Şəfəq Hüseynlinin layihəsi AŞNK-nin gündəliyinə daxil olundu

Şəfəq Hüseynlinin layihəsi AŞNK-nin gündəliyinə daxil olundu
 

AMADA-nın direktoru Şəfəq Hüseynlinin layihəsi artıq Avropa Şurasının Nazirlər Komitəsinin gündəliyinə daxil olundu

 

Azərbaycanın Milli Antidopinq Agentliyinin Direktoru və Avropa Şurasında gender bərabərliyi üzrə məruzəçisi Şəfəq Hüseynlinin müəllifi olduğu “Antdiopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsi xüsusi olaraq əhəmiyyətli layihə kimi Nazirlər Komitəsi tərəfindən dəstəklənib. Paralel.az xəbər verir ki, bu, noyabrın 24-də Avropa Şurasının Nazirlər Komitəsinin 1418-ci iclası zamanı Ümumdünya Antidopinq Agentliyi üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) 2022-2025-ci illər üzrə əsasnaməsinin təsdiq edilməsi zamanı qərarlaşdırılıb. Belə ki, yeni əsasnaməyə əsasən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan gender bərabərliyi üzrə ciddi addımlar atılmalıdır. Bunu nəzərə alaraq, Ş. Hüseynlinin artıq başladığı gender bərabərliyi üzrə layihəsi ayrıca olaraq bu istiqamətdə görüləcək işlər kimi Nazirlər Komitəsi tərəfindən təsdiq edilib.

Qeyd edək ki, Avropa Şurasının müxtəlif komitələrinin əsasnamələrində adətən onların missiyası, vəzifələri və fəaliyyət istiqamətləri əks etdirilir. Lakin, gender bərabərliyi Avropa Şurasının Baş Katibinin, Marija Pejcinovic Buric-in elan etdiyi prioritet istiqamətlərindən biri olduğundan, Ş. Hüseynlinin layihəsi xüsusi diqqət cəlb edib və CAHAMA-nın əsasnaməsində yeganə layihə kimi yer alıb.

Nazirlər Komitəsi Ş. Hüseynlinin “Antdiopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsinin əhəmiyyətini və aktuallığını nəzərə alaraq belə bir qərar qəbul edib və əsasnamə ilə tapşırıb ki, layihənin icrası ilə bağlı xüsusi hesabat hazırlansın. Bununla bağlı, hesabat 2022-ci ildə Ş. Hüseynli tərəfindən Nazirlər Komitəsinə təqdim ediləcək.

Qeyd edək ki, Ş. Hüseynli cari ilin may ayında CAHAMA-nın 53-cü iclasında “Antdiopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsini təqdim etmiş və layihə dəstəklənərək Avropa şurası ilə birgə icrasına qərar verilmişdi. Bununla bağlı, Avropa Şurasının İdman Konvensiyaları üzrə Sədri və Katibliyi tərəfindən Azərbaycana xüsusi təşəkkür bildirilmişdir.

Layihənin məqsədi antidopinq təşkilatları və antidopinq üzrə dövlətlərarası qurumların arasında gender balansı haqqında məlumatın toplanmasını, təsis sənədlərinin və daxili qaydaların təhlil edilməsi və bununla əlaqədar yekun hesabatın və tövsiyyələrin hazırlanmasıdır.

Xatırladaq ki, Ş. Hüseynli 2019-cu ilin oktyabr ayında Avropa Şurasının Gender Bərabərliyi Məruzəçisi seçilmişdir.

 

Şahnaz Salehqızı

Paralel.az

0.025951147079468