Ürəyi Vətənlə döyünən igid
İkinci Qarabağ müharibəsində canı bahasına xalqımıza şanlı qələbə yaşadan mərd igidimiz Elməddin İsmayıl oğlu Nəzərov Masallı rayonu, Binə Xocavar kəndində dünyaya gəlmişdi. O, müharibə başlanan günü könülü cəbhəyə yazılır. Qəlbi düşmən tapdağında qalan torpaqların azad edilməsi ilə alışıb-yanan Vətən sevdalısı Füzuli, Qubadlı, Cəbrayıl rayonlarda döyüşür. Min əzab-əziyyətli, ölümlü yollar keçsə də, qələbəyə böyük ümid bəsləyir. Və hər dəfə torpaq uğrunda odun-alovun içinə atılanda sona qədər erməni dığalarla döyüşüb qisas alacağına and içir. Döyüş yoldaşlarına da “Vətən hər şeydən əzizdir. Buna görə də onu düşməndən təmizləmək müqəddəs işdir. Bunu hamımız bilməliyik. Biz mütləq qələbə qazanarıq” deyir.
İgid Vətən oğlu həmişə ən qaynar nöqtələrdə ölüm-dirim savaşına atılır. Müxtəlif silahlardan yaxşı baş çıxarır, ağır əməliyyatlarda özünü qabağa verir. Faşistlərə matəm libasını geyindirə-geyindirə 30 oktyabra qədər döyüşür. Qazandığı zəfərlərin sayı bilinmir. Vətənin yada yurd olmağa dözməyən Elməddinin axırıncı savaş yeri Cəbrayıl torpağı olur. Polad sinəsini canında əziz bildiyi Vətənə tuşlanan güllələrə sipər etməklə adını xalqın qəhrəmanlıq tarixinə yazır. Xalqın tərəfindən əbədi sevgi qazanmaqla, dövlət də öz igid, Vətən sevdalı oğlunu şərəfli ölümündən sonra “Vətən uğrunda”, Cəbrayılın, Qubadlının azad olunmasına görə medallara layiq görür.
Bəli, Elməddin ağlı kəsəndən Vətən, yurd, millət sevgisini hər şeydən uca bilir. Elə ömrünün iyirmi dördüncü ilində dünyadan köçməyi doğma Vətən torpaqların azadlığı, bizim xoşbəxt gələcəyimiz üçün oldu. Vətən müharibəsində canını qurban verdi ki, xalqımızın qüruru bütün dünyaya bəlli olsun. Məhz bu keyfiyyətlərinə görə cismən aramızda olmasa da, millətin ürəyində qeyrət, məhəbbət, sədaqət rəmzinə dönüb. Qərinələr keçəcək, gələcək nəsillər də Elməddini belə xatırlayar və müqəddəsliyinə tapınmaqla onu özlərinə örnək sayarlar.
Vətən yolunda şəhid olanları Vətən səmasının əbədi parlaq Günəşinə bənzədirlər. Elməddin Nəzərov da onlardan biri...
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü