“Yezid” üçün də ağlaya bilərik

“Yezid” üçün də ağlaya bilərik
 
Bugünlərdə saytımızda paytaxtın 2-ci Alatava yaşayış massivində içməli suyun boşuna axmasından bəhs edən, “Azərsu”yun suya nə qədər borcu var” sərlövhəli şikayət xarakterli yazı vermişdik. Yazıda təbii olaraq “imam” üçün (qəsəbə sakinləri) ağlamış, problemin ciddiliyindən söhbət açmışdıq. Dünən şahidi olduğumuz olaydan sonra “yezid” (“Azərsu”) üçün ağlamamaq tərəfimizdən insafsızlıq olardı. 
Öncə qurum rəhbərliyinə təşəkkürlər ki, yazının ruhundan gileylənsə də yazdıqlarımıza operativ reaksiya verdi və problemin həlli üçün real addımlar atdı. Belə ki, dünən bazar günü olmasına baxmayaraq, səhər saatlarından qəza yaşanan əraziyə cəlb olunmuş texnika və işçi qüvvəsi gün ərzində axıntının mənbəyini tapmaq üçün sözün həqiqi mənasında böyük əmək sərf etdilər. Bəli, problemin həllini çətinləşdirən burdakı evlərin çoxunun su borusu üzərində inşa edilməsidir. Bu səbəbdən də ana xəttdə hansısa qəza olanda onu aradan qaldırmaq çətin, bəzən də mümkünsüz olur. Çünki bununçün gərəkdir həmin ev sökülsün. Bu isə elə də asan həll olunan məsələ deyil. Məhz bu səbəbdən dünən qəza xidməti əməkdaşlarının sözün həqiqi mənasında gün ərzində çəkdikləri zəhmət, su axınının mənbəyini tapmaq üçün aparılan qazıntı işləri nəticəsiz qurtardı. 
Bununla belə  problem bu ya digər formada öz həllini tapmalıdır, çünki ötən yazımızda da qeyd etdiyimiz kimi bunca suyun itkiyə getməsi ilk növbədə “Azərsu”yun özünə ziyandır. 
      
 Səma, Paralel.az
 

 

0.013478994369507