CİDDİ SİQNAL

CİDDİ SİQNAL
 

“Əcəb edirəm zəhərli süd satıram!”

İşbazlar iş başında

Bu yaxınlarda şahidi olduğum qalmaqallı hadisə məni bu yazını qələmə almağa sövq etdi. Məsələ burasındadır ki, Biləcəri qəsəbəsi, 297 saylı məktəbin yaxınlığında, Yəhya Hüseynov küçəsi deyilən ünvanda kənd təsərrüfatı məhsulları, - meyvə-tərəvəz, süd məhsulları satışının yenicə təşkil edilməsi mənim də marağıma səbəb oldu. Ara-sıra buradan müxtəlif ərzaq məhsulları – kartof, soğan, kök, alma, hətta qablaşdırmada olmasa belə süd, qatıq və şor alırdım. (Hətta, pulum yetməyəndə, nisyə dəftərinə də yazdırırdım – red.).

Günün birində həmişə olduğu kimi bu dəfə də süd, meyvə-tərəvəz alıb, evə yollandım. Elə südü təzəcə bişirib, sıyıq hazırlamaq istədim ki, süd çürümüş görkəm aldı. Əvvəlcə fərqinə varmıyıb, yemək istədim – bir-iki qaşıq dadına baxmışdım ki, az qala zəhərlənəcəkdim. Düşündüm ki, olan işdi. Amma əslində isə südün çürümə səbəbi başqa idi. Bu mağazadakı qida məhsullarının heç birinin QİDA TƏHLİKƏSİZLİYİ barədə sertifikatı, lisenziya və yoxlama haqqında sənədi yox idi. Bunlara qayıdacağıq.

İndi isə məsələnin daha qəliz tərəfinə gələk. Burada satıcı qismində işləyən “qadın” (əgər ona qadın demək mümkündürsə - red.) mən içəri girər-girməz mənimlə yüksək tonla danışmağa başlayıb hədələməyə başladı. Bundan öncə isə evə yenə həmişə olduğu kimi soğan alacaqdım. Yüksək tonla danışmağına səbəb isə süddən qalan borc – 2 manat 40 qəpik idi. Mən ona anlatmağa çalışdım ki, siz satıcısız, mən isə alıcı qismində burda yerli sakinəm və sizə heç bir halda əhalini, ələxsüs da, yerli sakinləri təhqir etməyə səlahiyyət verilməyib. Üstəlik satışa çıxardığınız süd məhsulları və digər qida məhsulları Qida Təhlükəsizliyi Agentliyindən heç bir sənəd olmadan satılır. Hər şey bir yana – alıcılara satılan məhsullara dair heç bir ödəmə çeki verilmir. Bütün olanlarla yanaşı, yerli sakinlərlə kobud rəftar edilir, təhqirlərə yol verilərək, atalarının qəbirlərinə söyülür. Axı, indi nə zəmanədir ki, “II qrup əliləm” – deyib, camaata ağzına gələni

deməklə, atasının qəbrinə söyməklə piştaxta arxasında dayanasan! Yəni, biz bu qədərmi kiçildik ki, 2 manat 40 qəpiyə görə bir-birimizin “ətini yeməyə” hazırıq!

Bu əsnada qeyd etmək istərdim ki, bütün bu neqativ hallara görə - lisenziya, kassa aparatı və Qida Təhlükəsizliyi barədə sənədin olmaması haqqında adışəkilən agentliyin qaynar xəttinə məlumat verilib. Çox ümid edirik ki, digər zəhərlənmələrin baş verməməsi üçün bu ərzaqlar satılan obyektdə tezliklə əsaslı şəkildə yoxlamalar aparılacaq!!!

Xülasə, bütün olanlardan sonra ikinci dəfə dükana düşüb, oranın sahibi ilə danışıb, qadının rəftarını anlatdım. Məni dinləyib, gülərək: “Dükanın sahibi əslində bu qadındır. Sən yerini tanı, get hara istəyirsən şikayət elə!” – dedi. Dükanın digər şəriki isə: “Əcəb edirəm ZƏHƏRLİ SÜD satıram, kefim belə istəyir!” sözlərini əlavə etdi.

Qadının dediyindən məlum oldu ki, dükan sahibi ilə evlidir, ailə biznesi qurub, camaatı təhqir etməklə pul qazanırlar. Hələ üstəlik ora gələn qadınlara: “Ərimlə danışıb-gülürsüz, ona gözünüz düşüb” kimi şər-böhtan xarakterli sözlər də deyir bu qadın.

Xülasə, cənablar! Demək istədiyim odur ki, hər bir insan mağaza işlədə bilər, hər bir insan sahibkarlıqla məşğul ola bilər. Amma bu o demək deyil ki, insanlarla, yerli sakinlərlə hərzə-hərzə, ağzına gələn təhqir və söyüşlərlə danışa bilərsiniz!? Bəlkə buna rəvac verən havadarlar var, bizim xəbərimiz yox!? Gəlin birlikdə düşünək!!!

Səadət Sultan  Yazıçı-publisist

0.021935939788818