Dekabr - talançıların bayramı, kasıbların dərd ayı 

 

Dekabr - talançıların bayramı, kasıbların dərd ayı  
 

 

Qubad İbadoğlu yazır:

Dekabr ayı korrupsionerlər üçün  büdcə talançılığı, yoxsullar üçün dərd ayına çevrilib. 

Nənəmdən eşitmişdim ki, aylar arasında  ən ağır ay martdır. Rəhmətlik həmişə kiçik çillə, böyük çillədən bəhs edər, boz ay adlandırdığı marta rəğmən deyərdi ki, mart  çıxdı dərd çıxdı. 

Bu anti-milli iqtidarın soyğunçu  siyasəti nəticəsində bu deyim artıq  dekabr ayına aid edilir.  

Çünki, qaz sərfiyyatı üzrə illik istehlak həcmi  həm 1200m3,  həm də  2500 m3 yuxarı olan əksər əhali  dekabrın tez başa çatmasını səbirsizliklə gözləyir ki, yeni ildən xərcləri  azalsın. Onlar  üçün dekabr ayının artan xərci bu ayı dərd ayına çevirib. Amma, büdcəni talayan korrupsionerlər üçün ilin ən yaxşı ayı dekabr ayı hesab olunur. Çünki bu hakimiyyətin dövründə yola salıdğımız hər ilin son ayı  büdcə korrupsiyasının inkişafının pik ayıdır. Növbəti ilə qalıq qalmasın deyə bu ay ərzində sənədlərdə xərcləmələr, yəni silinmələr əvvəlki aylarla müqayisədə dəfələrlə artır, bir sözlə korrupsionerlər büdcə vəsaitləri hesabına qaz vurub qazan doldururlar və belə mənimsəmələr on illərdir ki, davam edir. Elə buna görə də büdcə talançıları  dekabrın tez yox, əksinə gec başa çatmasını arzulayırlar, çünki, onlar dekabrda demək olar ki,  hər gün büdcə oğurluğu ilə məşğuldurlar.  Diqqət edin,  ötən ilin  ilk 11 ay üzrə orta aylıq büdcə xərclərinin məbləğinin 2014,8 mln. manat təşkil etməsinə baxmayaraq, yalnız dekabr ayında xərcləmələr orta göstəricidən 2,1 dəfə çox olub.  Belə ki, 2020-ci ilin dekabr ayında xərclənən vəsait ötən il üzrə ümumi büdcə xərclərinin 16,1 faizini (2019-cu ildə 17,4 faizini) təşkil edib.

Bax, belədir dostlar, biz çalışırıq ki, gələn ilə borcla daxil olmayaq, büdcə qarşısında öhdəliyimizi yerinə yetirək, onlar da dekabrda büdcə talanını artırır və nəticədə də oğurlanmış büdcə vəsaitlərinin səsi,  sorağı Londonun əmlak bazarından, İsveçrə banklarından  gəlir.

Paralel.az

0.01459002494812