Buza - qədim türk içkisi
Mərakeşli səyyah Muhəmməd ibn Battuta (1304–1377) “Səyahətnamə”sində türklər haqqında aşağıdakı maraqlı məlumatları vermişdir:
“Bu yerlər Dəşti-Qıpçaq adı ilə tanınan çölün bir hissəsidir. Çöl yaşıl otlu, güllü-çiçəkli olsa da, orada ağaç, dağ, təpə, yüksəklik yoxdur. Odun olmadığına görə, burada ancaq quru təzək yandırırlar. Bu çöl qıpçaq adlı xalqa məxsusdur. Qıpçaqlar xristian dininə etiqad edirlər. Onlar möhkəm bədənli, güclü, sağlam və cüssəli insanlardır. Oğurluğa görə sərt şəkildə cəzalandırırlar. Qıpçaqlar şirniyyat yeməyi günah hesab edirlər. Əsas qidaları ət, duki adlandırdıqları dənli bitki və qımızdır. Müsəlman qıpçaqlar hənəfi məzhəbində olduqlarına görə, məstedici içkiləri caiz hesab edirlər. Duki dənlərindən çəkilmiş bu içkiyə onlar buza da deyirlər”.
Qeyd: Hənəfi məzhəbinin bəzi keçmiş alimləri İslam dünyasının böyük fəqihlərindən biri olmuş İmam Əzəm Əbu Hənifəyə (699–767) istinadla yalnız xurma və üzümdən hazırlanmış məstedici içikiləri haram hesab etmişlər. Bu alimlərin nəzərinə əsasən, İmam Əbu Hənifə həzrətləri və onun sevimli tələbələri İmam Əbu Yusiflə (735–795) İmam Muhəmməd Şeybani (749–805) ümumi adı nəbiz olan məstedici içkiləri aşağıdakı şərtlərlə halal və təmiz bilmişlər:
• Üzümdən və ya xurmadan olmamalıdır (nəbiz əsasən buğda, arpa və ya baldan hazırlanırdı);
• Xəmr (qaynadılmamış, köpüklənən, qazlanan və fermentləşən, yəni tərkibindəki şəkərin spirtə çevrildiyi üzüm, yaxud xurma suyu) sayılmamalıdır;
• Sərxoş olmaq niyyətilə içilməməlidir;
• Sərxoş edə biləcək miqdarda içilməməlidir (Hənəfi məzhəbinə görə, məstedici içki qəbul etmiş şəxsin sərxoşluq dərəcəsinə çatdığını göstərən əlamətlər bunlardır: yeri göydən, kişini qadından fərqləndirə bilməməsi və nitqində qüsurların yaranması);
• Əyləncə məqsədilə içilməməlidir;
• Belə içkiləri müsəlman elə içməlidir ki, bu zaman günahkara (sərxoşa) bənzəməsin.
Dağıstanın böyük alimlərindən Əbu Bəkr Aymaki (1711–1791) yazırdı ki, İmam Əzəm Əbu Hənifə məstedici içkilərin tam qadağa edildiyi hədislərlə tanış olmadığı üçün belə bir fətva vermişdir. Digər tərəfdən isə, Osmanlı səyyahı Övliya Çələbi öz “Səyahətnamə”sində qeyd etmişdir ki, “Dağıstanın Koysu şəhərində din xadimləri makşəmə adlı qatı və dadlı buza içirlər”. Həmçinin Dağıstan tarixi və mədəniyyətinin gözəl bilicisi, böyük alim, Stalin repressiyalarının qurbanlarından biri Əli Kayayev Qumukinin (1878–1943) məlumatına görə, “Dağıstanın məşhur fəqihlərindən olmuş Həsən Kəbir Kudali (1715–1795) bəzən az miqdarda buza içirdi”.
