ÜST-ün “oyunları” davam edir
“Omikron” ştamının patoloji fəallığının yüksək olması reallıq deyil, yalnız məlum maraq və məqsədlərə xidmət edir”.
Paralel.az xəbər verir ki, bunu “Omikron” ştamının təhlükələrini təhlil edən Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri, tibb elmlər doktoru, professor Musa Qəniyev deyib.
Onun sözlərinə görə, “Omikron” adlandırılan yeni ştamın əvvəlki mutantlardan qorxulu və təhlükəli olması haqqında məlumatları insanların beyininə yeridərək yenidən insanlara stress, ölüm xofu, ruhi sarsıntı, yaxınlaşan faciənin qaçılmaz və əbədi olduğunu yaşatmağa çalışırlar:
“Bu ştam haqqında ilk məlumat noyabr ayının 11-də verilib. Noyabrın 26-da isə artıq Ümumdünya Səhiyyə Təşkilatı onu COVID-19 mutantları seçiminin “ən qorxulusu” kateqoriyasına aid edib. Hazırda “Omikron” ştamının yalnız 100-ə qədər genom ardıcıllığı oxunub ki, onun da ana ştam sayılan “COVID-19″dan nəinki “böyük parça genom qırıqlığı”, hətta struktur fərqliliyi belə müəyyən edilməyib. “Omikron” ştamının 50 mutasiya variantı var ki, bunun da 34-ü virusun hüceyrəyə bağlanması və hüceyrə daxilinə keçməsini təmin edən S-(spike) zülalında baş verir. Mutasiyaların çox olması həqiqətdir. Lakin bu cür kəskin mutasiya ştamın yalnız orqanizmdaxili mühitdə olduğu halda əmələ gəlməsi mümkündür. Odur ki, ştamın dəyərləndirilməsində əhatəli elmi tədqiqinin aparılması zəruridir. Lakin bütün hallarda mutasiyanın aqressivliyi təsdiq olunsa belə, bu yalnız “Omikron” ştamının Ro indeksində dəyişikliyə səbəb ola bilər. Başqa sözlə, bu ştam yalnız yoluxduruculuq gücünə görə beta, delta və sair kimi mutantlardan və eləcə də ana virus “COVID-19″dan bu və ya digər dərəcədə fərqlənə bilər. Patogenlik və letallıq gücünə görə isə qətiyyən fərqli olmayacaq”.
Musa Qəniyev qeyd edib ki, “Omikron” ştamının patogenlik və kontagenozluğu hələ təsdiqlənməmişdən belə ciddi cəhdlər göstərilir, halbuki qorxulu vəziyyət yoxdur:
“Məsələn, ABŞ-də Ağ Evin COVID-19-la mübarizə aparan işçi qrupunun üzvü Endi Slavit Omikron ştamına qarşı dərman vasitəsinin 2022-ci ilin yay ayında hazır olacağını bildirir. O söyləyib ki, ciddi narahatlığa əsas yoxdur. Çünki Pfizer və Moderna kimi əczaçılıq kompanyalarının bu ştama qarşı vaksin hazırlamasına cəmi 100 gün vaxt lazımdır. Moderna konserni isə hətta bu istiqamətdə artıq işə başladığını elan edib.
Yeni ştam “COVID-19″un xələflərindən biridir. Odur ki, istər xəstəlikdən sonra formalaşan təbii immunitet, istərsə də mövcud vaksinlər “Omikron” ştamına da mütləq şəkildə təsir göstərməlidir. “Omikron” ştamının patoloji fəallığının yüksək olması reallıq deyil, yalnız məlum maraq və məqsədlərə xidmət edir. Çünki bu halda mövcud peyvəndlər modifikasiya olunmalı, onların yeni versiyaları hazırlanmalı və satışa çıxarılmalıdır. “COVID-19″un ciddi genom fərqliliyi göstərən 24 mutant ştamı var. Hazırda ana ştam “COVID-19” və “Omikron” daxil olmaqla, onlardan 7-si (Alfa, Beta, Qamma, Lyambda, My, Delta, Omikron) öyrənilib. Digərləri üzərində müşahidələr aparılır. Şübhəsiz ki, növbəti aylarda onlar haqqında da dövrü olaraq məlumat veriləcək, həm də “COVID-19″dan da qorxulu və təhlükəli olduğu söyləniləcək”.
Gülşən Şərif
Paralel.az