Sistemdən dəm vuran sistemsiz alimlər
Kimi dindirirsən, deyir, günah sistemdədir. Sanki sistem fövqəlbəşər, mexaniki bir şeydir, düyməni basırsan, sistem dəyişir və orada cəmiyyətin rifahına aid bütün işləri yadplanetlilər icra edirlər. Adam öz təfəkkür tərzini yox, qanmadığı, bilmədiyi hansısa bir abstrakt sistemi ağzına alıb durur. İylənmiş, yalla qaynayıb-qarışmış, 9-cu babasından əliəyriliyə vərdiş etmiş bu zat öz şəxsində heç bir suç görmür...
İllər uzunu elm müəssisəsində məsul vəzifə tutub, yeyib-dağıdıb, yüzlərlə övladlarımızın həyasını, təcrübəsizliyini istismar edib, "At olmayan yerdə eşşək də atdır" prinsipi üzrə özünü onların gözündə bütləşdirib, akademikləşdirilənə qədər AAK vasitəsilə dosentləşdirilib, professorlaşdırılıb. İndi bu professor rüşvət almasa, doktorantı aldatmasa, akademşəbəkənin zərərli fəaliyyətinə "qatqıda bulunmasa", büdcə oğurluğundan pay almasa, bağrı çatlayar, di gəl ki, ağzını açanda haqdan, düzlükdən, sistemin yarıtmazlığından dəm vurur. Ölkənin başçısının ünvanına deyinir, "alçaq sistemin fəsadları" deyib əllaməlik edir, di gəl ki, antidövlət və antimilli xislətli bosunun ünvanına yalnız tərif yazır.
Belə mənəviyyatsız, ikiüzlü, dərəcəli, titullu zatlarla hansı normal sistemi qurmaq olar? Oğru, riyakar, yaltaq, yalançı, fırıldaqçı və mənəviyyatsız alim şəbəkəsi ilə hansı ədalətli, qanunun işlək olduğu cəmiyyətdən danışmaq olar? Sistem bizə adekvatdır.
Baxırsan, yekə bir elmi-tədqiqat institutudur. İşçilərinin sayı yüzlərlədir. Çoxu alimdir.
Alim, nə alim?! Özlərini islah etmək əvəzinə, "sistem"dən dəm vuran sistemsiz alimlər! Müdiriyyətin yaratdığı qanunsuz şəraitdən faydalanan, küncdə-bucaqda xısın-xısın xosunlaşan, hənəkləşən, ölkənin taleyini, zərrə qədər də olsun, düşünməyən, vecsiz, məsuliyyətsiz, cahil, hər pis əməlini "sistem" adlı mücərrəd məfhuma bağlayıb öz mənəviyyatsızlıqlarına, köləliklərinə, şəxsiyyətsizliklərinə haqq qazandıran, boslarının şəninə şayan olan gərəksiz, ziyanlı və nadürüst alimlər!
Son müşahidələrim göstərir ki, "Günah sistemdədir" deyən və qanunsuz əməllərinə haqq qazandıran yüzlərlə dərəcəli, titullu ünsürlər dövləti içdən dağıtmağa səy edənlərdir. Çox nadir hallarda vəzifəsinə məsuliyyətlə yanaşan şəxslə qarşılaşmaq olur. Bu mənada elm və səhiyyə boslarının və onların əlaltılarının qəsdən narazılıq yaratmaq fəaliyyətləri ölkəni böyrü üstə qoymaqda, xaosa sürükləməkdədir.
Qanunun bunlara gücü yetmir. Niyə? Çünki xalqın öndə gedən alimi, ziyalısı səmimi deyil, akademiki bu xalqa nifrət edir, baş həkimindən tutmuş sıravisinə qədər cibini güdür. Bir sözlə, özümüz özümüzə gor qazırıq. Şüurumuz kaldır. Nəticədə öz xeyrimizi anlamayan küt, görməmiş, bir-binə düşmən bir topluma çevrilirik. Bu prosesdə udan olmur, bütöv bir xalqın məğlubiyyəti labüd olur.
Bu ünsürlər kütləvi dağıdıcı əməllərinə, acgözlüklərinə, cahilliklərinə, məsuliyyətsizliklərinə, nadanlıqlarına, çürük təfəkkürlərinə görə özlərini qınamır, özünüislah haqqında düşünmür. Onlar yalnız bir nəfəri - ölkənin başçısını qınayır.
(Gərək o qədər nadan olasan ki, xalqın təfəkkür tərzini, davranışını, dünyagörüşünü nəzərə almadan bir prezidentin başqası ilə əvəz edilməsi ilə sistemin ideal sistemə çevrilməsinə inanasan. Mən bir xalq kimi düşüncə tərzimi dəyişə bilmirəmsə, adam kimi qanunlarla yaşamağın mahiyyətini anlamıramsa, əlbəttə, vəziyyətimin yaxşı olacağını gözləmək şansım da yoxdur).
Bununla belə, öz şəbəkə boslarının, direktorlarının, rektorlarının, nazirlərinin, akademiklərinin yanbızını yalayır, xalqın, rəhbərin və dövlətin ziyanına olaraq dağıdıcı, xain şəbəkənin mövqelərini gücləndirirlər.
Xırdalı-yekəli, qanar-qanmaz şəbəkə xadimləri ağızlarını açan kimi "Ax, bu günahkar sistem" deyib öz nacinsliklərinə, ləyaqətsizliklərinə, kölə psixologiyasına, mənəviyyatsızlıqlarına haqq qazandırmaq istəyirlər.
Bu qəbih və zərərli prosesə nəinki iri oğrular, akademik-mülkədarlar, məmur-oliqarxlar, hətta it yalı yalayıb susan və adını ziyalı qoyanlar da qoşulur.
Beləliklə, sosial-iqtisadi və siyasi faciə qaçılmaz olur.
Qanundan zəhləsi gedən, sadə alim şəxsiyyətini yala-pula satıb bosunun qabağında it kimi zingildəyənlər "mücərrəd sistem"i lənətləyirlər. Bu yol düzəlmək yolu deyil, əfəndilər! Sizin kimi düşüncə sahibləri yalnız şallaqlanmalıdırlar, çünki sivil qayda-qanunlar belə "mütəfəkkirlər"ə yaraşmır və adekvat deyil.
P.S. Ay əbləh, qurulacaq sistemin subyektlərindən biri də sənsən, deyilmi? Bu ağıl, bu düşüncə, bu şəxsiyyət, bu ləyaqət, bu mənəviyyatla hansı sistemi özünə layiq bilirsən?!
Paralel.az