Tarixə səyahət...

Tarixə səyahət...
 



Bəhmən Yunus Sultanlı,
İstedadlı kimyaçı alim

Xalqımızın ləyaqəili oğlu, istedadlı kimyaçı alim Bəbir Tağıyev Abı oğlu 1957-ci ildə orta məktəbi bitirərək Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin (indi BDU) kimya fakultəsinə qəbul olunmuş, 1962-ci ildə oranı bitirmişdir. O, kimya ixtisasını hələ orta məktəbdə oxuyarkən seçmişdi. Universitetdə nümunəvi oxuyurdu, tələbə məsuliyyətini dərk edirdi, tələbələr arasında, ictimai yerlərdə özünü tərbiyəli aparırdı, müəllimlərinin, tələbə yoldaşlarının, tanıyanlarının rəğbətini qazanmışdı.
Bəbir 1962-ci ildə diplom işi yerinə yetirmək üçün Bakı şəhərində yerləşən Ümumittifaq Elmi-Tədqiqat Olefinlər institutuna göndərildi. Universiteti bitirdikdən sonra o, adı çəkilən instituta işə göndərildi. İnstitutun təcrübə zavodu da vardı. Həm institutda, həm də təcrübə zavodunda minlərlə işçi çalışırdı. İnstitut SSRİ miqyasında qabaqcıl elm müəssisələrindən sayılırdı. Bu institutda yerli millətdən yalnız bir neçə elmlər namizədi çalışırdı. Onlardan Yunus Qəmbərovun, Əmir Baxşızadənin, Nadir Seyidovun, Aydın Bünyadzadənin adını çəkmək olar. İnstituta milliyətcə yəhudi olan professor Mark Aleksandroviç Dalin rəhbərlik edirdi. Bəbir Əmir Baxşızadənin rəhbərlik etdiyi laboratoriyada işləməli oldu. O, işə başladığı ilk gündən özünü müsbət cəhətdən göstərə bilmişdi. Ona görə də üç il Ümumittifaq Olefinlər Kimyası İnstitutunda işlədikdən sonra onu Azərbaycan Elmlər Akademiyası Akademik Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutu SSRİ Elmlər Akademiyasının o zamankı Leninqrad (indi Sankt-Peterburq) şəhərində yerləşən Yüksək Molekullu Birləşmələr İnstitutuna məqsədli aspiranturaya göndərdilər. O çağlar polimer kimyası sahəsi çox dəbdə idi, polimer materiallar sənayesi önə çıxmışdı, kimyanın inkişafda olan sahələrindən idi. İnstitutda görkəmli kimyaçı, milliyyətcə alman olan professor Aleksey Aleksandroviç Vanşeydt Bəbirə əsas elmi rəhbər təyin edildi.
Professor A.A.Vanşeydt yüksək molekullu birləşmələr kimyası sahəsində yeni, eyni zamanda mühüm tətbiq sahəsi tapmış elmi istiqamət açmışdı, eyni zamanda SSRİ Elmlər Akademiyasının adı çəkilən institutunda mötəbər bir polimerçilər məktəbi yaratmışdı. Bəbir böyük elmi potensialı, polimer kimyası sahəsində yüksək səriştəsi olan bu kollektivdə öz iş günlərini yüksək dərəcə məhsuldar işləyərək dissertasiya işini aspirantura dönəmində başa vurdu. Bundan sonra öz möhkəm iradəsi sayəsində müəyyən texniki çətinlikləri də dəf edərək dissertasiya müdafiə edib kimya elmləri namizədi alimlik dərəcəsi aldı. O, öncə Azərbaycan Dövlət Universitetinin kimya fakultəsinə işə düzəldi, sonra “yad adam”, yeni elmi istiqamətə yiyələnmiş “ümidverici alim” olduğuna görə qanunsuz, həm də şeytana məxsus yolla oradan uzaqlaşdırıldı. O, özünə iş yeri axtardı, Bakıda onun elmi istiqamətini nəzərə alan, onu işə götürən tapılmadı. Heç yerdən maddi köməyi olmadığına görə Sumqayıt şəhərindəki elmi-araşdırma institutunda ixtisasına uyğun olmayan laboratoriyada işə düzəlməkdən savayı çıxış yolu qalmadı. Doğrusu, o işə düzəlməzdən öncə orada neqativ halların olduğunu, institutun perspektivi görünməyən elmi istiqamətləri ilə də tanış olmuşdu. Bu institutun elmi istiqamətləri aktual olmamaqla yanaşı, həm də onun “yad adam” olması burada da onun işlərini əngəllədi... Azərbaycan Elmlər Akademiyası Sumqayıt şəhərində yerləşən, polimer sintezi ilə məşğul olan yeganə elmi-tədqiqat institutunda 1973-83-cü illərdə ona aspirant olarkən aldığı özəl polimer sintezi üzrə işəmək imkanı verilmədi.
