Milli Məclis - 103

Milli Məclis - 103
 

Paralel.az xəbər verir ki, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin ali qanunverici orqanı - parlamentinin yaranmasından 103 il ötür.

1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş Qızlar Məktəbinin binasında (hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söylədi.

Müsavat fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, doktor Həsən bəy Ağayev isə sədrin birinci müavini seçildi. Paris Sülh Konfransına yola düşmüş Əlimərdan bəy Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə Həsən bəy Ağayev rəhbərlik etdi. Parlamentin ilk iclasındaca Fətəli xan Xoyski hökumətinin istefası qəbul edildi və yeni hökumətin təşkil olunması qərara alındı. Yeni hökumətin təşkili yenidən Fətəli xan Xoyskiyə tapşırıldı. 1918-ci il dekabrın 26-da Fətəli xan Xoyski parlamentdə öz proqramı ilə çıxış etdi və yeni hökumətin tərkibini təsdiq olunmağa təqdim etdi. Parlament hökumətin proqramını qəbul etdi və Fətəli xan Xoyskinin təşkil etdiyi hökumətə etimad göstərdi.

Akif Nəsirli

0.022017002105713