Müsəlman fəqihlərinin buzaya münasibətini əks etdirən maraqlı rəvayətlərdən birini oxucunun nəzərinə çatdıraq: “XVIII əsrin məşhur Dağıstan alimi, qızılbaşlarla sonadək müharibənin qatı tərəfdarlarından, təşkilatçılarından və rəhbərlərindən biri olmuş İbrahim Hacı Gidasa Uradi (1683–1770) növbəti həcc ziyarətindən bir ərəb ilahiyyatçısı ilə qayıtmışdı. Soyuq qış günlərindən birində buzlu suda irtimasi qüsl etmiş (buzlu suya baş vurmuş) ərəb möhkəm donaraq üşüməyə başlamışdı. Evə qayıtdıqdan sonra İbrahim Hacı qonağına “bakva-çaqa” adlı buza vermişdi. Ərəb buzanı içib qızınmış, özünü yaxşı hiss etmiş və demişdi: Orada haram olan burada halaldır”. Ehtimal edə bilərik ki, milliyyətcə ərəb olan bu alim Nadir şah Əfşara qarşı mübarizəni koordinasiya etmək məqsədilə Osmanlı imperiyasının Dağıstana göndərdiyi emissarlardan biri idi. Belə ki, İbrahim Hacı müqəddəs şəhərləri 1731, 1743, 1761 və 1769-cu illərdə ziyarət etmişdir. Xatırladaq ki, Dağıstanda Səfəvilərə qarşı silahlı qiyam 1721-ci ildə başlanmış, hərbi əməliyyatlar 1747-ci ilədək sürmüşdür. 1741–1743-cü illər bu münaqişənin ən şiddətli mərhələsi olmuşdur”.
Haşiyə: Buza buğda, arpa və darıdan, eləcə də, qarabaşaq və vələmir unundan hazırlanan içkidir. Tərkibində 4–6 faiz spirt olur. Krım, Qafqaz, Volqaboyu və Orta Asiyada, eləcə də Balkan yarımadasında çox populyardır. 2009-cu ildən ABŞ-da da istehsal olunur.
Ehtimala görə, bu içkinin adı tatar dilindəki “buza” (səs-küylü münaqişə, dava-dalaş) sözü ilə əlaqəlidir.
Rus dilindəki “pivə” sözünün guya qədim slavyan dilindəki “piti” (içmək) sözündən, ingilis və alman dillərindəki “beer” və “bier” sözlərinin isə vulqar latın dilindəki “biber” (içki) sözündən törəndiyi iddia edilir. Lakin maraqlıdır ki, başqa fərziyyəyə əsasən, “beer” və “bier” sözləri qədim german dilindəki “beuza” (arpa) sözündən yaranmışlar. “Buza” (türk dilində arpa və digər dənli bitkilərdən hazırlanan içki) və “beuza” (qədim german dilində arpa) sözlərinin bir-birinə bənzəməsi, zənnimizcə, onu göstərir ki, türk dillərindəki “buza”, ingilis və alman dillərindəki “beer” və “bier”, eləcə də rus dilindəki “pivə” sözlərinin mənşəyi, əslində, eynidir. Qərbi german dillərindən biri olan şimali friz dilindəki “bere” (arpa) və ingilis dilindəki “barley” sözləri ilə Azərbaycan və digər türk dillərindəki “arpa”–“arba” sözü arasında da, ola bilsin ki, bağlılıq vardır. Belə ki, “arpa”–“arba” (qədim hun dilinə ən yaxın dil sayılan çuvaş dilində isə “urpa”) sözü qədim türk dilindən qədim german dilinə keçdikdən sonra müxtəlif mərhələlərdə transformasiyaya uğrayaraq “abra”–“bara”–“bera”–“bere” formalarını ala bilərdi. O da mümkündür ki, qədim german dilinin mənimsədiyi “bera”–“bere” (arpa) sözündən törənmiş “beuza” (arpa) sözü Xaqan Atillanın Qərb yürüşləri zamanı “buza” şəklində türk dillərinə qayıtmışdır (Qeyd edək ki, Plutarx qədim saklarda qadınların arpanı qaynadaraq içki hazırladığından öz tarix əsərində geniş bəhs edib. Herodot isə midiyalı sakların 3 qolundan birini «houmavarqa» yəni houma içkisi bişirənlər adlandırıb — red.).
Bu kiçik haşiyə ilə söhbətimizin sonuna çatdıq…
P.S. Müasir Hənəfi alimlərinin əksəriyyəti hesab edir ki, tərkibində spirt olan istənilən içki haram və murdardır.
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
Paralel.az