1983-cü ildə isə ona həmin ixtisas üzrə işləmək imkanı yarandı. Bəbir müəllimin 1989-cu ildə özəl plastiklərin sintezi sahəsində təklif etdiyi yeni mövzu SSRİ Elmlər Akademiyasının ümumi kimya üzrə keçirilən müzakirələrində bəyənildi. Bundan sonra ona bu mövzunu işləmək üçün laboratoriya verildi. Bu arada onun Moskvada həmin mövzu üzrə bir neçə məqaləsi dərc olundu, 1994-cü ildə onu 250 ildən artıq yaşı olan Nyu-York Elmlər Akademiyasının üzvü seçiblər.
Qısa müddətdən sonra SSRİ çökdü, Bəbir müəllimin işlərini davam etdirməsi də artıq mümkün olmadı.

Bundan sonra o, işləmək üçün Türkiyə Cümhuriyyətinə üz tutmalı oldu...
Cəsarətli, iradəli, mətin, savadlı, əqidəli, düz, Vətən, millət təəssübçüsü olması onun hər cür təzyiqlərə, əngəllərə sinə gərməsinə hər zaman yardımçı olurdu...
Atası fanatikcəsinə İslam dininə bağlı adam olmuşdu. Kolxozdan əldə edilən gəlirin halal olmasına şübhə ilə baxdığına, bununla ibadətinin pozulacağından ehtiyatlandığına görə kolxoza girməkdən imtina etmişdi. Lakin 1939-cu ildə kolxoza girməyəcəyi halda onu Sibirə sürgün edəcəklərini düşünərək kolxoz girməyə məcbur olmuşdu.
Ancaq Bəbir Abı oğlu kimi gələcəyi olan, kimya sahəsində yeni, aktual bir elmi istiqamətə yiyələnmiş alimin elmi qabiliyyətindən istifadə etmək əvəzinə, onun başını təbiətinə yad olan işlərə, öz mənəvi göstəricilərinə, elmi səviyyələrinə uyğun gələn intriqalara qatırdılar. O isə bunlardan qaçmağa, özünü elmə həsr etməyə çalışırdı. Bununla, onun gələcəyinə, respublikamız üçün yeni olan aktual bir sahənin inkişafına töhfə verməsinə xəbiscəsinə zərbə vururdular. Zaman ötdü, həmin xəbis niyyətli insanların bir hissəsi ölüb getdilər, özləri üçün bu dünyada uzun zaman yaşaya biləcək ad qoymadılar. Bir hissəsi də bu gün gor əzabı çəkə-çəkə gün keçirməkdədirlər...
Bəbir müəllim öz əhatəli elmi biliyini, geniş dünyagörüşünü təmasda olduğu soydaşları ilə bölüşə bilən, onlara təsir etmək gücünə malik şəxsdir. Ancaq o, bacarığını doğma vətəninin, xalqının faydalanmasına öz ürəyincə sərf edə bilmədi. Bəli, öz ürəyincə sərf edə bilmədi!.. Əslində, ömrünü boş-boşuna havaya da sovurmadı, xalqının ayrı-ayrı bilik sahələrində maariflənməsi üçün heç vaxt heç nəyi əsirgəmədi.
