, c.IV, s. 403)
- bir şeyi örtən, gizləyən şey, onu örtən çuxur (ğəyabət); (İbn Faris, c.IV, s. 403)
- sıx ağaclı orman (yuxarıdan baxanda dibi görünmür, gizli qalır, insan o meşənin içində itir, qeyb olur); (Halil bin Ahmed, Kitabul-ayn, s. 619)
- şübhə; (Halil bin Ahmed, Kitabul-ayn, s. 619)
- quyunun dərinlikləri, dibi, qaranlıq yeri; (İbn Faris, Mucəmu mekayisil-luğa, c.IV, s. 403)
- birinin arxasınca danışmaq (qeybət); (İbn Faris, Mucəmu mekayisil-luğa, c.IV, s. 403)
Yuxarıdakı anlamların ortaq nöqtələri bunlardır: gizlilik, görünməzlik, göz önündə olmamaq, qəti bilinməmək. Bu hallar qeyb olanla deyil, insanla bağlıdır, yəni qeyb adlandırılan varlıqlar var, ancaq insanın onları görməsi, qavraması mümkün deyil.
Cahiliyyə ərəblərin qeyb təsəvvürü bu ölçülərə uyğun idi:
- yolçuluq zamanı, ya da bir vadidə olanda: “Vadinin böyüyünə - sahibinə sığınırıq”, - deyirdilər;
- kahinlərin, şairlərin şeytanlarının olduğuna, bu şeytanların oğurladıqları bilgiləri onlara çatdırdıqlarına inanırdılar;
- kahinlər də bu bilgilərlə gələcəkdən xəbər verirdilər;
- cinlər vasitəsi ilə qeybdən xəbər verirdilər;
- hər şairin ona ilham verən bir cini var idi, bu cinlərə ad verirdilər;
- onlar Allah Rəsuluna vəhy gələndə ona kahin dedilər, vəhyi şeir (qafiyəli nəsr) adlandırdılar;
- onlara görə, insana ancaq cinlər xəbər verə bilər;
- deyirdilər ki, uca Allahla cinlər arasında soy əlaqəsi var. Qurani-Kərim buna işarə edir: “Allahla cinlər arasında soy bağı olduğunu qəbul etdilər”; (Saffat, 37/158)
- kahinlər cinləri ilə əlaqə zamanı tərləyir, fiziki dəyişikliklərə məruz qalırdılar;
- Allah Rəsulunun bir cin tərəfindən ələ keçirildiyini söyləyirdilər;
- onlar görünməyən varlıqların olduğuna inanırdılar, bu varlıqlarla bağlı bilgilərin cin və şeytanlardan öyrənildiyini zənn edirdilər;
- deyirdilər ki, qeyb aləmi var və qeybi bilgilərin qaynağı cin və şeytanlardır;
- cahiliyyə toplumlarında kahin və şairlərin mövqeyi çox güclü idi; (Din dilinde gayb, Çalıştay sempozyum kitaplığı, İstanbul, 2015, s. 120-121)
Ayədəki qeyb anlayışının mətnə daxil edilməsinin ən önəmli səbəblərindən biri cahiliyyənin qeyb təsəvvürünü rədd edib, onun yerinə qeybin həqiqi anlamını qoymaqdır. Qeyb var, onun bilgisi ancaq və ancaq Allaha aiddir, qeybi bilən bir varlıq var, O da Allahdır hökmü cahiliyyənin qeyb təsəvvürünü yıxdı, insanları kölələşdirən şirki alt-üst etdi.
Qurani-Kərimdə qeyb anlayışı bu anlamları daşıyır:
- gələcək; (Qələm, 68/47)
- gələcəkdə nə olacağının bilgisi, olacağı bilmək; (Nəml, 27/65, 75; Ənam, 6/73; Ali-İmran, 3/179)
- dünya həyatında olacaq əzab; (Yunus, 10/20)
- axirətdəki vəziyyət; (Nəcm, 53/35)
- dirilmə; (Nəml, 27/65)
- olacaqlar / baş verəcəklər; (Əraf, 7/188)
- əzabın nə zaman gələcəyi; (Yunus, 10/20)
- qiyamət; (Nəml, 27/65; Nəhl, 26/77)
- lövh-məhfuz; (Tur, 52/41; Məryəm, 19/78)
- görünməyənin / bilinməyənin bilgisi; (Qələm, 68/47; Səcdə, 32/6)
- gizli edilən işlər; (Hucurat, 49/18)
- göylərdəki və yerdəkilərin sirləri; (Hucurat, 49/18)
- göyün və bilinməyənin xəbəri; (Kəhf, 18/26)
- olmuş və olacaqlar; (Həşr, 59/22)
- uca Allahın qərar və işləri; (Yunus, 10/20)
- görmədiyimiz hadisə və vəziyyətlər; (Ənam, 6/73)
- insanların etdikləri; (Hucurat, 49/18)
- göylərdə və yerdəki bilinməyənlər; (Hud, 11/123; Fatır, 35/38)
- insanların qəlblərindən keçirdikləri; (Hud, 11/31)
- görünməyən / bilinməyən; (Fatır, 35/38)
- göylərin və yerlərin sirri; (Hucurat, 49/18)
- göyün xəbəri; (Təkvir, 81/24)
- öncəki kitabların verdiyi bilgi; (Nəcm, 53/35-36)
- keçmiş hadisələr; (Yusuf, 12/102)
- sirr / gizli olan; (Cin, 72/26)
- keçmiş və gələcək hadisələr; (Möminun, 23/92)
- əzab; (Nəml, 27/20, 75)
- möcüzə; (Yunus, 10/20)
- iman; (Səbə, 34/53)
- zənn; (Səbə, 34/53; Kəhf, 18/22)
- uzaqlaşmaq, ayrılmaq, qurtulmaq; (İnfitar, 82/16)
- insanların iç dünyaları; (Ali-İmran, 3/179)
- göylər və yerdəkilərin içlərindən keçənlər; (Hucurat, 49/18; Qeyd: “qeyb” anlayışının Qurani-Kərimdəki anlamları ilə bağlı geniş bilgi üçün baxın: Prof. dr. Halis Albayrak “Kuranda gayb kelimesi üzerine kronolojik bir okuma”, Din dilinde gayb, s. 119-156)
Bu bölmədən çıxan nəticələr var: qeybin bilgisi uca Allaha aiddir, elçilər qeybi bilməzlər, cinlərin qeybdən bilgi almaq imkanı yoxdur, qeybə aid bilgilər ancaq bir yolla - vəhylə verilər.
