10 ildir ki həllini tapmayan sürüşmə problemi

10 ildir ki həllini tapmayan sürüşmə problemi
 

 

Biləcəridə yaranan sürüşmə səbəbindən sakinlərin həyatı təhlükədədir

Bakı şəhəri, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, döngə 3, ev 13 ünvanında 2011-ci il avqust ayından sürüşmə prosesi gedir. 10 ildir ki, məsələ ilə bağlı müxtəlif əlaqədar təşkilatlara – Binəqədi rayon İcra Hakimiyyətinə, Biləcəri qəsəbə nümayəndəliyinə, Fövqəladə Hallar Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə, İnsan Haqları üzrə Ombudsman Elmira Süleymanovaya, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və s. qurumlara  müraciətlər olunmasına baxmayaraq, evin təmiri və ya vətəndaşların başqa bir ünvana köçürülməsi ilə bağlı heç bir tədbir görülməyib. Qeyd etmək istərdim ki, atam və anam (Abbasov Cabbar Həmid oğlu və Abbasova Elmira Məcid qızı) 2013-cü ildə ürək tutmasından dünyalarını dəyişiblər. Qeydiyyata olan bacım Nayibzadə Elnarə Cabbar qizi da 2021-ci ilin avqustunda koronavirus səbəbindən dünyasını dəyişib. Yaranmış vəziyyət onların səhhətində özünü kəskin dərəcədə göstərə bildi.

Nəzərinizə çatdırmaq istəyirəm ki, yuxarıda adları çəkilən qurumların bizim ünvanda təbii sürüşmənin olması barədə rəyləri var.

Bir haşiyə cıxım.  2004-cü ildə biz bu ünvana köçdüyümüz vaxtlarda Biləcəri Qəsəbə nümayəndəliyində o vaxtlar mühəndis kimi işləyən Osman Qasımov bizdən aldığı 1000 (min manat) rüşvətin müqabilində Binəqədi rayon məhkəməsinin qərarı ilə bizim ailə üzvlərini qeyd edilən ünvana qeydiyyata saldı. Məsələ ilə bağlı Bakı şəhər Baş Prokurorluğunun Korrupsiya ilə Mübarizə İdarəsinə müraciət etsək də, O.Qasımov bu məsələdən boyun qaçıraraq heç bir rüşvət almadığını dedi. Səbəb kimi isə əlimizdə heç bir sübutun olmadığını göstərdi. Bəs belə olan halda məhkəmə qərarını hardan əldə etmişik? Təbii ki, sizə verilən rüşvətin müqabilində, yoldaş O.Qasımov. Məsələ ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətində hüquqşünas Vüsalə xanımla görüşüb evin qəzalı olması ilə bağlı zəruri sənədləri ona təqdim etdim. Hətta məndən rüşvətin verilməsi barədə əlimdə sübutum olmadığını da dilə gətirdi. Vüsalə xanım, burdan demək istəyirəm ki, sübut bizim əlimizdəki məhkəmə qərarıdır. Bir sözlə, məni arxayın edib, rəhbərliyə məruzə edəcəyini dedi. Amma bu müraciətlə bağlı Binəqədi RİH-dən dekabrın 17-də bizim ünvana daxil olan məktubda deyilir: “Qəzalı vəziyyətdə olan evinizin (özləri də etiraf edir ki, ev qəzalıdır – red.) təmir olunmasına və ya həmin evdən köçürülməyinizə köməklik göstərilməsi ilə bağlı bildirirk ki, Binəqədi RİH-nin balansında boş mənzil olmadığından və vətəndaşların yaşadıqları evlərin təmiri üçün RİH-ə vəsait ayrılmadığında sizə köməklik göstərilməsi mümkün deyildir. İmza Binəqədi RİH müavini Sevinc Süleymanova”.

Vətəndaş olaraq, ölkə başçısı cənab Ali Baş Komandan, Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirəm. Mənim bu məsələdə bir ana və bir ziyalı olaraq əlaqədar təşkilatlara etdiyim müraciətlərə baxılmır. Sizdən artıq dərəcədə xahiş edirəm mənim səsimə səs verin, köməkliyinizi əsirgəməyin!!!

Hörmətlə və ehtiramla,

Yazıçı-publisist, Səadət Sultan (Abbasova)

Paralel.az

0.00862717628479