100 dollarlıq “otkrıtka"lar

100 dollarlıq “otkrıtka
 

 

 

(“Qısa hekyələr” silsiləsindən)

 

Qalib Arif 

 

2004 - 2005-ci illərdi, mən Cənub zonasında rəsmi qəzetin bölgə müxbiri işləyirdim. Mənzil-qərargahım Lənkəran şəhərində yerləşirdi. Boş vaxtlarımda bədii yaradıcılıqla məşgul olurdum. Gənclik, məhəbbət, elə, evə bağlılıqla bağlı bir pyes də yazmışdım. Yerli həmkarlarımdan biri mənə Lənkəran Dram Teatrının quruluşçu rejissoru Baba müəllimlə görüşməyi məsləhət bildi. Dedi yaxşı tanıyıram, təcrübəli rejissor, əsl peşəkardır, Moskvada oxuyub... Bir yaz səhəri birlikdə teatra getdik. Baba müəllim (Allah ondan razı olsun!) iş başındaydı, bizi yaxşı qarşıladı. Əsəri aldı, baxdı, axşam bağda, çayxanada görüşərik dedi...

 Baba müəllim bizdən əvvəl gəlmişdi, artıq çay sifariş vermişdi. Qeyd edim ki, Lənkəranda çayı hər yerdə olduğu kimi çaynikdə vermirlər, təzədəm olsun deyə stəkanda gətirirlər. Pyesim sənətkarın xoşuna gəlmişdi, əhval-ruhiyyəsindən bilinirdi. Çay süfrəsi arxasında dedi publisistikası gözəldir, dramatizminə də söz ola bilməz. Ən əsası isə, gənclik, məhəbbət, Vətən mövzusu həmişə aktualdır. Ehtiyatla soruşdum ki, sizin teatrda tamaşaya qoymaq olarmı?! Bir az fikirləşdi, bir az pərtləşdi, dedi nəzəri cəhətdən olar, praktiki cəhətdən yox. Mən dinmədim, özümü itirmişdim. Həmkarım soruşdu ki, o nə deməkdir?

Baba müəllim səbrlə çayını içdi, dedi biz əsasən yazıçı-dramaturq Hüseynbala Mirələmovun pyeslərini tamaşaya qoyuruq. Birini indi hazırlayırıq, gələn ay premyerasıdır, biri də məndədir, üzərində işləyirəm. Mən bir az cəsarətə gəldim, dedim Mirələmovarası fasilələrdə mənim əsərimi qoymaq olarmı?! Mən heç yerə tələsmirəm, gözləyərəm. Mühasibim gülümsədi, dedi nəzəri cəhətdən olar, amma burda bir məsələ var. Hüseynbala müəllim böyük bir zavodun direktorudur, tanınmış, imkanlı adamdır. Hər ay teatra gəlir və onun hər gəlişi bayrama çevrilir... Baba müəllim yeni gətirilən stəkanı götürür, pürrəngi çayı turş konfetlə ləzzətlə içir... Sonra söhbətinə davam edir...

Indi əvvəlki vaxtlar deyil, teatrda vəziyyət pisdir. Biz aktyorlara heç vaxtlı vaxtında maaş verə bilmirik. Aktyorlar, aktrisalar da, hamı kimi ailə sahibidirlər. Karl Marks demiş, yeməli, içməli və mənzil şəraitinə malik olmalıdırlar. Odur ki, teatrda hamı Mirələmovu həsrətlə gözləyir. Hüseynbala müəllim əliaçıq adamdır, teatra gələndə 100 dollarlıq əskinasları aktyorlara Yeni il “otkrıtkası” kimi paylayır. Gedəndə də bütün aktyorları, yaradıcı kollektivi yığır, Lənkəranda onun böyük bir şadlıq sarayı var, orda qonaqlıq verir... Baba müəllim yenidən sözünə ara verir, çayını içir...

 Sonda mənə müraciət edir, ya da öz-özünə deyir: Yaxşı pyes yazmağa nə bar ki?! Amma 100 dollarlıq “otkrıtka”ları paylamaq çətindir...

 

Paralel.az

0.085872173309326