Bəqərə surəsinin mesajları - VI yazı
Siracəddin Hacı
(əvvəli ötən sayımızda)
Bəqərə surəsinin nüzul ortamı, mövzu və mesajları
İKİNCİ AYƏNİN ANLAMI
Bu kitabın müttəqilər (təqva sahibləri) üçün hidayət rəhbəri olduğu şübhəsizdir.
Mücahid, Ata, Suddi, Abdullah ibn Abbas, Abdullah ibn Məsud, Rəbi ibn Enes “la raybə fih” (“içində şübhə yoxdur”) ifadəsini “özündə şəkk olmayan” kimi izah etmişlər (Taberi tefsiri, c.I, s. 110).
Mustafa İslamoğlu yazır ki, “rayb” (“quşqu”) “şəkk”dən daha əhatəlidir. “Şəkk” yəqinin (tam, yüzdə yüz əmin olmanın) ziddidir. “Rayb” isə qorxunu da ehtiva edən quşqudur (içində qorxu olan quşqu). O, şəkki şübhə, raybı quşqu kimi tərcümə etmişdir (“rayb” sözündən Qurani-Kərimdə on yeddi kərə istifadə edilmişdir, hamısı da “yenidən diriliş” və “axirət”lə bağlıdır). Yenidən dirilişə, axirətə inanmayanların qorxusunu dilə gətirir: yenidən diriliş, axirət varsa, halımız necə olacaq? (Hayat kitabı Kuran, s. 858)
“Təqva sahiblərinə (müttəqilərə) hidayət rəhbəridir”
Təqva Qurani-Kərimin ən önəmli anlayışlarından biridir. “Təqva” sözü “v-q-ya” kökündəndir. Qurani-Kərimdə eyni kökdən törəyən sözlərin sayı iki yüz əlli səkkizdir, bu mənaları var:
a) qorumaq
“Allah bizə lütf etdi, bizi vücudun içinə işləyən əzabdan qorudu” (Tur, 52/27).
b) qorunmaq
“Kim nəfsinin xəsisliyindən qorunarsa, məhz onlar qurtulacaqlar” (Mömin, 40/45; Duha, 44/56; Tur, 52/18).
Təqva ilə eyni kökdən olan “müttəqi” sözü də qorunan, təqva sahibi anlamlarını daşıyır: “Ərəb dilində canlı bir varlığın xaricdən gələcək təhlükəyə qarşı özünü qoruması təqva sözü ilə ifadə edilir. Təqva sözü Qurani-Kərimin anlayış sisteminə daxil olanda önəmli bir anlam qazanmışdır. Belə ki, Quranda təqva maddi bir təhlükədən deyil, mənəvi əzabdan, insanı bu əzaba sürükləyəcək piş işlərdən qorunmaq deməkdir. Bu kəlmə zamanla daha mənəvi bir anlam qazanaraq təmiz dindarlıq mənasını qazanmışdır” (Süleyman Ateş, Kurani-Kerim tefsiri, c.I, s. 91).
Təqva sözünün ilk keçdiyi yer Şəms surəsinin səkkizinci ayəsidir. Bu anlayışı bir sözlə ifadə etmək qeyri-mümkündür. Məhəmməd Əsəd “təqva” sözünü “məsuliyyət şüuru” kimi tərcümə etmişdir (Muhammed Esed, Kuran mesajı, s.4). Alimə görə, təqva uca Allaha qarşı məsuliyyət şüurudur, yəni ilahi fitrətin şüurdakı təzahürüdür: fitrətini qoruyan təqvalı olar.
Məsuliyyət ağıl və iradə ilə bağlıdır, insan ağıllı və iradəli varlıq olduğundan məsuliyyət daşıyır. Uca Allah əmanəti (məsuliyyəti) insana yükləmişdir.
Müsəlman məsuliyyətini anlayan və onun şərtlərini yerinə yetirən insandır. O, xeyirin çoxalması üçün əlindən gələni edər, bu ayəyə iman gətirər: bir toplum özünü dəyişdirmədikcə Allah da onları dəyişdirməz.
