Şəhidlik zirvəsinə ucalan qəhrəman
İkinci Qarabağ müharibəsində 30 il Vətən torpaqlarını əsarətdə saxlaya yağı düşmənə qan qusdurub tarix yazan igidlərdən biri də Xüsusi Təyinatlı Qüvvələrin əsgəri Cəfər Babacəfər oğlu Cəfərlidir. Adı xalqın dilində qəhrəmanlıq dastanına dönən Cəfər 1999-cu ildə Yardımlı rayonu, Avun kəndində dünyaya göz açmışdır. Bu Vətən sevdalısı müstəqil həyatına başlayanda vətənsevərliyi, doğma torpağa məhəbbəti, el-obaya bağlılığı yaşadığı cəmiyyətdə ona böyük hörmət gətirir. Əməlləri, insanlara təmənnasız münasibəti nə qədər Cəfərə xoş günlər gətirsə də, işğal altında olan Qarabağ torpaqları ona rahatlıq vermir. Vətən, torpaq sevgisi ilə qəlbi döyünən gənc 2018-ci ildə Milli Ordu sıralarına gedir. Doğma Azərbaycana olan övladlıq borcunu ləyaqətlə yerinə yetirir, məqamı gələndə onun yolunda canından-qanından keçməyə həmişə hazır durur. Vətən torpaqlarının hər qarışını azad görmək də Cəfərin əsas amalı olur. Əsgərliyi başa vuranda elə əzəli yurd yerimiz olan Qarabağı işğal altında saxlayan erməni faşistlərdən qisas almaq məqsədilə hərb yolunu seçir və özünü Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə yazdırır.
Nəhayət, 2020-ci ilin 27 sentyabrında başlanan İkinci Qarabağ müharibəsi Cəfəri istəyinə çatdırır. Qəlbində Vətən sevgisi, düşmənə nifrət hissi odun-alovun içinə atılır və yaşının çərçivəsinə sığmayan bir qəhrəmanlıqla adını əbədi olaraq tarixə yazır. İgid əsgər Kəlbəcərdə, Cəbrayılda, Füzulidə, Qubadlıda, Xocavəndə, Şuşada düşmənə qan uddurur, neçə-neçə canlı qüvvəsini, hərbi texnikasını məhv edir. Döyüşlərin birində yaralansa da, müalicəsini yarımçıq qoyaraq yenidən cəbhəyə qayıdır. Erməni faşistlərinə matəm libasını biçməkdə Vətən məhəbbəti Cəfərə güc-qüvvət verir. Müqəddəs Qarabağ torpaqların hər qarışı uğrunda son nəfəsədək mərdliklə vuruşur. Zəfərimizə beş gün qalmış Kəlbəcər-Şuşa istiqamətində gedən döyüşdə şəhadətə yüksəlir.
Qisa ömrünü qəhrəmanlıqla, mərdliklə başa vuran Cəfər milyonların ürəyində özünə əbədi məkan qurub. Həm də dayandığı qeyrət zirvəsindən boya-başa çatdığı el-obaya qürurlu bir ad bəxş edir. Ölümündən sonra dövlət tərəfindən Cəfərə verilən “Azərbaycan bayrağı” ordeni, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, Şuşanın, Cəbrayılın, Füzulinin, Xocavəndin, Kəlbəcərin azad olmasına görə medalları bir daha onu Vətəninə sədaqətli, layiqli övlad kimi insanların gözündə ucaldır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü