Bəlkə rüşvətxor və büdcəgirin biridir ?!

Bəlkə rüşvətxor və büdcəgirin biridir ?!
 

 


İdris Abbasov

 

Adama "savadlı" deyib vəzifə verirlər. Nə olsun ki, savadlıdır? Bəlkə milləti düşünməyən, vəzifə məsuliyyətini dərk etməyən alçaqdır, ya mənəviyyatsız və binamusdur? Bəlkə himnimizdəki "Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə" ifadələrinə əməlində qəşş edib gülən talançı, cibgir və büdcəgir bir qurumsaqdır? Elələrini nazir, Baş həkim, Baş direktor, məktəb direktoru, bağça müdiri, rektor, prorektor, administrasiya rəhbəri, departament şefi və s. təyin etmək olarmı?!

Adətən, elmə, savada bağlı adamlar rəhbər vəzifələrə can atmazlar. Vəzifəni babat orta məktəb təhsili olan təcrübəli və bacarıqlı şəxs də icra edə bilər. Yetər ki, dürüstlüyü, məsuliyyəti, milli qeyrəti, vicdanı, qanunlara hörməti olsun! Əlbəttə, ciddi ehtiyac duyulduğu zaman savadlı və elm fədaisi olan adam da vəzifəyə gəlməyə, yəni yük və məsuliyyət altına girməyə, dövlət naminə heç olmasa o yükü 3-5 il daşımağa razı olmalı, dürüstlük nümunəsi göstərməlidir.  Bəli, savadı və elmə həvəsi aşıb-daşan həmin şəxs namuslu xidmətdən sonra alnıaçıq, üzüağ yenidən öz elmi fəaliyyətinə davam edər... 

Yəni vəzifədə olmaq üçün akademik, professor, doktor və s. olmağa ehtiyac yoxdur. Təki qanun işlək olsun! Amma savadlı, 3-4 diplomlu, fəqət rüşvətxor, tamahkar və alçaq müəllimə, həkimə, alimə vəzifə həvalə etmək millətin anasını ağlatmaq, onu yaman günə qoymaqdır. 

Savadlı müəllim auditoriyada, savadlı həkim klinikada, savadlı alim tədqiqat müəssisəsində, laboratoriyada iş başında olar, Vətən elminə töhfələr verər. Daha akademik Əli İnsanov, akademik Abel Məhərrəmov, professor Əli Həsənov, professor Hacıbala Abutalıbov, professor Səlim Müslümov, eeh... akademik balası Elmar Məmmədyarov, professor Mirələmov və yüzlərlə belə alim-məmur-oliqarxlar kimi dövləti və xalqı yazıq edib yaman günlərə qoymaz, düşmənə möhtac etməzlər. 

PS. Sözün əsl mənasında vəzifə məsuliyyətinin altına girən şəxsin  ciddi elmi-tədqiqatla məşğul olmasına inanmaq Məlik Məmməd nağılına inanmaq kimi bir şeydir. Üstəlik, həmin şəxs qanlı pullarla süslənmiş rüşvət və korrupsiya ilə məşğul ola. 10-15 il rektor, ya Baş həkim olan şəxsin eyni müddət elmi tədqiqatçı olmuş şəxsdən sözün əsl mənasında savadlı olması o deməkdir ki, rektor öz işini icra etməyib. Bizdə isə nəinki "edib", hətta əlavə müdir, direktor, deputat vəzifələrini də sinxron olaraq "icra edib" və xalqdan savayı, büdcənin də belinə minib çapıb-talayıb!

Paralel.az

0.018860101699829