Anonim məktub
(”Qısa hekayələr” silsiləsindən)
Bilənlər bilir, bilməyənlər üçün deyim ki, keçən əsrdə sovetlərdə bir anonim məktub yazmaq şakəri vardı. Varlı-kasıbın olmadığı, hərənin öz “halal zəhməti” ilə dolandığı bir İttifaqda bütün kasıblar bütün varlılardan yazırdı. Kənd cammatı kolxoz sədrindən, müəllimlər məktəb direktorundan, məktəb direktorları maarif müdirindən yazırdı. Rayonun I katibindən tutmuş, Respublikanın, hətta İttifaqın Baş katibinə qədər, hamıya yazırdı. Hətta Leninin mavzoleyinə - şəxsən Leninə anonim şikayət yazanlar da vardı. İnsafən, bütün məktublara ciddi baxılırdı, müəlifindən, anonimliyindən asılı olmayaraq, ciddi yoxlanılırdı.
Deməli, həmin dövrdə dağ rayonlarından birində, ucqar bir kənd sovetində Ədalət adlı bir sahə müvəkkili vardı, camaata qan uddurardı. Yeri gəlmişkən, dağ rayonlarında qazanmaq imkanı az, oxumaq imkanı çox olduğundan, anonim məktublar yarışında bu rayonlar liderlik edirdi. Nə isə, bizim sahə müvəkkili orta yaşlı biriydi, artıq çoxdan işləyirdi, milis mayoru idi. Yaxşı işçi olsa da (sahəsində cinayətləri aça bilirdi) , çox acgöz idi, odur ki, gözdən uzağa yollamışdılar. Burda da camaata göz verib, işıq vermirdi. Bundan gizli bir heyvanını qəssab edəni, rayona-bazara bir kisə qoz, şabalıd verəni dünyaya gəldiyinə peşman edirdi. Hər yerdə və hər şeydə Ədalətin payı olmalı idi... Bəli, bəli, hətta kənd arvadları birinə qarğıyanda “Sənin qapına Ədalət qadansın” deyirdi...
Kənd camaatı - ağsaqqalları, ziyalıları təbii ki, yazırdı, dayanmadan yazırdı. Bakıdan Moskvaya kimi. Amma nəticəsi yox idi?! Əvvəla, dediyim kimi, Ədalət acgöz olsa da, yaxşı işçi idi. Sonra, “Həsən ağa”nın qohumlarındandı, rayonda adamı vardı. Kənddə ağsaqqal bir ədəbiyyat müəllimi vardı – Rüstəm müəllim. Kənd camaatı, ağsaqqalları məsləhətə, məşvərətə bu kişinin yanına gedirdi. Cavanlığından harama baxmazdı, sirr saxlamağı bacarırdı, əmanətə xəyanət edən deyildi. Bu dəfə də hörmətli ağsaqqallar, qarasaqqallar gəldilər Rüstəm müəllimin yanına ki, nə edək, bu Ədaləti kənddən necə rədd eək?! Ağsaqqal müəllim bunlara diqqətlə qulaq asdı, dedi söhbət öz aramızda qalsın, mən bir şey fikirləşərəm...
Rüstəm müəllim sovet dövrünün bütün ziyalıları kimi rusca babat bilirdi. Bu dəfə də lüğətdən faydalandı, birbaşa Moskvaya, sahə müvəkkili Ədalətdən, onun bəd əməllərindən şikayət məktubu hazırladı. Məktub anonim olduğundan müəllim bildiyini və eşitdiyini tam sərbəst yazmışdı. Ancaq sonda, ünvan yazanda dayandı. Bir az tərəddüd etdi, amma “Moskva. Kreml. Leninin mavzoleyinə, şəxsən Bladimir İliçə” sözlərini əlavə etdi...
Hadisədən bir ay keçir. Bir gün sahə müvəkkili Ədalət tənbəllik eləmir, Rüstəm müəllimgilə gəlir. Bir stəkan çay içir, sonra söhbəti açır. Deyir Rüstəm müəllim, siz ağsaqqal adamsız, ədəbiyyat müəllimisiz, yəqin kənddə hamının xəttini tanıyırsız. Bu kənddə bi oğraş var, özü də rusca babat bilir. Təsəvvür edirsiz, məndən Moskvaya Kremlə, Leninin mavzoleyinə məktub yazıb. Məktub da 20 adamdan keçib, axırda mənim üstümə gəlib. Dünən rəis çağırıb verdi, dedi tədbir gör, bir də belə şeylər olmasın. Siz bu məktubu götürün, bir-iki gün baxın, xahiş edirəm, bu oğraşı tapın. Söz verirəm, mən də sizə borclu qalmaram, xəcalətinizdən çıxaram. Amma bu oğraşın da xəcalətindən çıxacağam. Məktubun anonim müəllifini deyirəm, kənd nədir, onu rayondan çıxaracağam...
Qalib ARİF