Könüllü pul yığımı yoxsa, rüşvətin leqallaşması
Azərbaycanda rüşvətxorluğun yüksələn xətlə davam etməsi prezident səviyyəsində dəfələrlə dilə gətirilsə də, bunu heç kimə nə sübut etmək olur, ya da kimsə bunu etiraf edir. Nəhayət, bir dövlət məmuru Azərbaycan reallığını olduğu kimi etiraf etdi. Sözün açığı, bunun özü də böyük irəliləyişdir. Dövlətin müəllimlərin maaşlarının artırılması barədə qərarından sonra açıqlama verən təhsil naziri Emin Əmrullayev etiraf edib ki, məktəblərdə pul yığımı məsələsindən xəbəri var və onun oxuduğu illərdə də, belə hallar olub. Nazir onu da qeyd edib ki, bu könüllü olmalıdır, valideynlərin imkanı varsa, məktəbə yardım etməsinə pis baxmır. Çox gözəl, çox pakizə...
Mənə görə isə bu, o deməkdir ki, dövlət artıq bu neqativ halların qarşısını ala bilmir və onu könüllülük adı ilə leqallaşdırmaq qərarına gəlib. Bu necə baş verəcək, müəllim bütün sinif qarşısında elan edəcək ki, "uşaqlar sabah hamınız məktəbə 3-5-10 manat pul gətirməlisiniz". Sinifdəki bir-iki uşağın isə diqqətinə çatdırır ki, " bilirəm, sizin belə imkanınız yoxdur, kasıb dolanırsınız, pul gətirməsəniz də olar". Uşaq da axşam evdə məktəbdə olanları atasına danışır, ata utandığından bilmir nə etsin, gedib 5-10 manat borc tapıb, övladı ilə məktəbə göndərir ki, uşaq sinif yoldaşları qarşısında pərt olmasın. Təhsil naziri isə deyir ki, buna pis baxmır, amma könüllülük prinsipinin pozulmaması şərti ilə. Bax, burada "xoruzun quyruğu" görünür. Rüşvəti müəyyən edə bilməyən dövlət, könüllülük prinsipinin pozuluğ-pozulmadığını necə müəyyən edəcək?
Yuxarıda qeyd etdiyim epizod da, azərbaycansayağı könüllülüyün bir formasıdır və bugün səhiyyə, hüquq-mühafizə, təhsil və digər dövlət qurumlarında geniş tətbiq olunur.
Görünəni odur ki, hələ mərhum prezident Heydər Əliyevin dönəmindən başlayan rüşvətxorluğu qarşı mübarizə, sonda onun müxtəlif üsullarla leqallaşdırılması ilə nəticələnir.
Çünki dövlət müəssisələrinin publik şəxs kimi fəaliyyət göstərmələrini də, rüşvətin leqallaşdırılması kimi qəbul edirəm. Məsələn, xəstəxanalarda, məktəblərdə, uşaq bağçalarında əvvəllər çəkinə-çəkinə pul alırdılarsa, publik şəxs olduqlarında, pulu həyasızcasına tələb edirlər. Proses bu templə davam edərsə, yaxın gələcəkdə ölkəmizdə bütün dövlət müəssisələri publik şəxs olacaq, yaxud da könüllü (könüllü-məcburi) verilən pul, rüşvət hesab olunmayacaq. Bununla da, ölkəmizdə rüşvətxorluğa son qoyulacaq. Nazir E.Əmrullayevin son açıqlaması, məhz bunu deməyə əsas verir.
Əgər uşağınızı bağçaya qoymaq istəsəniz və onun publik şəxs olduğunu eşitsəniz, təəccüblənməyin, yaxud da hər hansı bir məktəbin qarşısında flan nömrəli tam orta məktəbi publik şəxs sözlərini oxusanız, hər zaman tələb olunan pulları verməyə hazır olmalısınız və bu rüşvət sayılmayacaq.
Görəcək günlərimiz varmış millət. Bir müddət sonra polis şöbələri, məhkəmələr, icra hakimiyyətləri, bələdiyyələr, çox ola bilsin ki, Nazirlər Kabineti və Milli Məclis də, publik şəxs kimi fəaliyyət göstərməyə başlasın.
Təxminən 10-15 il əvvəl bir yazımda qeyd etmişdim ki, Azərbaycan yaşamaq üçün mükəmməl bir ölkədir, təki rüşvət verməyə pulun olsun. Onda hələ publik şəxs, könüllü pul yığma kimi üsullar dəbdə deyildi. Rüşvəti dədə-baba üsulu ilə "hörmət" adı ilə alıb-verirdilər. İndi isə heç nədən qormadan rüşvət ala-verə bilirsən. Bir şərtlə ki, alan ya könüllü ianə adı ilə alsın, ya da publik şəxs olsun.
Yusif