“Təhsildə yeni standartlar, çağırışlar və bərabər imkanlar"
Qoşqar müəllim yazır:
İki gün əvvəl şagirdlərə "Təhsildə yeni standartlar, çağırışlar və bərabər imkanlar" mövzusunda seminar keçərkən həyəcanlı idim. Çünki uzun vaxt sonra əyani tədbir olacaqdı və şagirdlərə danışacaq olmaq ayrı bir müsbət enerji, sevinc qarışıq həyəcan verirdi.
Bərabər imkanlardan danışarkən xüsusilə qeyd etdim ki, təhsil müəssisələrinin hamısını bərabər keyfiyyətə gətirmək dünyanın heç bir ölkəsində mümkün görünmür. Ən yaxşı halda əlyetənliyi müəyyən qədər bərabərləşdirmək olar ki, o da çox çətindir. Çünki təhsil artıq irsiyyət kimi ötürülür. Həmişə olmasa da təhsilli insanların övladları təhsilli olur.
Dövlətlər əsasən bərabər fürsətlər verməyə çalışır. Çünki görür ki, fiziki olaraq və müəllim keyfiyyəti olaraq standartizasiya çox çətindir.
Bərabər fürsətlər vermək üçün internet ən gözəl alətdir. Xarici platformalarla birgə ölkəmizdə teledərsləri və Khan Academy Azərbaycanca videolarını, digər öyrənənlər üçün T-Networkun məzmunlarını, Şagirdlərin Elektron ELM Jurnalını və Şagirdlərin şəxsi inkişaf platformasını misal gətirdim.
Şagirdlər isə təəssüf verici olsa da gözləntilərinə cavab verən Start up düşüncəli, novator, İKT səriştəli müəllimlərin azlığından gileyləndilər. Açığı heyrətlənmişdim. Şagirdlər təhsilin problemlərini və həll yollarını təklif edirdilər. Əlbəttə ölkəmizin "Qaymaq" sayıla biləcək şagirdləri orada idi. Ancaq şagirdlərdən aldığım təəssürat o oldu ki, "Müəllimlər olaraq öz üzərimizdə çox işləməliyik."
Dəvət üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə dərin təşəkkür.
Paralel.az