Çətirinizi özünüzlə götürməyi unutmayın!
Paralel.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib ki, qonşu Türkiyə və Rusiyanın cənubunda siklonlarla bağlı soyuq atmosfer cəbhələrinin keçməsi müəyyən fəsadlar törədib.
“Azərbaycana yaxınlaşan soyuq atmosfer cəbhəsi əvvəlcə qış fəsli üçün o qədər də səciyyəvi olmayan cənub-qərb küləyinin güclənməsinə səbəb olacaq.
Daha güclü olan cənub-qərb küləyi 15-20, arabir 23-28 m/s-dək güclənəcək. Dekabrın 1-i gündüz isə güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Küləyin maksimal sürətinin 25-30 m/s-dək güclənəcəyi gözlənilir. Güclü küləkli hava şəraiti dekabrın 2-i səhərədək davam edəcək. Müqayisə üçün bildirək ki, noyabr ayı ərzində bundan daha şiddətli küləklər müşahidə olunub. Buna baxmayaraq, həmişə olduğu kimi, güclü küləkli hava şəraitində əhaliyə daha diqqətli olmaq məsləhət olunur”.
Xidmət rəisinin sözlərinə görə, bu gün və sabah atmosfer təzyiqinin kəskin tərəddüdü meteohəssas insanlar üçün əlverişsizdir:
“Yağıntının dekabrın 1-dən şimal və qərb rayonlarından başlayacağı, bəzi rayonlarda intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayın 2-də gündüz yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Dekabrın 1-də gündüzədək cənub-qərb küləyinin üstünlüyü temperaturun normadan yüksək olmasına səbəb olacaq, lakin ayın 2-də havanın temperaturu 5-8 dərəcə aşağı enəcək”.
Züleyxa