Layihə planlaşdırılması və layihə təklifinin yazılması üzrə təlimlərə başlanılıb
Bu gündən Təhsil Nazirliyi tərəfindən ölkə üzrə onlayn formatda “Layihə planlaşdırılması və layihə təklifinin yazılması” üzrə təlimlərin keçirilməsinə başlanılıb.
Təlimin keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin effektiv layihə təklifinin hazırlanması və yazılması , layihənin inkişafı və layihə təklifinin yazılma prinsiplərinin müəyyənləşdirilməsi, Logical Framework (LF) yanaşması ilə layihənin dizayn edilməsi, layihə təklifi hazırlayarkən monitorinq və qiymətləndirmə prinsipləirindən istifadə edilməsi, hədəf dinləyiciyə istiqamətlənmiş hesabatların hazırlanması sahələrində bacarıqlarının artırılmasından ibarətdir.
Təlim proqramı layihə təklifinin hazırlanması prosesi, mühitin və ehtiyacların araşdırılması, ideyanın formalaşması, layihə təklifinin anatomiyası, layihənin icra planı, monitorinq və qiymətləndirmə, layihənin icrası, risklərin idarəedilməsi, PR strategiyası və hesabatların hazırlanması daxil olmaqla bir sıra mövzuları əhatə edəcək.
Məlumat üçün qeyd edək ki, təlimlər 36 akademik saat olmaqla qabaqcıl ölkələrdə təcrübə keçmiş beynəlxalq və yerli təlimçilər tərəfindən keçirilir.
Təlimlər Bakı şəhəri və digər regionlardan ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərlə yanaşı, ümumtəhsil internat məktəblərində işləyən ümumilikdə 4371 müəllimin cəlb edilməsini hədəfləyir.
Qeyd edək ki, təlimin onlayn platformada keçirilməsi bütün bölgələrdə olan müəllimlərimizin qoşulması üçün böyük şans yaradır.
Paralel.az