Redaksiyanın tapşırığı

Redaksiyanın tapşırığı
 

(Dedektiv)

Qalib Arif

I Müharibə artıq qurtarmışdı, Vətənin yaraları yavaş-yavaş sağalırdı. A... şəhərində bizim jurnalın “Şəms” imzalı bir müəllifi yaşayırdı. Şəms redaksiyaya bir neçə esse və şeir göndərmişdi, amma baş redaktorun dediyi və oxucuların da təsdiq etdiyi kimi, hər bir misrası, sətri adamın qəlbini titrədirdi. Redaksiyaya müəllif haqqında bu addan və konvertin üstündəki ünvandan başqa bir şey məlum deyildi. Odur ki, baş redaktor məni Bakıdan A…-ya ezam etmişdi və təcili Şəmslə görüşüb müqavilə bağlamaq tapşırığı vermişdi. Redaksiya Şəmsin yazdığı və bundan sonra yazacağı yazıları, janrından asılı olmayaraq, 1-ci çap etmək istəyirdi.

Mənzil başına axşam düşəndən sonra çatdım, şəhərin özü kimi köhnə, baxımsız mehmanxanada yer aldım. Amma nömrəyə qalxmadım, aşağı yeməkxanaya düşdüm. Bir qismət çörək yemək, sabahkı işlərimi götür-qoy etmək istəyirdim. Sən saydığını say... Təzə oturmuşdum ki, naməlum bir subyekt stola yaxınlaşdı. Qırmızı ətli sifəti, domba gözləri vardı. Ona qırxdan çox yaş vermək olardı. Üzünü tər-təmiz qırxdırmışdı, təmiz, amma zövqsüz geyinmişdi. “Allahverdi Verdiyev” deyib boğazını arıtladı, dəvət gözləmədən özünü qarşıdakı stula saldı. Elə bu vaxt mənim sifarişimi gətirən ofisiant yaxınlaşdı. Qonağım “bizə pivə” -deyə bağırdı. Burda oturduğumuz saat ərzində adam dil boğaza qoymadı, ancaq özündən, əsil-nəcabətindən və nəsil-kökündən danışdı. Belə çıxdı ki, Verdiyev şəcərəsi min il əvvələ, hətta Peyğəmbərə kimi gedib çıxır. Mən düşünürdüm ki, bu, adi dələduzlardan biridir, sadəcə olaraq, içdiyi içkinin pulunu vermək istəmir. Düzü, onun da pulunu verməyə hazır idim, “təki məni rahat buraxsın” deyirdim. Amma ofisiant yaxınlaşanda Allahverdi əda ilə 2 “Məmməd”i stolun üstünə atdı və mənim sifarişi təkrar eməkdən başqa çarəm qalmadı.

Mən foyedə növbətçiyə yaxınlaşıb açarı alanda o, dedi:
- Əgər bu Allahverdi sizin zəhlənizi tökürsə, mən onu rədd edərəm.
- Yox, ehtiyac yoxdur. Bu, kimdir belə, doğrudan böyük adamdır?
- Yox, avaranın biridir. Amma arabir pulu olur və ancaq öz puluna içir.
Səhər yeməyinə yağ-pendir yedim, üstündəí də şirin çay içdim. Yalnız bundan sonra mehmanxanadan yağışa çıxdım. Elə birinci tindəcə Asiflə rastlaşdım. O, dərhal diqqətimi çəkdi. Görünür, cavanlıqda boy-buxunlu adam olmuşdu, amma yaş və müharibə öz işini görmüşdü. Beli bükülmüş, başı-gözü ağarmışdı, lap müqəddəslərə oxşayırdı. Amma indi də Allahverdi kimi iki avaranın cavabını verə bilərdi. Əynində qəribə bir palto vardı. Deyəsən, mənim diqqətimi çəkən də bu, idi. Görünür yaxın müharibə dövründə şinel olmuşdu, sonralar astarını üzünə çevirmişdilər, qısa forma vermişdilər. Köhnə məzmun isə qalmışdı, günəş, yağış və zaman da öz izini salmışdı. Köhnə şineldən bir mis düymə qalmışdı, o da parıldamırdı, qaralmışdı...