Məsuliyyətin ziddi biganəlikdir. Məsuliyyətli olmaq həddini, vəzifəsini, işini bilməkdir. İnsanın məsuliyyəti azad olduğu qədərdir. Məsuliyyət öyrədilən nemətdir, biz övladlarımıza məsuliyyəti öyrətməliyik. Hz.Adəm məsuliyyətli olmağın simvoludur: yanlış addım atdı, sonra tövbəyə yönəldi. Şeytan məsuliyyətsizliyin simvoludur, o, günahını uca Allahın üzərinə atdı.
Qədərçilik (məndən heç bir şey asılı deyil düşüncəsi) məsuliyyətsizlikdir, insanı dəyərsizləşdirməkdir, uca Allaha iftiradır, O, insanın aqibətini əməyinə (məsuliyyətinə) bağlamışdır. Məsuliyyət azad seçimdir, seçdiyinin nəticəsini qəbul etməkdir, örnək olmaq, vəzifələri paylaşmaq, xeyiri əmr edib, pisliklərdən çəkindirməkdir. Məsuliyyət özünü tanımaq, özünə güvənmək, ilahi təyinatını bilməkdir. Biz sadəcə etdiklərimizdən deyil, etmədiklərimizdən də məsuliyyət daşıyırıq. Şəxsiyyət olmaq istəyiriksə:
- məsuliyyətimizi biləcəyik;
- düşünəcəyik;
- çalışacağıq;
- islah edəcəyik;
- cəhalətdən qurtaracağıq;
Bu həqiqəti bilək ki, tarixdə iz qoymuş insanlar ciddi, məsuliyyətli, çilə çəkmiş insanlardır. Onlar bu dəyərlər uğrunda cihad etmişlər:
- tövhid;
- ədalət;
- elm;
- şəfqət və mərhəmət;
- azadlıq;
Bu dəyərlər uğrunda cihad etməyən insanın uca Allah yanında dəyəri olmaz.
Təqvada məsuliyyət şüuru ilə birgə əmanətə sədaqət var, təqvada borcluluq bilinci var: insan hər şeyini uca Allaha borcludur, bu borcu ödəməyin tək yolu uca Allaha təslim olmaq, Onun buyurduğu kimi yaşamaqdır.
Təqvanın kök mənası biri digərinə zərər verən iki şeyin arasına maneə qoyaraq zərər görəni və zərər verəni qorumaqdır.
Təqva insanı hidayətə qovuşdurar. İnsanı məsuliyyətli hərəkətə sövq edən nemət təqvadır.
Təqva insanın qoruma (immun) sistemidir, çox diqqətlə qorunmadır. Qurani-Kərim buyurur ki, təqva libasdır (Əraf, 7/26), dərin məsuliyyət duyğusudur, qorxmaq deyil, qorunmaqdır, o, ən dəyərli azuqədir (Bəqərə, 2/197), təqva fitridir (Şəms, 91/8), bütün ibadətlər təqvanı, imanı, fitrəti qorumaq üçün var, namaz, oruc, infaq... əsgərlərdir. Uca Allah ruhumuzu təqva libası ilə qorumamızı istəyir.
Uca Allah təqvalı olanları belə tanıdır. Onlar:
- uca Allaha iman edərlər;
- axirətə iman edərlər;
- mələklərə iman edərlər;
- ilahi kəlama iman edərlər;
- elçilərə iman edərlər;
- malı – onu sevməsinə baxmayaraq – yaxınlara, yetimlərə, yoxsullara, yolda qalmışlara, istəyənlərə və azadlığı əllərindən alınanlara verərlər;
- namazı dosdoğru qılarlar;
- zəkatı ürəkdən verərlər;
- verdikləri sözü yerinə yetirərlər;
- şiddətli çətinlik və darlığa qarşı sinə gərərlər;
- sözlərinə sadiq olarlar; (Bəqərə, 2/177)
Təqvalı insan bütün şərtlərdə imanını qoruyar, səbir edər, yəni dirənər.
