Niyə Ali Attestasiya Komissiyası yox, Əlil Qadınlar Cəmiyyəti ?

 

Niyə Ali Attestasiya Komissiyası yox, Əlil Qadınlar Cəmiyyəti ? 
 

 

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin böyük elmi işçisi, fil.ü.f.d., dos. Mətanət Tağıyeva yazır:

Bu ilin aprelində Feysbukda bir DOST Xidməti əməkdaşından müjdə aldım – elmi dərəcəli əlilliyi olan şəxslərin mükafatlandırılması gözlənilir. Prezidentin fərdi təqaüdündə və paralimpiyaçıların möhtəşəm mükafatında gözüm olmasa da, açıq söyləyək, ziyalı əlillərin dövlətdən nəsə ummaq haqqı var. Aləm bilir ki, siravi sağlam elmlər və fəlsəfə doktorlarının sosial durumu ürək açan deyil, o ki qalsın əlil alimlərin...

Azərbaycan SSR Elmlər Akademiyasında bütün elmi işçilər dəftərxana məhsulları ilə təmin edilirdi, hərçəndki, qələm-kağız pulu baş laborantın büdcəsinə təsir eləməzdi. Bugünün aliminin uiversal aləti fərdi kompüter və noutbuk heç olmasa yarıqiymətə və faizsiz kreditlə veriləydi. Axı 5 illik ömrlü devays professorun 3-4 aylıq maaşına bərabərdir, üstəlik hər il təmir-profilaktika xərcləri. Əlçatmaz ipotekadan danışmağa dəyməz.

Qayıdaq DOST müjdəsinə. Məndən xahiş elədilər ki, bacardığım qədər alim əlil xanımlara xəbər verim, hamımız lazımi sənədlərin fotosunu Əlil Qadınlar Cəmiyyətinin Sədri Məhluqə Rəhimovaya göndərək. Tanıdığım iki nəfərlə əlaqə saxladım. Məhluqə xanımın sözlərinə görə, ona yuxarıdan tapşırıq veriblər.

Məsələni təhlil edək. Əgər mükafatlanma bütün əlil alimləri əhatə edəcəksə, niyə qdın qurumu əl-ayağa düşür? Axı biz dissertasiya müdafiə edəndə və dosent adını alanda əlillik barədə arayışı Prezident Yanında Ali Attestasiya Komissiyasına vermişik. Mükafatı dövlət verəcəksə, niyə öz dövlət qurumları – AAK, AMEA və ali məktəblərə – müraciət eləmir?

Hansı qeyri-hökumət əlil təşkilatı 30 il müstəqilliyimiz ərzində elm sahəsində bizə dəstək olmuşdur?

Üzvü olduğum Gözdən Əlillər Cəmiyyətində və bir vaxt tez-tez getdiyim Əlil Qadınlar Cəmiyyətində dissertasiyadan söhbət açarkən rəhbərlik az qalırdı barmağını qulağına tıxasın. Amma bu bahar bacım Aygün M.Rəhimova ilə zəngləşəndə (mənim eşitməm artıq telefonluq deyil) cəmiyyət sədri onu mediada tərifləməyi xahiş elədi.

Buyurun, Məhluqə xanım, nə barədə tərif lazımdır, əsirgəmirəm. 1999-cu ildə ƏQC-nin bədii tədbirlərində əlillər ulduz sənətçilərlə eyni səhnədə çıxış ediblər. Siz, həqiqətən də, çox sayda əngəlli xanımlara peşə kursları açıb çörəkpulu qazanmaq üçün işlər görmüsünüz. Buna görə dərin təşəkkürlər! Amma mənim dolanbac elm yolumda heç bir qayğı göstərməmisiniz. Kim sizdən inciyir?

Tələbə olarkən məndən yaşca böyük həmdərdlərimin seksual həyatdan süni şəkildə məhrum olma gileyini AQC iclaslarında eşimişəm. İclası aparan şəxs M.Rəhimovanın müavini, paralimpiya medalçısı Нelena Taranova dəfələrlə ölkə başçısının əlindən mükafat almışdır, bununla da Fatma-Tükəzban prolemi ört-basdır edilmişdir. Əslində Əlil Qadınlar Cəmiyyətinin missiyası qadın səadəti uğrunda çalışmaqdır.

Gözdən Əlillər Cəmiyyəti bu yandan bəyan edəcək: "Biz Mətanətə kompüterdə işlməyi öyrətmişik". AZGƏC-in kompüter kursları bütün görmə problemli üzvlərə şamil idi. Orada orta məktəb müəllimi, masajçı və işsizlər dərs alırdılar. Özü də vay, dədə, vay! Üç sınıq kompüterdən biri babat işləyir, 23 tələbə saat yarımlıq praktika keçir, internet yox. Bugünə kimi Azərbaycan dilində səsli proqram yoxdur, türk sintezatorunun təhrifini dinləməyə məcburuq. Az-çox rus dilini başa düşən görməyənlər noutbuk və smartfonu rusca işlədir. Bir sözlə, savadlı mütəxəssisdən kompüter dərsləri alan gözdən əlil 90 faiz öz kreativ düşüncəsinə borcludur.

Beləliklə, əlil alimləri qiymətləndirmək istəyən qurum və şəxslərə demək istərdim: "Ünvanı səhv salmayın. DOST Xifməti və əlil təşkilatlarına güvənməkdənsə Ali Attesatasiya Komissiyasına üz tutun".

Builki mükafat bizlərə çatmadı. 30 il gözləmişik, yeməkdənsə ümid yaxşıdır.

Paralel.az

0.022104978561401