Rəqəmsallaşmaya gecikən  universitetlərimiz

Rəqəmsallaşmaya gecikən  universitetlərimiz
 


Dos. İlham Əhmədov :
Universitetlərin  pandemiya dövründə yeni tədris formatlarına və bu səbəbdən də rəqəmsal xidmətlərə yüksək tələbatı yarandı. İlk dəfə olaraq onlayn təhsil sferasına ciddi investorların axını baş verdi, bunun sayəsində cəmi bir il ərzində, bir çox rəqəmsal təhsil platformaları iri masştabda böyüdü və inkişaf etdi.  
Pandemiya dövrünün  universitet təhsili bütün dünyaya göstərdi ki, tələbələr onlayn təhsil almağı çox bəyəniblər (təbii ki, əgər proseslər düzgün qurulubsa). Rəqəmsallaşma tələbələrə  seçim azadlığı verdi: universitetlərin, proqram və formatların seçim azadlığı. Təbii ki, belə vəziyyətdə universitetlər arasında rəqabət də güclənir. Bəs bu rəqabətdə müsabiqədə necə qalib gəlmək  olar?
Rusiya və MDB ölkələri onlayn təhsil sahəsində dünyadan çox geri qalır. Biz isə Rusiyadan xeyli geridəyik.  2020-ci ildə Rusiyanın onlayn təhsil bazarı 1 milyard dollar həcmində qiymətləndirilirdi. Bizdə idə onlayn təhsil bazarının  maliyyə tutumunu  hələ ki, heç kəs qiymətləndirməyib, çünki, bu təhsil formatı  hələ də formalaşmayıb. Əksinə son 20 il ərzində   onun yaranmasına və inkişafına xeyli maneələr törədilib, bu təhsil texnologiyasına  rəsmi  sənədlərdə yaşıl işıq yandırılsa da, reallıqda nazirliyin və  təhsil qurumlarının ögey münasibəti olubdur.
 ABŞ, Çin və Hindistan kimi ölkələrin  onlayn təhsil bazarının tutumu Rusiyadan  xeyli çoxdur. Ekspertlərin proqnozlarına görə, yaxın illərdə qlobal onlayn təhsil bazarının həcmi 400 milyard dollara, 2030-da trilyon  dollar keçəcək. Artıq bu gün qlobal və milli onlayn  təhsil  platformalarının təxminən 200 milyon dinləyicisi var, bu say dünyada olan bütün tələbələrin sayı ilə müqayisə oluna bilən bir rəqəmdir.
Pandemiya müddətində  rəqəmsal texnologiyalara   keyfiyyətli təhsilə  əlçatanlığı təmin edən,  yeni təhsil imkanları yaradan bir sistem kimi baxan müəllimlərin sayı dünya  üzrə  30%-dən 70%-ə qədər artıb.  Bununla belə  dünyada əks qütbdə olan, hələ də yeni təhsil formatına keçə bilməyən  xeyli sayda universitetlər mövcuddur. Bunlar əsasən təhsildə autsayder olan ölkələrin universitetləridir (son 15 il ərzində TOP 1500 universitetlər sırasında bir universitetlə belə  təmsil oluna bilməyən ölkələrin universitetləridirlər). Belələri şütüyən qatara çatmaq üçün  əbəs yerə  qaçan sərnişinə bənzəyir).
Universitetlərin  rəqəmsallaşması  nə bir ayın, nə də bir ilin işi deyil. Lider universitetlər 30 ildir ki, bu yoldadırlar, bu yönlü inkişaf layihələr və proqramlarının icrasına  yüz milyonlarla (bəziləri isə milyardlarla)  dollar vəsait sərf ediblər,  Bizdə artıq bəzi universitetlərdə rəqəmsallaşma üzrə prorektor sştatı təsis edilmişdir. Amma illər ərzində təhsilin informatlaşması üzrə kadr hazırlığı aparılmadığından mütəxəssis qıtlığı var, qeyri mütəxəssislərin isə təyinatı universitetə  heç nə verə bilməz, real vəziyyəti dəyşdirməz.  Eyni vəziyyət strateji idarəetmə üzrə prorektor ştatlarına  təyinatında da müşahidə edildi. Universitetlərimizin əksəriyyətində müasir universitet modeli  haqqında dolgun təsəvvürü olan kadrlar qıtlığı hiss edilir.
Bütün aşkar çətinliklər və problemlərə baxmayaraq, onlayn ali təhsilin böyük gələcəyi var.  Bunu dərk etməyənlər  müasir təhsildən məlumatsızdırlar. Belələri təhsil menecerləridirsə, onda bu ölkələrdə yaxın gələcəkdə təhsil sistemi çökə bilər.
Rəqəmsallaşma prosesində  universitetlər bir çox cəhətlərdən təhsil “dizaynerlərinə”,   təhsil “konstruktorlarına” çevrilirlər.   Universitet oflayn və ya  onlayn olaraq  fənn və modulları, müxtəlif auditoriya və səviyyələri  əhatə edən, əsas və əlavə təhsil imkanları yaradan, asan öyrənmə mühiti təmin edən   unikal, innovasion  ekosistemə çevrilməkdədirlər. Bu hər bir tələbənin fərdi təhsil trayektoriyası   və öyrənmə tempini saxlamaqla, onlara  geniş çeşidli seçim imkanı yaradır.
Elektron təhsil  smart təhsilin  əsas  texnologiyasıdır.  Çox yaxın gələcəkdə  iri  həcmli  verilənlərin emalı və süni intellektin  bu proseslərdə iştirakını nəzərə almaq lazımdır.

Beləliklə bu texnologiyalar kütləvi və fərdiliyi nəzərə almaqla, fasiləsiz, ucuz və keyfiyyətli  təhsil sistemini  əlçatan edəcəkdir.  Bu keyfiyyətlər  tarix boyu  bütün təhsil sistemlərinin əlçatmaz arzusu olub. İndi isə bu arzunun reallaşması gözümüzün qarşısında baş verir. Əlbəttə ki, bunu qiymətləndirən və bacaran universitetlərdə.
Artıq  rəqəmsallaşma gələcək deyil. Rəqəmsallaşma bu günümüzün qaçılmaz reallığıdır. Bunun alternativi yoxdur. Bizim qarşımızda milli universitetlərimizin rəməqsal sıçrayış zərurəti durur, çünki, dünya universitetlərindən rəqəmsal geriliyimiz, rəqəmsal uçurum böyükdür. Bunun üçün universitetlərimiz rəqəmsallaşma  baxımından yetkinləşməli, qabaqcıl universitetlərin təcrübələrindən faydalanmalı, bu  məsələlərdə kompetensiyalarını artırmalıdırlar.  Ölkə Prezidenti, cənab İlham Əliyevin qeyd etdiyi  kimi,  “....biz çalışacağıq ki, dünyada mövcud olan ən qabaqcıl təcrübəni Azərbaycanda tətbiq edək.”
Qarşımızda isə bizə daha uyğun və daha yaxın olan Türkiyə universitetlərinin bu sahədəki  müsbət təcrübəsi var. Bu universitetlər bizə kömək  əlini uzatmağa daim hazırdırlar. Qarabağı  işğaldan azad etməkdə qardaşlarımız  texnoloji dəstək verdikləri kimi,  təhsil geriliyimizi də  aradan qaldırmaqda dəstək verməyə hazırdırlar. Bu dəstək hərbi-texnoloji dəstəkdən daha vacibdir. Çünki,  ölkənin  təhsilsizlik problemi Qarabağ problemindən daha ağırır.

Paralel.az

0.037136077880859