“Sevərək yaşayanlar, sevilərək ölənlər”

“Sevərək yaşayanlar, sevilərək ölənlər”
 

 

 

Xanoğlan Əhmədov yazır: 

 

Bu gün 7 gündür ki, aramızda yoxsan. Bu 7 gündə sənin ölümün barədə nəsə yazmağa əlim gəlmədi, hələ də şokdayam. İndi də söz tapmağa çətinlik çəkirəm, axı nə yazım, necə yazım? İnana bilməzdim ki, bizi belə tez tərk edəcəksən. Sənin ölümün təkcə doğmalarını deyil, səni tanıyanların hamısını - bütün dostlarını, tanışlarını sarsıtdı. Sən böyük dayım oğlu olmaqla yanaşı, dostum, əqidaşım, qardaşım idin. Hər gün ən azı 5-6 dəfə zəngləşərdik. Doğma səsin hələ də qulağımdadır, gülər üzünün surəti gözümdən getmir. 

Ömrünün son günlərində səni xəstəxanaya aparmaq istəyəndə razılıq vermək istəmirdin. Mənə deyiridin ki, “3 min şəhid vermişik, onlardan nəyim artıqdır...”.

Yeniliklərə imza atmaqdan, qurub-yaratmaqdan yorulmazdın, kimisə kömək lazım olanda hər kəsə ağız açmaqna çəkinməzdin. Halbuki şəxsi işinlə bağlı heç kimi harahat edən deyildin. 

2008-ci ildə həyətində nümunəvi Rəsulzadə parkı yaratdın, böyük öndərin mərmər üzərində həkk olunmuş şəkilini onun şərəfinə ucaltdığın abidə kompleksinin ön divarına həkk elədin. Parkda hövuz, besedka tikməklə yanaşı, bəzək ağacları əkdin, qırqovul, bildirçin və s. quşlar saxlayırdın. Sonradan bu abidənin ön divarına Elçibəyin, Mübariz İbrahimovun, Polad Həşimovun da mərmər üzərində işlənmiş şəklini əlavə etdin.

Sənin təşəbbüsün ilə keçən ay Şiləvəngə kəndinin girişində şəhidlərin xatrəsini əbədiləşdirmək üçün abidə kompleksi tikməyə və park salmağa start verdik. Böyük həvəs üstündə idin, hətta tempratur içində yatanda da abidənin tikintisi barədə fikirləşirdin. Bir aya yekunlaşdırmaq istəyirdin. Səni Masallıya xəstəxanaya aparanda da yolda parkda əkmək üçün şam ağacları sifariş etməyi unutmamışdın. Bu abidənin açılışını görmək heyif ki, sənə qismət olmadı. Amma hamılıqla söz vermişik ki, sənin arzunu ürəyin istəyən kimi gerçəkləşdirək...

Əziz dayım oğlu, əqidaşım, dostum, nurlu insan, anamın (sənin bibinin) ölümündən kəndin mənim üçün xeyli boşaldığını düşünürdüm. Sənin gedişinlə kəndimiz tamam boşaldı. Gülbala əmi oğlunun göz yaşı içində dediklərini xatırlayıram: “Kəndə dərdləşdiyim bircə Ağasəf müəllim idi, indi tək qaldım”. 

Sənin və mənim şərikli dostumuz Zahir müəllim də sənin ölümünlə barışmaq istəmir. “Axı bu necə ola bilər, özümə gələ bilmirəm. Ağasəf müəllimi ölümünə dünyasını dəyişən doğmalarım qədər yanıram, səsi qulaqlarımdan getmir. Çox işıqlı şəxsiyyət idi. Gec tapıb, tez itirdim”.

Bax beləcə, əziz dayı oğlu hamımızı yolun yarısında qoydun. 

Allahdan sənə rəhmət diləyirəm, o dünyadakı yerin behiştlik olsun. Amin! 

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada!

El qədrini canından daha əziz bilənlər,

Şirin bir xatirətək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər.

 

Paralel.az

0.079532861709595