Qavroş (“Qarabağ hekayələri” silsiləsindən...)

 

Qavroş (“Qarabağ hekayələri” silsiləsindən...) 
 

 

I hissə. Təzə əsgər

Qalib Arif

 

Onu əsgərlər 4-cü postda - kəndin ayağında, iki çayın qovşağında yerləşən postda saxlamışdılar. Kimsən, hara gedirsən, nə istəyirsən kimi suallara cavab verməmişdi, könüllü gəlmişəm, vuruşmaq istəyirəm demişdi. Əslində suala cavab verməyə heyi də yox idi. Həmin vaxt qış təzəcə girsə də soyuq idi, bütün günü sulu qar yağırdı. O, «atasının pencəyi»ndə hissədən batalyona qədər on kilometrlik yolu piyada gəlmişdi. Əsgərlər onu saxlayanda soyuq əhdini kəsmişdi, dili söz tutmurdu. Onu rota komandiri Fərhadın yanına aparmışdılar. O, eyni sözü təkrarlamışdı: «Könüllü gəlmişəm, vuruşmaq istəyirəm». Vəssalam. Ondan kəlbətinlə də ayrı söz qoparmaq mümkün deyildi. Fərhad onun yaşını soruşmuşdu, «18» cavabını almışdı. O, yalan deyirdi - bu,adi gözlə də görünürdü. «Keçəl» qırxılmış başı təzəcə tüklənirdi. Qara gözləri qara kirpiklərinin əhatəsindən inadla baxırdı. Boyu olsa da, özü arıq yeniyetmənin üzündə diqqəti cəlb edən də elə bu gözlər idi. Üzünə hələ ülgüc dəyməmişdi. Onun 16 yaşı ancaq olardı. Amma partizan kimi deyirdi «18»-dir, vəssalam.

Fərhad «partizan»ı batalyon komandirinin yanına apardı. "Nemes" ləqəbli komandirin zəhmli baxışları yeniyetməyə sancıldı. Oğlan hürküb başını aşağı saldı. Ümumiyətlə o, hər şeydən hürkürdü. Qorxmurdu, hürkürdü. Nemes onu «kompleks»li adlandırdı, yeməkxanaya aparıb doyunca yedirtməyi tapşırdı. Sonra onu yük maşina mindirib rayon mərkəzinə apardılar və dörd istiqamətdən birini sərbəst seçmək şansı verdilər. O, yenə də Quşçular (batalyonun yerləşdiyi kənd belə adlanırdı) istiqamətini seçdi. Ertəsi gün əsgərlər onu yenidən 4-cü postda tapdılar. Bu dəfə o, tamam donmuşdu. Sulu qar güclənmişdi, dayanmadan yağırdı, ətraf ağappaq idi. O, komandirin yanına getmək istədiyini bildirdi. Əsgərlər onu birbaşa Nemesin yanına apardılar. İslanmış ayaqları piyada gəzməkdən «ağzını ayırmış» çəkmələrinin içində şappıldayırdı. Postdan qərargaha kimi yolu güclə gedirdi.

Komandirin iti gözləri yenidən ona sancıldı. O, yenidən başını aşağı saldı. Nemes soruşdu: «Ay uşaq, nə istəyirsən?» Uşaq bu dəfə cəsarətlə cavab verdi: «Mən könüllü gəlmişəm,vuruşmaq istəyirəm». Nemes onun baxışlarında ürkəklik olduğu kimi, sözlərində də inadkarlıq olduğunu sezdi, - belələrini sözündən döndərmək çətindir - «axı, sən hələ uşaqsan ,yaşın çatmır», -dedi. «Səni maşina qoyub geri göndərəcəyəm, qayıtsan cəzalandıracağam, «qoduxluğa» saldıracağam. Uşaq «yenə gələcəyəm, ölsəm də evə getməyəcəyəm» dedi. Nemes təəccübləndi, bu inadkarlığın səbəbini bilmək istədi. «Aatamı ermənilər öldürüb, mən böyük oğluyam, onun qisasını almalıyam» cavabını eşitdi. Fikrə getdi, bir xeyli dinmədi. Sonra Fərhadı çağırtdırdı, «bu Qavroşu apar, Aqşinə tapşır. O da atasını vaxtsız itirib, bunlar bir-birlərini yaxşı başa düşərlər» dedi. O göndən yeniyetmənin adı Qavroş qaldı.

İlk vaxtlarda Qavroşu postlara növbəyə aparmırdılar. O, «uşaq» olduğu üçün kazarmada qalırdı. Heç mətbəxə, qaraja da göndərmirdilər. Eləcə kazarmada dolabçanın yanında növbətçi qalırdı, komandirlərdən gələn olanda məlumat verirdi. Amma inadkarlığından da qalmırdı. Kətili ona corab yudurmaq istəyən köhnə əsgərlərdən birinin başında sındırmışdı. Aqşinlə dostu Elxan olmasaydı, yəqin işi «yaş» olacaqdı. Amma bundan sonra ona qarşı münasibət də dəyişmişdi, artıq onu uşaq kimi yox, əsgər kimi qəbul edirdilər. Burda Aqşinin də rolu az deyildi. Onu Aqşinin «tələbə»si hesab edirdilər, özü də yarızarafat, yarıciddi Aqşinə komandir deyirdi. Gecə də Aqşinlə yanaşı çarpayıda yatırdı. Aqşin Fərhada isinişdiyi kimi, Qavroş da Aqşinə isinişirdi. Adının Tərlan olduğunu da birinci ona demişdi, evdən qaçmağının, cəbhəyə gəlməyinin səbəbinidə ona danışmışdı…

Yuxuda isə danışırdı, tez-tez danışırdı. Onun səsinə bəzən Aqşin də səksənib ayılırdı. Buna görə, yuxuda danışdığına görə Qavroşu hətta cəzalandırmışdılar. Əsgərlərdən biri onu «velosiped sürməyə» vadar etmişdi. Bu, köhnə «əsgər oyunu»dur. Yuxuda olan əsgərin ədyaldan çıxan ayağının barmaqları arasına səliqə ilə qəzet parçası qoyurlar, yandırırlar.

Yuxuda səksənən əsgər ayaqları ilə, sözün əsl mənasında «velosiped» sürür. Bunun üstündə Aqşin hətta həmin əsgərlə üz-göz də olmuşdu. Araya Elxan girməsəydi, iş gedib davaya çıxacaqdı. Amma Elxan aranı sakitləşdirmişdi, «kişi düz deyir, Qavroş doğrudan da, yuxuda sayıqlayır, yatmağa qoymur» demişdi. Bundan sonra Aqşin də onun sayıqlamalarına fikir verməyə başlamışdı. Qavroş şirin yatdığı yerdə birdən diksinir, «ana, mən günahkar deyiləm, ana, günahkar Bayram idi» deyirdi. Sonra yuxudan ayılır, tir-tir əsməyə başlayırdı. Dişi dişinin üstündə dayanmırdı. Bəzən də ara-sıra «ata, mən günahkar deyiləm, ata, mən sənin adını batırmadım» deyirdi. Bu hər dəfə, təxminən eyni senari ilə təkrar olunurdu. Aqşin hiss edirdi ki, arada nə isə var, Qavroş nəyi isə gizlədir. Amma səbrlə gözləyirdi, bilirdi vaxtı gələndə özü danışacaq…

Paralel.az

(Ardı olacaq…)

0.011299848556519