Mənliyini axtalatdıranlar

Mənliyini axtalatdıranlar
 

I kursda oxuyurdum. İmtahan biletini çəkib cavab vermək istəyirdim ki, bir zorba şəxs II kurs tələbəsi Elşənin qulağından yapışıb içəri girdi: "Validə xanım, dərsi pozan bu əbləh idi?" -deyib oğlanın qulağının dibindən bir şillə tutuzdurdu. Pul və tanışlıqla tələbə adına layiq görülmüş 20 yaşlı Elşən qıpqırmızı qızarıb əsim-əsim əsirdi, qəhərdən boğulurdu. Validə xanım ona baxıb qımıldandı: "Bu, dərsdə ilana dönür".
- Başını daşa döyür yaramaz. Validə xanım, bu dəfə qiymətini yazın, hələ evdə onun başına, görün, nə oyun gətirtdirəcəyəm. Atası dəli inək balasını tapdayan kimi tapdayacaq!".
Deməli, qulaqdan yapışan müəllim Elşənin "zammaq" atasının dostu və qonşu fakültənin zırrı-pırrı dosenti imiş. Elşəni də universitetə "skidka" rüşvətlə atasının hesabına məhz bu zırınpa qəbul elətdirmişmiş, özü də birbaşa ərəb filologiyasına (BDU, Şərqşünaslıq fakültəsi, dekabr 1990-cı il).
İndi vəziyyətə nəzarət edən akademşəbəkə “qulaqdan tutaraq peysərinə şillə tutuzdurub gözükölgəli etmə” ənənəsini uğurla davam etdirir, neçə-neçə elşənvari tələbə, doktorant, alim və alimçənin qulağından yapışıb pis niyyətini həyata keçirir. Qulağını ələ verib mənliyini axtalatdırmış tələbə, doktorant, alim, ya alimçədən isə yaxşı bir şey gözləmək sadəlövhlükdür...

0.027366876602173