“Cəmiyyətə o qədər yalanlar deyilib ki, inam yoxdur”
Elxan Şükürlü yazır:
Helikopter faciəsi hakimiyyətin informasiya-təbliğat işinin şikəst halını, iflic durumunu növbəti dəfə hər kəsin gözləri önünə sərdi. Hansısa oğru və savadsız məmurun, əsasən də dələduzlardan ibarət “jurnalist şəbəkəsi”nin diliylə “Rəsmi xəbərləri gözləyin, ona inanın!” çağırışı etmək və hər şeyi cəmiyyətin üzərinə yıxmağa çalışmaq çıxış yolu deyil!
Doğrudanmı, görmürsünüz ki, problem şayiə yayanlardan daha çox elə bu “rəsmi xəbərləri gözləyin” deyənlərdə, baş vermiş istənilən hadisəyə qeyri-peşəkar, məntiqsiz və absurd arqumentlərlə "aydınlıq gətirmək" istəyənlərdədir?!
Anlayın: inam yoxdur, inam! İnam və etibar! Cəmiyyətə o qədər yalanlar deyilib, hər gerçək o qədər təhrif edilib ki, indi doğrularınıza belə, heç kim inanmaq, etibar etmək istəmir! "Yalançı Çoban"ın misalı...
Nə qədər ki gerçəklər oğrular və yalançılar dilindən səslənəcək, cəmiyyət də düşmənlərinizin doğru kimi sırıdığı yalanları eşitməyə, onların söylədiklərini həqiqət kimi qəbul etməyə köklənəcək! Bu isə ölkəni fəlakətə aparır!
Xalqda inam qazanmaq istəyirsinizsə, dürüst olun, dürüst adamları da tapıb cəmiyyət önünə çıxarın, bulaşıqları, gözdəndüşmüşləri yox!
Paralel.az