Rusiyanın Ukrayna siyasətinin əsasları
Siracəddin Hacı yazır...
I Yazı
- Putin SSRİ-nin dağılmasını XX yüzilliyin ən böyük fəlakəti sayır, səbəb də budur: a) Rusiya dünyadakı əvvəlki ağalıq imkanını önəmli ölçüdə itirmişdir, dünya ağalığı iddiasında olan Putin də bununla barışmır; b) ayrı-ayrı etnik, dini, mədəni hissələrdən təşkil olunmuş Rusiya öz iç bütünlüyünü yayılma – ona aid olmayan əraziləri tutma hesabına təmin etdiyindən işğal bölgələri daraldıqca bu ölkənin iç bütövlüyü də pozulma təhlükəsi ilə üzləşir;
- Rusiyanı idarə edən elitanın düşüncəsinə bu anlayış hakimdir: Rusiya ətraf (ona aid olmayan bölgələr) olmadan yaşaya, bütövlüyünü qoruya bilməz, Rusiyanın təhlükəsizliyi Rusiyanın sınırlarından kənarda başlayır;
- təbii ki, dünya ağalığı iddiasında olan Rusiya SSRİ-nin dağılmasını qəbul etmir, bütün gücü ilə çalışır ki, hansı adla olursa olsun, bu dövləti bərpa etsin (son məlumat da budur ki, Rusiya Dövlət Duması SSRİ-nin ləğv edilməsinin qanunsuz olduğu ilə bağlı sənəd qəbul etməyə hazırlaşır);
- Rusiyanın Ukraynaya, Moldovaya, Güney Qafqaza, Türkistana, eləcə də dünyanın bir sıra başqa bölgələrinə (bütövlükdə dünyaya) münasibətinin əsasında ağalıq anlayışı var;
- o, müstəqil və suveren Ukrayna dövlətinin varlığını qəbul etmir, bu ölkə üzərində ağalığının təmin olunmasını həlledici məsələ sayır;
- Rusiya Ukraynaya hakim olmaq siyasətini gerçəkləşdirmək üçün çoxyönlü – siyasi, diplomatik, iqtisadi, ideoloji, hərbi iş görür;
- Putin Ukrayna ilə bağlı bir kitab yazdı (yazdırdı), bu kitabın üç önəmli tezisi var: a) Ukrayna süni dövlətdir, tarixdə belə bir dövlət olmayıb, tarixi əsası olmayan dövlət yaşaya bilməz, dolayısı ilə Ukrayna adlanan ərazi Rusiya torpağıdır; b) Ukrayna xalqı anlayışı da sünidir – qondarmadır, tarixdə belə bir xalq yoxdur, yəni biz eyni xalqıq, rusuq, slavyanıq, bir dövlətdə yaşamalıyıq; c) bizim üçün zəruri olan slavyan birliyidir – bu birlik təmin olunsa, başqa xalqlar üzərində hökmranlığın önü açılacaq, slavyanlar dünyanın ən önəmli gücünə çevriləcək;
- Rusiya deyir ki, Ukrayna müstəqil dövlət kimi yaşasa: a) Avropa, Amerika, NATO Rusiyanın sərhədinə yerləşəcək, ballistik raketlərin Moskvaya çatması üçün 5-8 dəqiqəyə ehtiyac olacaq; b) Ukrayna insan haqlarına bağlı dövlət olsa, bu anlayış onu gücləndirəcək, diktatorluğa bağlı Rusiyada azadlıq, ədalət, inkişaf tələbləri artacaq, həm Rusiyanın, həm də Putinin hakimiyyətinin mənafeyi üçün təhlükələr ortaya çıxacaq; c) Rusiya Ukraynada Avropaya, ABŞ-a, NATO-ya məğlub olsa, Güney Qafqaz və Türkistanda da eyni aqibətlə üzləşəcək;
- Rusiyanın Ukraynaya münasibətinin ideoloji əsaslarını təbliğ edən, birbaşa Kremlə bağlı media: a) slavyan birliyi anlayışını önə çıxarır; b) Ukrayna xalqını iki yerə ayırır: rusdillilər, rusdilli olmayanlar. Məqsəd Ukraynanın iç bütövlüyünü pozmaq, ölkəni parçalamaq üçün zəmin hazırlamaq, nifrət, düşmənlik, qarşıdurma vasitəsi ilə Ukraynanı zəiflətmək, zəruri olarsa, Rusiyanın rusdilliləri qorumaq adı altında Ukraynaya hərbi müdaxiləsinin yolunu açmaqdır – Putin deyir ki, Ukraynada rusdillilərə qarşı soyqırımı siyasəti tətbiq olunur; c) Rusiya kütləvi informasiya vasitələri (təbii ki, istisnalar var) utanmadan, həyasızcasına Ukrayna dövlətini, müstəqil və suveren yaşamaq istəyən Ukrayna xalqını təhqir, təhdid edir, siz Rusiyadan ayrı yaşaya bilməzsiniz deyir, Ukraynanın Rusiya torpağı olduğunu açıq biçimdə söyləyir, Ukrayna xalqına öz dövləti, gələcəyi, inkişafı ilə bağlı ümidsizlik aşılayır, total qorxutma siyasəti həyata keçirir;
Ardı var...
Paralel.az