Bəbir Tağıyev milliyətcə türkdür, məramına görə türkçü, İslamçıdır, istəyi türkü, İslamı daha böyük yüksəlişdə görməkdir. Ona görə də Bəbir müəllim türkçülüyü, islamçılığı təbliğ edən, bu yolda həmişə aktivlik göstərən ziyalı təbiətli elm adamıdır. O, müstəqillik qazandığımızdan bir müddət sonra Türkiyənin Qars universitetində işə düzəldi, burada 10 ildən artıq vaxt biçimində müəllimliklə məşğul oldu. Eyni zamanda Türkiyəli gənclərə də doğma münasibət bəsləyərək onların dünyagörüşünün formalaşmasına səylə çalışdı, böyük əmək qoydu. O, Türkiyəni özünə yad ölkə, Türkiyə türklərini özünə yad millət saymır, Qars universitetində işləmiş olduğundan indi də rahatsızlıq keçirmir, öz millətinin övladlarına dərs deməklə bu millətə xidmət etdiyini düşünür. Ancaq ailəsini, yaxınlarını burada qoyub uzaq məkanda işləməyin ağır olduğunun işgəncəli olduğunu da dana bilmir.
Bəbir Tağıyev Abı oğlu ilə tanışlığımız 1957-ci ilin dekabr ayına təsadüf edir. O çağlar hər ikimiz Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) birinci kurs tələbələri idik. ADU-nun indi Akademik Məmməd Arifin adını daşıyan küçədəki yataqxanasında yaşayırdıq. Yataqxananın heç bir şəraiti yox idi, o zamanların fəhlə yataqxanasını xatırladadırdı. Mən universitetin tükənməz sevgi bəslədiyim fizika-riyaziyyat fakultəsinin fizika şöbəsinə (bir neçə aydan sonra müstəqil fizika fakultəsi) qəbul olunmuşdum, Bəbir isə ürəkdən bağlandığı kimya fakultəsinə. Azərbaycan Dövlət universitetinə qəbul olunmağımız taleyimizə böyük bir xoşbəxtlik kimi düşmüşdü. Yardımlı kimi ucqar dağ rayonundan gəlib ən nüfuzlu ali məktəbə, onun da ən nüfuzlu fakultələrinə qəbul olunmuşduq. Bəbirə qədər universitetin kimya fakultəsinə Yardımlıdan bir nəfər (Adil Həsənov) qəbul olunmuşdu. Bəbir özünə çox inamlı idi, deyirdi, bu il də olmasaydı, gələn il bir qədər də hazırlaşıb mütləq kimya fakultəsinə qəbul olunacaqdım. Hər gün dərsdən sonra ya kitabxanaya gedirdik, ya da yataqxananın oxu zalında birgə dərs hazırlayırdıq. O çağlar ana dilimizdə dərsliklər yox idi, bununla, kitabxanalarda rus dilində də olsa, kitablar yetərincə deyildi. Oxu zalı darısqal idi. Orada həm yer çatışmırdı, həm də kitablar. Elə vaxtlar olurdu, saatlarla həm kitab, həm də yer növbəsinə dayanmalı olurduq. Rus dilini bilmədiyimizə görə kitabı “Rusca-azərbaycanca sözlük” vasitəsilə söz-söz oxumalı olurduq, anlamını yazdığımız mühazirəyə fəhmlə uyğunlaşdıra-uyğunlaşdıra tapırdıq.

Dərsləri bu yolla öyrənməli olurduq.