Qocanın göy gurultusunu andıran səsi vardı: “Taksi, taksi,.. Hara, hansı ünvana gedirsiz? Şəhər içində bütün istiqamətlərə və bütün məsafələrə cəmi 1 “Nizami”...” Şəmsin ünvanını yadda saxlamışdım, dedim. Qoca bir anlıq dayandı, hətta mənə elə gəldi ki, rəngi bozardı…
  - Sizin orda nə işiniz var?
  Yersiz sualdan diksindim və kəskin cavab verdim:
  - Yaxşı, sənə nə var?
  - Heç, heç, qardaş oğlu. Sadəcə olaraq, soruşdum. Buyurun, buyurun, taksi tər-təmizdir.
  Yaxın keçmişdə “Volqa” olmuş, indi “pikap”a çevrilmiş köhnə avtomobilə əyləşdik, deyəsən, xeyli getdik. Mən təkərlərin səsindən başqa bir şey eşitmirdim. Tavanı da yağış döyəcləyirdi. Taksi dayananda mən “Nizami” yox, “Məmməd” təklif etdim. Bilmirəm mənə nə olmuşdu, yəqin qocanın yadında xeyirxah kimi qalmaq istəyirdim. Amma o, pulu qəbul etmədi, “göy gurultusu” yenidən eşidildi:
  -2 “Məmməd”...
  Qocanın həyasızlığı məni hövsələdən çıxardı, mən də guruldadım:
  - Sən nə təhər adamsan?! Axı özün deyirdin ki, bütün istiqamətlərə və bütün məsafələrə cəmi 1 “Nizami”. Bəlkə elə bilirsən mən xam-zadam?!
  - Yox, nə danışırsız?! Sadəcə olaraq, mən düşündüm ki, siz yaxşı adamsız. Yol da uzaqdır, mənə də 2 “Məmməd” lazımdır...

  Bilmirəm mənə nə olmuşdu, sakitcə çıxarıb 1 “Məmməd” də verdim.

Amma verəndə diqqət etdim, ortadan cırılmışdı, sonra ağ lentlə yapışdırılmışdı. Əlvan fonda ağ lent həmən seçilirdi.
  - Minnətdaram, qardaş oğlu. Siz haqlısız, qiymət 1 “Nizami”, amma mənə 2 “Məmməd” lazımdır... Mütləq lazımdır...
Şəmsin evi yoldan otuz-qırx metr aralı, kiçik baxçanın içində idi. Ev də qoca sürücüyə bənzəyirdi, görünür bir vaxtlar görkəmli olmuşdu. Amma zaman, günəş və yağış öz işini görmüşdü. Evin yalnız kölgəsi qalmışdı, o da qaralmışdı. Mən köhnə taxta qapını açdım və baxçaya keçdim. Payız və baxımsızlıq həmin hiss olunurdu: xəzan yarpaqları, qızılgül kolları və ağacların altında çürüyən almalar...
Şəms - yazdığı esselər kimi incə, zərif və kövrək məxluq... Üzdən ona qırx yaş vermək olardı, amma hiss olunurdu ki, bu, yaşın yox, həyatın yüküdür. O, məni zadəganlara xas bir sadəlik və səmimiliklə qarşıladı. Qonaq otağı sahibənin ilhamı kimi ucsuz-bucaqsız idi, amma burda kitab şkaflarından, köhnə divandan və bizim oturduмumuz stoldan başqa bir şey yox idi. Bəzi yerlərdə divarlar daha təmizdi, görünür nə vaxtsa burda mebel olmuşdu.

