“Azərsu”yun suya nə qədər borcu var?

   “Azərsu”yun suya nə qədər borcu var?
 

 

 

Ölkənin su təsərrüfatına cavabdeh dövlət qurumu kimi “Azərsu” ASC-yə bu strateji sahəni inkişaf etdirmək, dayanıqlı su təchizatı yaratmaq, su itkisinin qarşısını almaq üçün təşkilatın istifadəsində olan avadanlıq və qurğuları standartlara uyğun yeniləmək üçün hər il həm büdcədən subsidiya şəklində xeyli vəsait ayrılır, həm də beynəlxalq maliyyə qurumlarından dövlət zəmanətli kredit alınır. Ancaq hələ də su təsərrüfatındakı acınacaqlı vəziyyəti aradan qaldırmaq mümkün olmayıb. Xüsusilə, istər içməli su, istərsə də suvarma təyinatlı su təchizatındakı itkilər milyonlarla ölçülür. Mütəxəssislər bildirir ki, hər il içməli suyun təqribən 30-35 faizi, təsərrüfat təyinatlı suyun isə daha çox 35-40 faizi itkiyə gedir. İşini günün tələbləri səviyyəsində qura bilməyən və fəaliyyətində korrupsiya elementləri olan “Azərsu” ASC isə elə hey gileylənir ki, qurum zərərlə işləyir, çünki əhaliyə satılan suyun maya dəyəri yüksək, satış qiymətisə aşağıdır. Əgər su təchizatının itkiləri 30-35 faizdirsə əlbəttə ki, sərfiyyatda maya dəyəri gəliri yeyib bitirəcək.

Təkcə bir faktla iddiamızı əsaslandıraq. Şəkildə gördüyünüz məkan paytaxtın 2-ci Alatava yaşayış massividir və həm də yalnız bir məhləsidir. On gün olar ki, su borusunda yaranmış nasazlıq səbəbindən sutkada azı 2000 kub su beləcə yollara axır. Qəza barəsində sakinlər nəinki “Azərsu”ya, hətta cavabdehlik daşımayan Fövqəladə Hallar Nazirliyinə də məlumat veriblər-şikayət ediblər. Fəqət bu günə qədər problem həll olumayıb, qəza aradan qaldırılmayıb, tonlarla içməli su boşuna axır. Sakinlər deyir ki, “Azərsu” Qəza Xidmətindən gəlib baxıblar və “sabah gələcəyik” deyib gediblər. Onlar gedəli 6 gündən çoxdur, amma bir daha geri qayıtmayıblar. Bu dəfə də biz, doğru, yaxud yalanla əhalini hər dəfə borclu çıxaran “Azərsu”yun borcunu hesablayaq: günə 2000 kub itki, on gündə bu 20000 kub edir ki, onu da 1 manata vuranda (hərçənd qurum qeyri-əhaliyə kubun 2 manata satır) 2000 manat edir. Beləliklə, təkcə bir epizod üzrə “Azərsu”yun özünə (subsidiya aldığına görə dolayısı ilə dövlətə) vurduğu zərər 2000 manat edir. 2-ci Alatava böyükdür, Bakı 2-ci Alatavadan, Azərbaycansa Bakıdan böyükdür. Qoy burdan beləsini də “hesablamağı” yaxşı bacaran “Azərsu”yun mühasibləri hesablasın və qurumun məsuliyyətsizliyi üzündən əmələ gələn qiymət fərqini əsla vətəndaşların belinə yükləməsinlər.

      

 Səma, Paralel.az

0.019675016403198