Məni şəhər mühiti çox sıxırdı, burada tanıdığım adam olmadığına görə çox darıxırdım. Bəbir isə, elə davranırdı, elə bil, anadangəlmə burada yaşamışdı. Bu, Bəbirin şəhər mühitinə bələdliyi ilə bağlı idi. Onların ailəsi bir vaxtlar Lənkəran şəhərinə, Masallı bölgəsinə köçüb orada bir neçə il yaşamışdı. Qısa müddətdə onunla bir-birimizə isnişə bilmişdik. Günümüzün çox hissəsi bir yerdə keçirdi. O biri yandan da hər ikimiz atasızlıq kimi oxşar tale yaşadığımıza görə idi. Görünür, az müddətdə bu qədər yaxın olmağımıza səbəb olan başqa cəhətləimiz də yox deyildi.
Bəbirin ən çox xoşuma gələn cəhətlərindən biri onun açıq fikirliliyi, həyata nikbin baxması idi. Təbiətcə sadə idi, heç bir əlçatmaz iddiaya düşən deyildi. Öz ixtisası ilə yanaşı tarix, coğrafiya fənlərini yaxşı bilirdi, mütaliəçi idi, çoxsaylı bədii ədəbiyyat oxumuşdu, hansı yazıçını, hansı bədii əsəri desəydin, o əsər haqda məlumat verirdi. Onunla istənilən mövzuda danışmaq, söhbət etmək, fikir bölüşmək mümkün idi. Bəbirlə dost, yoldaş, bir yol yolçusu olmağa dəyərdi. Ayr-ayrı adamları, birlikləri, təşkilatları müzakirə etməyi sevərdi, ancaq xain, evyıxan deyildi, heç kimə həsəd aparmazdı. Biz hər gün görüşürdük. Söhbətlərimizin mövzusu müxtəlif olurdu. O, iradəli, əqidəli gənc idi, gələcək haqqıda da hələ aşağı kurslarda oxuyarkən qərara gəlmişdi. Məqsədi Bakıda qalıb elmlə məşğul omaq idi. Mənim də bu yolla getməyimi istəyirdi. Üçüncü kursu yenicə bitirmişdik, dənizyanı bulvarda gəzişirdik, məndən universiteti bitirəndən sonra harada işləyəcəyimi soruşdu. Kənddə fizika, riyaziyyat müəllimi işləmək arzusunda olduğumu dedim. O, bu fikrimə etiraz etdi, dedi, gedib kiminsə çörəyinə mane olmaq istəyirsən? Kənd məktəblərinin öz müəllimləri var. Nə üçün qalıb elmlə məşğul olmaq istəmirsən, axı, elmlə məşğul olan adamlara daha böyük ehtiyac var!.. Onun bu sözləri ani olaraq beynimdə güclü bir fırtına yaratdı. Bundan sonra bir qədər fərqli düşünməyə başladım.
Elə o vaxt Bəbiri məğrur, ağıllı, savadlı bir gənc kimi tanımışam, saf, düz, yoldaşa, dosta, qardaşa, qohuma səmimi, sədaqətli adam kimi görmüşəm. Bu keyfiyyətlərin onun mənsub olduğu ailəni səciyyələndirən başlıca cəhətlər olduğunu müşahidə etdikcə ona, bu ailəyə hörmətim artırdı. Bu ailə halal əməklə dolanan, umacaqsız ailə idi. Qardaşların hamısında bu cəhətlər özünü aydın göstərirdi.
Tələbəlik illərində Bəbiri haqsızlıqla barışmayan sağlam düşüncəli, bolşevik rejimini iztehza hədəfinə çevirən cəsarətli bir gənc kimi tanımışam. Sovet imperiyası dönəmində milli əyalətlərdə, o sıradan da Bakı şəhərində yerli millətin rəhbərliklərdə təmsil olunanlarına inanmırdılar, onlara səlahiyyət etibar etmirdilər. Bu məsələlər diqqətimizdən yayınmırdı. Yerli millətlə istilaçı millət, onun “dəvəti” ilə təşrif gətirmiş millətlər arasında qoyulan ayrı-seçgiliyi həmişə müzakirə edirdik. Çox vaxt başqaları ilə söhbətlərimiz zamanı bu məsələlərin müzakirəsinə geniş yer ayırırdıq. Bizim kimi kənddən gəlmiş gənclərin bu cür düşünməsi çoxlarının təəccübünə səbəb olurdu. O çağlar bu məsələlər çoxlarına yad idi, bir çoxıarı da bu mövzuda danışmağa cəsarət etmirdi...
