AMEA Azad Həmkarlar İttifaqında Ümummilli Lider Heydər Əliyev anılıb

AMEA Azad Həmkarlar İttifaqında Ümummilli Lider Heydər Əliyev anılıb
 

Dekabrın 10-da AMEA-nın Azad Həmkarlar İttifaqında (AHİ) müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Əvvəlcə Ümummilli Liderin xatirəsi bir dəqiqlik sükutla yad edilib.

AMEA-nın elmi müəssisələrinin həmkarlar təşkilatlarının sədrlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov açıb. O, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzsiz xidmətlərindən danışıb, görkəmli dövlət xadiminin elmə, təhsilə daim xüsusi önəm verdiyini xatırladıb.

Ümummilli lider Heydər Əliyev siyasi irsinin əhəmiyyətini vurğulayan H.Qurbanov dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini söyləyib.

AHİ sədri ölkəmizin sürətli inkişafı və dinamik tərəqqisi ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində xalqımızın 30 il ərzində mübarizə apardığı əsas məqsədinə - işğal altındakı torpaqların azad edilməsi və müasir müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olduğunu bildirib.

Daha sonra professor H.Qurbanov ictimai fəaliyyəti, Azərbaycan həqiqətlərinin ölkəmizdə və xaricdə təbliğində xidmətlərinə görə Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA Şərqşünasliq İnstitutunun Həmkarlar Təşkilatının sədri Sübhan Talıblının AMEA Azad Həmkarlar İttifaqının “Fəxri Fərman”ını ilə təltif olunduğunu diqqətə çatdırıb. S.Talıblının elmi yaradıcılıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olduğunu deyən AHİ sədri onun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində xeyli işlər gördüyünü, 100-dən artıq məqaləsinin xaricdə müxtəlif dillərdə çap olunduğunu bildirib.

O, AMEA Azad Həmkarlar İttifaqının “Fəxri Fərman”ını S.Talıblıya təqdim edib.

Tədbirdə COVID-19 pandemiyası səbəbindən ölkə ərazisində müəyyənləşdirilmiş karantin rejimi qaydalarına uyğun olaraq təşkil ediləcək Yeni il şənliklərinə biletlərin verilməsi, AHİ tərəfindən AMEA-nın bəzi əməkdaşlarının azyaşlı uşaqları üçün maddi yardımın göstərilməsi, hədiyyələrin verilməsi və digər məsələlər müzakirə olunub.

0.015618801116943