Bəqərə surəsinin şərh etdiyimiz üçüncü ayəsindəki “qeyb” / “bilğayb” anlayışına təfsir alimləri bu anlamları yükləmişlər:
- vəhy (İbn Abbas, İbn Cüreyc);
- Qurani-Kərim (Mukatil);
- Allah;
- Allahdan gələn;
- mələklər;
- elçilər;
- axirət;
- cənnət;
- cəhənnəm;
- hesab;
- qədər (Zeyd bin Əsləm, İbn Keysan);
- Qurani-Kərimdə olan qeybi bilgilər;
Bir sıra təfsir alimləri “bilğayb” sözünə bu mənaları vermişlər: birincisi, insanın inanılacaq varlıqları görmədiyi halda onlara inanması, ikincisi, insanların təkbaşına qaldıqlarında da iman etmələri (Huvvari, Məkki, Zəməxşəri, Nəsəfi, Əbu Hayyan, İbn Kəsir, Əbussuud, Tusi, İbn Atiyyə, Rağib əl-İsfahani, Nisaburi, Razi, Kurtubi, Beydavi, İbn Cuzey, Sələbi, Alusi, İbn Aşur, Elmalılı Hamdi Yazır...)
Uca Allah ayədə (Bəqərə, 2/3) möminləri münafiqlərdən ayırır, onlar münafiqlərdən fərqli olaraq başqaları ilə birlikdə olanda da, təkbaşına qalanda da iman edirlər.
Uca Allah Qurani-Kərimdə qeybə bağlı bu məsələləri israrla vurğulayır:
- müşriklərin qeyblə bağlı qaynağı yoxdur;
- Allah Rəsulunun güvənilir xəbər qaynağı var, O, vəhy mələyi vasitəsi ilə uca Allahdan xəbər alır;
- müşriklər qeybi bilmirlər;
- vəhyin qaynağı qeybi bilən Allahdır;
- görünməyəni bilən uca Allahdır;
- uca Allah qeyb məsələsində də mütləq iqtidar sahibidir;
- cinlər qeybi bilmir (Qurani-Kərimin qaynağı cinlər deyil);
- heç bir insan qeybi bilməz;
- uca Allah kainatda olan hər şeyi bilir;
- uca Allah qeyblə bağlı bilgiləri ancaq vəhylə bildirir;
- hər şeyin iç üzünü, həqiqətini ancaq və ancaq uca Allah bilir;
- vəhyin qaynağı qeybi bilən, kainatın yeganə hakimi uca Allahdır;
- mələklər qeybi bilmir;
- hər şeyi bilən bir varlıq var, O da uca Allahdır;
- elçilər qeybi bilməzlər;
- yaradan və idarə edən hər şeyi bilir;
- bilgi gücdür, hakimiyyət hər şeyi bilənin əlindədir;
- bilgidə tək hakimiyyət uca Allaha aiddir;
- vəhyin verdiyi bilgi yüzdə yüz doğrudur, içində şübhə yoxdur;
- bilgidə uca Allahın ortağı yoxdur;
- kitab əhli (xristian və yəhudilər) etibarlı bilgiyə sahib deyil;
- əşyanın həqiqətini bilən uca Allahdır;
Bu təsbitlərdən çıxan nəticələr var: Qurani-Kərimdə “qeyb” sözü önəmli anlayışların izahı üçün vasitədir. Nübüvvət (peyğəmbərlik), vəhy, uca Allahın hər şeyi bilməsi, tövhid (la ilahə illallah) bu anlayışlar sırasında yer tutur. İnsanın qeybi bilmək adlı vəzifəsi yoxdur. Onun vəzifəsi qeybə iman etməkdir.
Uca Allahın qeyb anlayışı ilə inşa etmək istədiyi bircə inanc sistemi var, o da tövhiddir, O, tövhid inancına zidd olan hər növ qeyb anlayışını rədd edir, yerinə doğru qeyb təsəvvürü qoyur.
İmam Əbu Hənifə buyurur: “Kim vəhy olmadan qəlblərdə gizli olanı bildiyini iddia edərsə, aləmlərin Rəbbinə aid olan elmə sahib olduğunu iddia etmiş olar”.
İmam Maturidi buyurur: “Qeybi bilmək rububiyyət və uluhiyyət məqamına aid məsələdir. Kim qeybi bilmirsə, o, Rəbb deyil, Rəbbin yaratdığı bir varlıqdır”.
Ardı var...

0.018550872802734