Bolşeviklərin rus-sovet imperiyasının milli siyasətini öyrənmək, ondan sonuc çıxartmaq, milli mənafelərimizlə bu siyasət arasında əlaqə axtarmaq bizi həmişə məşğul edirdi, daim düşündürürdü. Zaman keçdikcə həmfikirlərimiz, millətçi tanışlarımız çoxalırdı. Bədii əsərlərdə sətiraltı millətçilik toxumları axtarırdıq. Bununla, nəzəri biliklərimiz artırdı, günü-gündən məlumatlanırdıq, mətinləşirdik.
Lap gənclik çağlarından hər bir işimizdə, hər bir addımımızda öz xalqımız, onun bu günkü, gələcək taleyi haqqında düşündüyümüzə, xalqımızın övladlarına həssaslıqla, qayğı ilə yanaşan olduğumuza görə öz soydaşlarımız, öz tanış-bilişlərimiz arasında bizə hörmət qoyurdular. Bir çox məsələlərdə bizi özünə arxa, sirdaş, ağsaqqal seçənlər, bizimlə çəkinmədən məsləhətləşənlər tapılırdı.

Bu addımlar ən çoxu yerli millətə qarşı mövcud ayrıseçgiliyə kəskin daxili etirazla, ölkəmizin yerli xalqlarının hüquqlarının pozulmasına müqavimət göstərməsi ilə bağlı idi.
Millətin mənafei üçün işləmək istəyən gərək nümunəvi işləsin, təmiz əxlaqlı, saf mənəviyyatlı, səviyyəli, yüksək savad sahibi, həmişə ağıllı adamlarla məsləhətləşən olsun, bir sözlə, özünü yolunda çarpışdığı amala həsr etməyi bacaran olsun. Belə cəhətlər Bəbirdə var idi. Bəbir bu cəhətlərinə görə tələbə yoldaşlarının bir çoxundan üstün idi. Bəbir iti ağlına, dərin zəkasına, təmiz əxlaqına, o sıradan bir çox mənəvi keyfiyyətlərinə, milli tərbiyəsinə, səviyyəsinə görə də gənclik illərində layiqli insan, diqqətdənyayınmaz vətəndaş idi. Onun mənsub olduğu ailə ilə Bəbir vasitəsilə lap dostluğumuzun ilk çağlarından yaxından tanış olmuşdum. Onun sadə, təmiz, saf, sağlam mənəviyyatlı bir ailədən çıxması məndə silinməz iz qoymuşdu. Bunlar Bəbir gilin ailəsinin ululardan gələn, qanda olan keyfiyyətləri idi.
Babası Kərbəlayi Tağı Porsovanın (məncə kəndin əsl adı Parsabaddır. Azərbaycanın cənubunda da bu adda şəhər mövcuddur, onun ilk adını sonradan hakim olmuş Rza şah dəyişmişdir) varlı adamlarından olub. Onun əkinə yararlı geniş torpaq sahəsi, böyük təsərrüfatı olub. Ulu babası Məşədi Xanalı Nəcəf şəhərində dünyəvi ali din təhsili alaraq Axund din rütbəsinə çatmışdır. O, ömrünün sonunadək Parsoba Parsabad) kəndinin axundu olub. Axund Xanalının bir çox yetişdirmələri olub. Onlardan Nəcəfdə, Bağdadda təhsillərini davam etdirənlər, axundluq dini rütbəsinə çatanlar indi də yaddaşlardadır. Məşədi xanalının yetirmələrindən Axund Babanı Azərbaycanın işğalından sonra - 20-ci illərin axırlarında bolşevik cəza aparatı (NKVD) güllələyib.