Təqva uca Allahı sevmək, Ona ehtiram göstərmək, Onun buyruqlarını yerinə yetirmək, Onun rizasını qazanmaq üçün çalışmaqdır.
Qurani-Kərimə görə, müttəqilər (təqva sahibləri):
- əhdinə vəfalı olarlar; (Ali-İmran, 3/76)
- bağışlamağı sevərlər; (Maidə, 5/8)
- ədalətli olarlar; (Maidə, 5/8)
- doğru davranarlar; (Tövbə, 9/7)
- malla, canla cihad edərlər; (Tövbə, 9/44)
Mömin təqva ilə qulluq şüuruna çatar. Uca Allahın təqvalı olanlara vədləri var:
- onlar uca Allahın dostlarıdır; (Yunus, 10/62-63)
- qorxu görməyəcəklər; (Yunus, 10/62-63)
- uca Allah onlara qapı açar; (Talaq, 65/2)
- gözləmədikləri yerdən ruzi verər; (Talaq, 65/3)
- uca Allahın buyruqlarını asanlaşdırar; (Talaq, 65/4)
- günahlarını örtər; (Talaq, 65/4)
- böyük mükafat verər; (Talaq, 65/4)
- şeytanı tanıma gücü verər; (Əraf, 6/201)
- həqiqəti qavrama gücü bəxş edər; (Əraf, 6/201)
- haqqı batildən ayırma imkanı verər; (Ənfal, 8/29)
- pisliklərinin üzərini örtər; (Ənfal, 8/29)
- onları bağışlayar; (Ənfal, 8/29)
- rəhmət endirər; (Ənam, 6/155)
Qurani-Kərimdə təqva anlayışı şirkdən qorunma, (Fəth, 48/26) müsəlman olduqdan sonra böyük və kiçik günahlardan çəkinmə, (Əraf, 7/96) qəlbi uca Allahdan uzaqlaşdıracaq şeylərdən təmizləyərək Ona yönəlmə (Ali-İmran, 3/102) anlamlarında da işlədilmişdir.
Zəməxşəri deyir ki, müttəqi təcrübə sahibi olan insandır. Alimə görə, “əlif-lam-mim” birinci cümlə, “bu kitab” ikinci cümlə, “içində şübhə yoxdur” üçüncü cümlə, “müttəqilər üçün hidayət kitabıdır” dördüncü cümlədir: “Bu tərtib və sıralama istər bəlağət, istərsə də nəzm gözəlliyi baxımından çox doğrudur. Cümlələr bəlli bir tərtib və nizam içində bir-birinin ardınca gəlmiş, cümlələr arasında ahəngi təmin edəcək bir hərfə də ehtiyac duyulmamışdır. Cümlələr ard-arda gələrkən sanki biri o birisini qucaqlamış kimi iç-içədir... Bunun açıqlaması belədir: ilk olaraq hərflərə diqqət çəkilir, uca Allah bu hərflərlə meydan oxuyur, sonra kitabın kamal vəsfi vurğulanır, meydan oxuma vurğusu gücləndirilir, birinci cümlə (əlif-lam-mim) dəstəklənir, arxasından bu kitabda heç bir şübhə və quşqu olmadığı gerçəyini hayqırır (bu da kamal dərəcəsində bir şahidlikdir), çünki haqq və yəqin üçün var olan kamal dərəcəsindən daha üstün bir kamal dərəcəsi yoxdur...” (Zemahşeri, el-Keşşaf, c.1, s. 68-69).
Qurani-Kərimin imkanlarından istifadə etməyin ilk şərti Ona iman etmək, Onu oxumaq, anlamaq, təqvalı olmaqdır.
Həsən Bəsri deyir ki, təqva haram edilənlərdən qaçmaq, fərz qılınanları yerinə yetirməkdir.
