Habil Qurbanov: “Heydər Əliyev siyasi kursu Azərbaycanın davamlı inkişafını təmin edən başlıca amildir”

Habil Qurbanov: “Heydər Əliyev siyasi kursu Azərbaycanın davamlı inkişafını təmin edən başlıca amildir”
 

Azərbaycan xalqı hər il olduğu kimi, bu il də  dekabr ayının 12-də Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini sonsuz ehtiramla yad edəcək. Artıq ikinci ildir ki, Azərbaycan xalqı öz Ümummilli Liderinin anım gününü ölkəsinin ərazi bütövlüyünü bərpa etmiş xalq olaraq qeyd edir. Ötən il Ölkə Preidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı Ulu Öndərin müqəddəs vəsiyyətinə əməl etdi və öz torpaqlarını işğaldan azad edərək, Heydər Əliyev ideyalarının təntənəsini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı ötən əsrin 90-cı illərinin əvvəlində ulu öndərin qətiyyəti və dərin zəkası ilə siyasi böhrandan necə xilas olmuşdusa, bu gün də məhz ümummilli liderimizin siyası kursunu və inkişaf strategiyasını inamla davam etdirən möhtərəm Ölkə Prezidenti cənab İlham Əliyevin gərgin səyləri və yenilməz iradəsi sayəsində 30 illik erməni işğalına son qoydu. Bu tarixi hadisə bir daha  göstərdi ki, Heydər Əliyevin dövlətçilik məktəbi hər zaman öz aktuallığını qoruyub saxlayır və ölkəmizin daha da qüdrətlənməsi işinə misilsiz töhfələr verməkdə davam edir.

Ötən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycanın müasir tarixinin bütün mərhələləri, məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin uzaqgörənliyi sayəsində Azərbaycanın milli-mənəvi irsinin qorunması da, respublikanın iqtisadiyyatının qurulması da, hərbi kadrlar yetişdirən hərbi liseyin yaradılması da məhz müstəqil Azərbaycanın bugünkü inkişafı üçün nəzərdə tutulmuş addımlar idi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyub, sözün əsl mənasında, öz intibah dövrünü yaşayıb. İqtisadi asılılığın aradan qaldırılmasının siyasi müstəqilliyin təməlində duran əsas amillərdən biri olduğunu aydın görən ulu öndər hələ sovet dönəmində respublikanın istehsal potensialının mühüm hissəsinin ittifaq şəbəkəsindən ayırıb və bununla da respublika iqtisadiyyatının əsaslı şəkildə müstəqilləşdirilməsinə, sənaye potensialının gücləndirilməsinə nail olub. Məhz həmin illərdə Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı sayəsində keçmiş sovetlər ittifaqının bir çox qabaqcıl texnologiyalara əsaslanan sənaye istehsal müəssisələri Azərbaycanda inşa olunub. Ulu öndər bu məsələdə daim qətiyyətli mövqe tutub, keçmiş ittifaqın rəhbərliyi qarşısında israrlı tələblərlə çıxış edib, prinsipiallıq göstərib. Neft sənayesinin iqtisadi inkişafdakı rolunu böyük uzaqgörənliklə nəzərə alan ulu öndər Heydər Əliyev 70-ci illərdə bu sahənin dinamik inkişafına, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsinə nail olub. Həmin dövrdə neft sənayesinin inkişafında tamamilə yeni mərhələ başlanıb, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulub.

Əgər 1969-cu ildə Heydər Əliyevin respublikada hakimiyyətə birinci gəlişi Azərbaycana dirçəliş və çiçəklənmə gətirdisə, 1993-cü ildə ulu öndərin ikinci dəfə qayıdışı dövlətimizi yox olmaq təhlükəsindən qurtardı. Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” - prinsipinə əsaslanan ulu öndərin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri ölkə iqtisadiyyatını böhrandan qurtarıb inkişaf yoluna çıxarmaq idi. Azərbaycanın yeni neft strategiyası bu baxımdan atılmış ilk və həyati əhəmiyyətli addım olmuşdur. “Əsrin müqaviləsi”nin imzalanması nəticəsində ümummilli lider Heydər Əliyev nəinki neft strategiyasının təməlini qoydu, bu müqavilənin reallaşması eyni zamanda, yeni neft erasının başlanğıcı oldu. Beləliklə, Heydər Əliyev dünyanın diqqətini Cənubi Qafqaz regionuna cəlb etdi, Azərbaycanın iqtisadi cəhətdən dünya birliyinə inteqrasiyasının təməlini qoydu. 1993-2003-cü illərdə ölkədə həyata keçirilən iqtisadi siyasət müstəqillik amilinin əyani şəkildə bərqərar olmasını təmin etdi.

Həmçinin ümummilli lider Azərbaycanda demokratik inkişaf proseslərinin də əsasını qoydu. Ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi təmin edildi, çoxpartiyalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi. Azərbaycan Respublikasının qanunvericilik aktlarında əks olunan, onun ayrılmaz komponenti olan təqsirsizlik prezumpsiyası təmin edildi. Bundan savayı, Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sistemi, yeni məhkəmə korpusu yaradıldı, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşması təmin edildi, on minlərlə insan amnistiya edildi və böyük sayda məhkum bağışlandı, senzura ləğv edildi, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin edildi.

Müstəqil milli dövlətçiliyimizin memarı, ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi Azərbaycanın ən yeni tarixinin ən mühüm və şərəfli səhifələrini təşkil edir. Çünki, xalqımız öz dövlətçiliyinin dünyəvi, demokratik, hüquqi əsaslar üzərində bərqərar olunmasına ulu öndər Heydər Əliyevin qətiyyəti nəticəsində nail olmuşdur.

2003-cü ildən Azərbaycan xalqının istəyi və iradəsilə ölkədə hakimiyyətə gəlmiş Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirmiş, bununla da bütün bu illər ərzində ölkəmizin uğurlu inkişafını şərtləndirmişdir. 2003-2020-ci illər Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olmuşdur. Ən əsası da budur ki, bu illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmaqla öz ərazilərini işğaldan azad etmək üçün gərəkən hazırlıqları həyata keçirmişdir. Nəhayət ötən ilin sentyabr ayının 27-dən etibarən Azərbaycan ordusu erməni təxribatlarına son qoymaq və torpaqlarını işğaldan azad etmək məqsədilə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında hərbi əməliyyatlara başlamışdır. Nəticədə 44 gün davam edən Vətən müharibəsi ölkəmizin tarixi Qələbəsilə başa çatmışdır. Azərbaycan öz torpaqlarını 30 il davam edən işğaldan azad edərək, tarixi ədaləti bərpa etmişdir. Bu tarixi Zəfər Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Heydər Əliyev siyasi kursunun növbəti təntənəsidir.

Ümummilli Liderin həyat yolu hər bir azərbaycanlı üçün bir örnəkdir. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi daim Azərbaycan xalqının qəlbində yaşayacaq.

Habil Qurbanov

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor

0.074071884155273