Bəbirgil beş qardaş, bir bacı idilər, atalarını erkən itirmişdilər, güzaranları çox ağır keçmişdi. İş yerləri, dolanışıq imkanları zəif olan Yardımlı kimi dağ rayonunun kəndində başsız qalmış ailəni dolandırmaq çox çətin idi. Ona görə də onlar köçüb bir müddət Lənkəranda yaçamışdılar. Maddi ehtiyaclar onları son həddədək sıxmışdı, əzmişdi, ancaq sındıra bilməmişdi, çox vüqarlı, qürurlu qalmışdılar. Bu qardaşları yaxından tanıyanda ağır ailə şəraiti keçirmiş olduqlarını nə eşitməmişdim, nə də sezməmişdim. Yalnız mənsəb, iş-güc, arvad-uşaq, dolanışıq sahibi olduqdan sonra öz sıxıntılı həyatlarından mənə danışmışdılar. Onlar necə də mənlikli, necə vüqarlı, alçalmaz, əlçatmaz idilər!..
Qardaşlardan (yaş ardıcıllığı ilə: Təriş, Azay, Fərman, Bəbir, Fəzail) üçü ali təhsil almışdı: Təriş Azərbaycan Xalq Təsərrüfatı Institutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti), Bəbir Azərbaycan Dövlət universitetininin, Fəzail Azərbaycan Neft və Kimya institutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) bitirmişdi. Üçü də eyni müddətdə oxuyumuşdulr. Ailənin maddi durumu Azayın orta təhsil almasına imkan verməmişdi. Fərman isə orta təhsil almışdı, qardaşları ali məktəblərdə oxuduqlarına görə o, ali təhsil almaqdan bir müddətə imtina etmişdi, ailəyə hayan olurdu, maddi köməklik göstərmək üçün çşrpınırdı. O, deyirdi, qardaşlarının ehtiyacları azalandan sonra ali məktəbə qəbul olunacaq. Təriş qiyabi təhsil alırdı, həm də Yardımlıda Kənd təsərrüfatı idarəsində mühasib işləyirdi. Tərişlə Fərman imkanları daxilində Bəbirlə Fəzailin maddi ehtiyaclarına dayaq dururdular. O, ailəyə maddi cəhətdən köməklik göstərmək məqsədilə işləmək üçün Sibirə getdi, orada faciəli həlak oldu (Allah rəhmət eləsin!). Fərman tərbiyəli, qoldan güclü, ağıllı, qorxmaz, işgüzar, cəsur bir oğlan idi.

Hələ aşağı kursda oxuyarkən Bəbir məni əmisi oğlanları: Azərbaycan Dövlət Universiteti kimya fakultəsinin tələbəsi Salman Xanıyevlə, Vladimir İliç Lenin adına Azərbaycan Pedağoji İnstitutunun (Azərbaycan Pedağoji Universiteti) tələbəsi Təzəxan Sultanovla, ana tərəfdən qohumları: Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (Azərbaycan Tibb Universiteti) tələbəsi Dədəbəy Rzayevlə, Azərbaycan Dövlət Neft-Kimya İnstitutu Sumqayın filialının tələbəsi Nərçə Ağayevlə, Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnsitutunun (Azərbaycan Aqrar Universiteti) tələbəsi Əlövsət Məlik oğlu ilə, bir neçə başqa yaxınları ilə də tanış etmişdi. Bunlar hamısı Bəbirə, onun çıxdığı ailəyə sayqı ilə yanaşırdılar, inam, ümid bəsləyirdilər.