Mən sahibə ilə xeyli söhbət etdim. O, yazdığı kimi axıcı danışırdı, elə bil adamı əlindən tutub dalınca aparırdı... “Mən səyahət etməyi sevirəm, Türkiyəyə getmək istəyirəm… Kitablarımın qanadlarında tez-tez dünya səyahətinə çıxıram. Gördüklərim məni sevindirir, heyrətləndirir. Düşünürəm ki, gözəllik və məhəbbət həmişə qalib gəlir. Yazda yarpaqlar açılır, quşlar yuva qurur, yayda sünbüllər dən tutur, güllərin rəngi, quşların səsi dünyanı doldurur... Payızda təbiət qızılı-qırmızılı bir tabloya çevrilir... Mən gözəlliyi hiss edirəm, sevirəm və kağıza köçürmək istəyirəm. Mən yalnız yazmıram, mən bunları yaşayıram...”
  Otağın qapısı astadan döyüldü. Şairə üzr istədi və məni tərk elədi. Otaq da elə bil ki, boşaldı… Amma xanım üzündə dünya boyda təbəssümlə geri qayıtdı. Elə bil cavanlaşmışdı, ona maksimum otuz yaş vermək olardı.
- Siz belə gedə bilməzsiz... Siz bizdə şirin qoğalla çay içməlisiz...
  Bu zaman otağa 12-13 yaşlarında qızcığaz daxil oldu. Şəmsin uşaqlığı idi, baş barmağını da ağzından çıxarmırdı. İri, qara gözlərini mənə zilləmişdi. Şəms kiçik, köhnə pul kisəsini açdı və 2 “Məmməd” çıxardı. Pulu qızcığaza verəndə diqqət etdim, biri ortadan cırılmışdı, sonra ağ lentlə yapışdırılmışdı. Şübhə ola bilməzdi, bu, mənim taksiyə verdiyim 2 “Məmməd” idi.
- Qızım, zəhmət olmasa, Əhmədin mağazasına get, 1 “Məmməd”ə həmişə aldığımız çaydan al, qalanına da şirin qoğallar versin. Mənim adımdan de ki, təzə olsun...
  Sonra isə mənə müraciət etdi:
  - Çayımız təzə qurtarıb, almaq yadımdan çıxıb...
  Qızcığaz qapıdan çıxdı. Amma qapı örtülməmiş onun çığırtısı eşidildi. Sonra xırıltılı kişi səsi gəldi, əsəbi halda nə isə deyirdi. Şəms üçr istədi və məni yenidən tərk etdi. Əsəbi kişi səsi yenidən eşidildi, deyəsən, söyüş söyürdü...
  Şairə üzündə təbəssümlə geri qayıtdı. Amma bu təbəssüm o təbəssümdən deyildi. Bu dəfə ona minimum qırx yaş vermək olardı...
  - Mən üzr istəyirəm, çay dəsgahımız təxirə salınır. Əhməd deyir ki, bizim aldığımız çay qurtarıb, qoğallar da boyatdır...
  Sonra isə əlavə etdi:
  - Bizim evimiz böyük evdir. Mən onu kirayə verməli oluram. Odur ki, söz-söhbət yaranır...
  Mən əmin idim ki, balaca Şəms hələ evdən çıxmayıb və Əhmədin mağazasına çаtмаyıb. Amma dinmədim, sakitcə xudafizləşdim və sabah yenə gələcəyimi deyib çıxdım. Yolda xatırladım ki, Şəmsin soyadını soruşmadım. 
Tini dönən kimi həmişəki hücuma məruz qaldım: “Taksi, taksi,.. Hara, hansı ünvana? Bütün istiqamətlərə və bütün məsafələrə cəmi 1 “Nizami”...” Məni gülmək tutdu. Ancaq bundan sonra qoca quldur məni tanıdı, qulaqlarının dibinə kimi gülümsədi.
  - Buyurun, qardaş oğlu, taksi tər-təmizdir. Mən sizi mehmanxanaya kimi pulsuz apararam.
  - Pulsuz lazım deyil, 1 “Nizami”ni alarsan. Sabah mən yenə bura gələcəyəm. Saat 10-da mehmanxananın qabağında olarsan.
  - Baş üstə.
  - Qulaq as, qoca quldur, deyəsən, sən Şəms xanımı tanıyırsan?!
  - Mən xanımın atası Şərifin kiçik qardaşıyam. Rəhmətlik tanınmış həkim, yaxşı adam idi.
  - Amma xanım, deyəsən, kasıb yaşayır?

Müsahibimin üzü sərtləşdi, bir az da tündləşdi.
  - Bəli, kasıb yaşayır, amma ac qalmır...

Mən mehmanxanadan baş redaktora zəng vurdum: “Şəmslə görüşdüm. Şeri 1 “Şirvan”dan aşağı danışmaq belə istəmir”- dedim. Cavab qısa oldu: “Dərhal razılaş, avamın biri avam...”
Axşam yeməyinə yenidən yeməkxanaya düşdüm. Və yenidən Allahverdinin hücumunа məruz qaldım. O, mənimlə elə görüşdü ki, elə bil yüz ilin tanışıdır. Dəvətsiz-zadsız stula çökdü və iki pivə sifariş etdi. Mən heç etiraz edə bilmədim. Yorulmuşdum, dincəlmək və düşünmək istəyirdim. Müsahibim isə dil boğaza qoymurdu. Bu dəfə deyəsən arvadından, onun atasından, dahi olmasından danışırdı. Mərdiməzarı axtarmaqla deyil ki...
Allahverdi milyon çıxarırmış kimi cibindən 2 “Məmməd” çıxardı və stolun üstünə atdı. Mən diqqət etdim, əskinasın biri təzə idi. O biri isə ortadan cırılmışdı, sonra lentlə yapışdırılmışdı. Əlvan fonda lent həmən seçilirdi. Bu, mənim “Məmməd”im idi...