Əbu Malik, Abdullah bin Abbas, Abdullah bin Məsud “müttəqi” sözünü “möminlər” kimi oxumuşlar. Kəlbi bu sözü “böyük günahdan qaçanlar” kimi izah etmişdir.
Dəhhak deyir ki, müttəqilər uca Allaha ortaq qoşmaqdan qaçanlar və Ona itaət edən möminlərdir. Katadə deyir ki, müttəqilərin kimliyi sıradakı ayələrdə açıqlanmışdır: qeybə iman edirlər, namaz qılırlar, onlara verilən ruzidən infaq edirlər...
Təqva sahibi olanlar uca Allahı görmədikləri halda, Ona iman edərlər, qeybə, axirətə inanarlar.
İnsan vicdanını rahatsız edən şeyləri tərk etmədikcə təqva dərəcəsinə qovuşa bilməz. Təqvalı insan o kəsdir ki, uca Allahın hər an və hər yerdə hazır olduğunu bilir, ilahi nəzarətdə olduğunu anlayır və həyatını bu ölçüyə uyğun yaşayır.
Təqva fitrəti qorumaqdır, o, hidayətə yol açar, insana haqqı batildən ayırma gücü verər, onu saleh əməllərə yönəldər.
Ömər bin Xəttab bir gün Übeyy bin Kabdan təqva haqqında soruşur. Übeyy ona deyir:
- Heç tikanlı bir yolda yeridinmi?
Ömər:
- Bəli, yeridim.
- Tikanlı yolda yeriyərkən nə etdin?
- Paltarımı topladım, tikanların mənə zərər verməməsi üçün çox diqqətli oldum.
- Təqva budur.
İnsan uca Allahın buyruqlarını yerinə yetirər, yasaqlarından çəkinər, bu yolla da təqvaya qovuşub ilahi əzabdan qurtular.
Mömin təmiz bir qəlblə, səmimi bir niyyətlə Qurani-Kərimə sarılarsa, ilahi kitab onu nura qovuşdurar. Seyyid Kutub yazır ki, təqva məsuliyyət, duyarlılıq, şüurda açıqlıq, davamlı qorxu və qorunmadır. Yolun tikanlarından, yəni həyat yolundakı şəhvətlərdən, çeşidli doymaq bilməyən arzulardan qorunmaqdır...
Müttəqi qorunulması zəruri olan şeylərdən qorunan insandır.
Təqvanın üç mərtəbəsi var: birincisi, küfürdən uzaq durmaqla əbədi əzabdan qorunmaqdır, ikincisi, bütün günahlardan qaçmaqdır, üçüncüsü, qəlbi uca Allahdan başqa hər şeydən təmizləyərək bütün varlığı ilə Ona yönəlməkdir.
Ayədə hidayət təqva sahiblərinə aid edilmişdir, çünki hidayət nurundan nəsibini alanlar, onun nəticəsindən faydalananlar təqva sahibləridir. Ancaq hidayət mömin olsun, kafir olsun düşünən hər kəsə şamildir. Belə ki, Qurani-Kərim buyurur: “... (Quran) insanlığa rəhbərdir...” (Bəqərə, 2/185).
Allah Rəsulu təqva ilə bağlı bu ölçüləri qoymuşdur:
- harada olursansa, ol, Allah qarşısındakı məsuliyyətini dərk et. Pisliyin arxasından onu yox edən yaxşı bir iş gör. İnsanlarla da gözəl əxlaqa uyğun davran; (Tirmizi, Birr, 55)
- insanı xalqın gözündə ucaldan var-dövlət, uca Allahın gözündə ucaldan təqvadır; (Tirmizi, Tefsirul-Kuran, 49)
- ey Allahım, Səndən hidayət, təqva, iffət, qəlb zənginliyi istəyirəm; (Müslim, Zikir, 72)
- ey Allahım, nəfsimə təqva ver, onu təmizlə...”; (Müslim, Zikir, 73)
Ardı var...
Paralel.az