Gənclik dönəmindən belə Bəbiri, onun qardaşlarını öz qohumlarının, dostlarının, bütövlükdə xalqımızın taleyindən ayrı görməmişəm. O, həm özü, həm də qardaşları qohum istəyən, dosta sədaqətli, millətini sevən, mənlikli insanlar kimi yadımda qalıblar. Yaxınları həmişə onun köməyindən, ağıllı məsləhətləridən bəhrələnərdi. Tələbəlik illərində qardaşlarının, əmisi uşaqlarının oxuması daim onu düşündürərdi, Bəbir yeri gəldikcə onlara yol göstərərdi, məsləhətlər verərdi, ali təhsil almalarına, savadlanmalarına, irəli getmələrinə maraqlı idi.
Əmiləri oğlu rəhmətlik Salman bu qardaşların işığına gəlmişdi, Bəbirin qardaşı Fəzailin işlədiyi zavodda işə düzəlmişdi, Azərbaycan Dövlət Universitetində ali təhsil almışdı. Salmanın qardaşı Tahirin istedadını görən, bundan fərəh duyan Bəbirin məsləhəti ilə o, Bakı şəhərindəki fizika-riyaziyyat təmayüllü 1 saylı orta internat məktəbə qəbul olunmuşdu (fizika-riyaziyyat elmləri doktoru elmi adı almışdır, hazırda Bakı Dövlət Universitetinin professorudur).
Biz aspirant olduğumuz dönəmdə də müntəzəm yazışırdıq, əlaqə saxlayırdıq. Məktubumuzda şəxsi işlərimizdən, maddi-mənəvi durumumuzdan, rus şovinizmindən, xalqımızın taleyindən söz açırdıq, bu mövzuda düşündüklərimizi bölüşürdük. İmperiya dönəmində rus şovinizmi ilə aramsız rastlaşırdıq, bunu o dərəcədə müzakirə edirdik, az qala, özümüz də şovinist olmuşduq. Ancaq bizim “şovinist”liyimiz başqa xalqlara qarşı repressiyaları, milli eqoizmi, zülmü qəbul etmirdi, xalqların istismarına, gerilənməsinə yönəlmirdi. Biz öz xalqımızın, eləcə də başqa xalqların tərəqqisini, yüksəlişini, özünün maddi, mənəvi ehtiyatlarından istifadə etmə imkanının olmasını istəyirdik. Bu istəyimiz öz başlanğıcını tələbəlik illərimizdən götürmüşdü. Ancaq Moskva, Leninqrad mühiti dünyagörüşümüzün formalaşmasında, məlumatlarımızın zənginləşməsində mühüm rol oynayırdı, məqsədlərimizin durulmasında, çalışmalarımızın planlı aparılmasında böyük önəm daşıyırdı.
Bizim tələbəlik dönəminədək formalaşan dostluq münasibətlərimiz indi də davam etməkdədir. Həmişə onun mənsub olduğu ailə illər boyu maddi sıxıntılara, mənəvi əzablara tuş gəlsələr də, necə də sınmamışdılar, vüqararını itirməmişlər, necə də ağıllı, savadlıdı idilər, Azərbaycan ailəsinə, türk qövmünə xas olan ən yaxşı keyfiyyətləri özlərində cəmləşdirdilər! Ailənin böyük oğlu Təriş mühasiblik peşəsinin, Bəbir elmin, Fəzail təşkilatçılığın kamil mütəxəssisi idilər, vəzifələri də vardı, əyri yollarla varlanmaq üçün imkanları da, ancaq maddi ehtiyac içində yaşayır, halal dolanışıqdan mənəvi rahatlıq duyurdular.
Yeri gəldiyinə görə bir misal çəkmək istəyirəm: ailənin Təriş bir gün Bəbirin rayon Partiya Komitəsinin Birinci Katibi ilə qohumluq əlaqəsi olan bir dostunun Yardımlıya gedib onu Yardımlı meşəmilik idarəsinin baş mühasibi vəzifədən azad etmək üçün katibə ağız açmasını xahiş edir, o da xahişi katibə çatdırır. Katib buna təəccüblənir, deyir, Tərişi savadlı, təcrübəli, işini yaxşı bilən adam olduğuna görə həmin vəzifəyə təyin etmişik, o vəzifəyə keçmək üçün böyük məbləğdə rüşvət vermək istəyənlər var, o, nə üçün belə böyük vəzifədən çıxmaq istəyir, bəlkə onu incidən var? Katib Tərişi çağırıb işdən çıxmasının səbəbini soruşur, o isə, rüşvət almağa, rüşvət verməyə təhrik olunduğunu, belə əməli bacarmadığını katibə bildirir, vəzifədən çıxarılmasını bir daha xahiş edir.