Səhərisi gün saat 10-da qoca quldur qoca taksi ilə mehmanxananın qabağında idi. Şəmsin evinə çatanda mən ondan gözləməyi xahiş etdim.
Şairə xanım dünənkinə nisbətən daha zərif görünürdü, rəngi də qaçmışdı. Məni görüb ayağa qalxdı və rəngi bir az da ağardı, stoldan tutdu. Mən nə baş verdiyini dərhal anladım və irəli atıldım. Onu yıxılmağa qoymadım və köhnə divanda uzandırdım. Sonra həyətə çıxdım və məni gözləyən qoca taksiyə bağırdım:
- Həkim, təcili həkim...
15-20 dəqiqədən sonra ağ saçlı, qara plaşlı həkim qapıda göründü. Mən bir neçə sözlə kim olduğumu və onu niyə çağırdığımı izah etdim. Həkim divanın yanında oturdu, Şəmsin nəbzini tutdu və qapıda müntəzir duran qocaya müraciətlə dedi:
  - Asif əmi, zəhmət olmasa, bizə get. Qızıma de ki, bir banka təzə süd və bir stəkan qaymaq versin.
  Sonra həkim üzünü mənə çevirdi və izahat veрdi:
  - Qorxulu bir şey yoxdur, o, yaxşıdır, sadəcə olaraq, acından bayılıb. Xanım Verdiyeva gözəl insandır, etibarlı dostları da çoxdur. Mən də onun atası rəhmətlik Şərif həkimin dostuyam. Amma Şəms qoca əmisindən başqa heç kimin köməyini qəbul etmir. Asif əmi indi də atasını əvəz edir, onu qızı kimi çox istəyir.
  Məni isə ayrı şey düşündürürdü:
  - Xanım Verdiyeva? Şəms Allahverdinin...
  - Bəli, arvadıdır. Şəms bu əyyaşa ərə getdikdən sonra hər şeyini, var-dövlətini, ad-sanını, hətta gəncliyini və gözəlliyini də itirdi. Deyirlər Allahverdi hətta qoca əmisinin verdiyi pulları da alır...

Isti süd və qaymaq Şəmsi özünə, рəngini üzünə gətirdi. O, stula əyləşdi və ilk növbədə üzr istədi. Dedi ki, ürəyi xəstədir və tez-tez onu narahat edir. Həkim tələsdiyini söyləyib getdi. Biz yenidən şairə xanımla tək qaldıq. Mən onu sevindirmək istədim və şeri 1 “Şirvan”dan müqavilə təklif etdim. O, ürəkdən sevindi, gülümsədi. Hətta ayağa durub əlimi sıxdı, mənə təşəkkür etdi. Mən elə ayaq üstə ona 10 “Şirvan” avans verdim. Şəmsin əlləri titrəyirdi, gözləri ürəyindən nəm çəkirdi...
Sonra Asif kişi məni mehmanxanaya gətirdi. Mənə elə gəlirdi ki, redaksiyanın tapşırığını yerinə yetirmişəm və artıq yola hazırlaşa bilərəm. Amma sən saydığını say...
Qatar axşam çıxırdı, odur ki, mən nahardan sonra şəhəri gəzməyi qərara aldım. Qoca quldur yerində idi: “Taksi, taksi”,.. Sonra məni tanıdı, qulaqlarına kimi gülümsədi. Amma mən onun təbəssümündə kədər gördüm və onu ilk dəfə görürəmmiş kimi diqqətlə nəzərdən keçirdim. Asif həmin Asif, palto həmin palto idi. Yox, deyəsən, dəyişiklik vardı, həmin axırıncı mis düymə yoxa çıxmışdı...

Mən şəhəri gəzməkdə davam etdim və mərkəzdən xeyli kənara getdim. Qaranlıq dalanların birindən səs-küy eşitdim. Maraqlandım, yaxınlaşdım. Camaat yığılmışdı, nəyəsə, ya kiməsə baxırdı. Maraq mənə güc gəldi, irəli keçdim. Məlum Allahverdi Verdiyev səkiyə sərilmişdi. Adamlar deyirdi ki, onu elə indilərdə tapıblar. Təcili yardıma zəng ediblər, amma gec olub. Allahverdinin cəsədinə baxanda hiss olunurdu ki, həm də güc olub. Üst-başı toz içində, cırıq-cırıqdı, boğazında barmaq izləri vаrdı. Görünür, Verdiyev möhkəm çarpışmışdı, amma sоn döyüşü uduzmuşdu. Yumruqları sıxılmışdı, deyilənə görə açmaq olmurdu. Mən də onun yumruqlarına baxdım və birinin açıldığını gördüm. 
Nə isə yumuru bir şey ayağımın yanına düşdü. Mən cəld bu şeyi tapdaladım və bir xeyli belə dayandım. Sonra isə əyilib gizlincə götürdüm və cibimə qoydum.

Mehmanxanada da hamı bu hadisədən danışırdı. Hətta deyirdilər ki, onu quldurlar öldürüb. Guyа nahar vaxtı Verdiyevin 10 “Şirvan”ı varmış və o, pulu cibindən çıxarıb hamıya göstərirmiş. Amma öləndən sonra pul onun üstündən tapılmamışdı.
Mən axşam saat doqquzda qatara mindim. Kupedə tək idim. Qaralmış mis düyməni bir də cibimdən çıxardım, diqqətlə baxdım və açıq pəncərədən kolluğa atdım. Və qəti əmin oldum ki, redaksiyanın tapşırığını таm yerinə yetirmişəm.
Paralel.az

0.021025896072388