Katib həmin vəzifədən ötrü ona rüşvət təklif edildiyini yadına salır, Tərişin isə belə bir “yağlı vəzifə”dən imtina etdiyinə təəccüblənir, bunun səbəbini, kimlərinsə ona əngəl törədib-törətmədiyini soruşur, əngəl törədildiyi halda kömək edəcəyinə söz verir. Bu zaman Təriş istefa verməkdə son mövqeyini katibə bildirir, katib onu işdən azad etmək məcburluğunda qalır... Bu məsələni katib sonralar da yeri düşəndə bir misal kimi hamıya danışırdı...
Təmiz, vicdanlı, halal, bacarıqlı, qabiliyyətli adamlar həmişə cəmiyyətdə, dövlət yanında, insanlar arasında alnıaçıq, üzüağ olurlar, eyni zamanda ehtiyac içində yaşayırlar. Bu ailənin həyat yolu da belə olub, yaşayış tərzi də bu cür olub. Onlar bacarıqlı, əməksevər olduqları qədər də həmişə maddi çətinliklərlə üz-üzə olublar, maddi ehtiyac içində yaşayıblar, heç kimə həsəd aparmayıblar...
 Bəbirlə, onun qardaşları ilə münasibətlərimiz təmannasız, səmimi olub - nə onlar məndən, istifadə etməyib, nə də mən onlardan. Bu yazım da Bəbirin çıxdığı ailəyə bəslədiyim sayqıdan, sevgidən irəli gəlib, bunları yazmaya bilməmişəm, yazmağı özümə mənəvi borc saymışam.
Bu qardaşları tanıyanların, ona bələd olanlar onlar barədə burada söylədiklərimə şərik çıxacaqlarına, şübhə ilə yanaşmayacaqlarına əminəm.
Heç vaxt Bəbirdən hansısa, barışılmaz bir incikliyim, davamlı umu-küsülüyüm olmayıb. Onlara həmişə qardaşcasına, ərkyana yanaşardım, bəzən sözümü onlara kəskin deyərdim, fikrimi kəskin bildirərdim. Tündməcaz sözlərimə də gülə-gülə, zarafatyana, zarafatyana cavab verərdilər. Bir-birimizə istənilən sözümüzü həmişə açıq deyə bilmişik, bir-birimizlə açıq müzakirələr aparmağa çəkinəcəksiz olmuşuq, ortaq sonuca gəlməkdə çətinliksiz olmuşuq.
Bəbirə olan səmimi münasibətlərim indiyədək itməyib, bundan sonra da itməyəcək. Bizim qarşılıqlı səmimi münasibətlərimizdən ailəm, ulusum, dost-tanışlarım da tanışlığımızın ilk dönəmlərindən məlumatlı olublar. Uşaqlarımın, ulusumun, tanıyanlarımın, dostlarımın da bizim bu dostluğumuzu həmişə anmaları, uca tutmaları, onların da Fəzaili, Bəbiri, Tərişi, bütünlükdə həmin ailəni indinin özündə də unutmadıqları mənim üçün sevinclidir, xoşdur...
Bəbirin iki övladı var, ikisi də ali təhsillidir. Oğlu (Emin) Azərbaycan İqtisad Universitetini, qızı (Nigar) Bakı dövlət Universitetini bitirmişdir.
Dediklərimə qatqı olaraq Bəbirgillə əbədi dostu oldğumu deyə bilərəm...

Paralel.az

0.07395601272583