Ziyalı, Vətəndaş, ictimai xadim
Bəhmən Yunus Sultanlı
Hələ orta məktəbdə oxuyanda böyük ziyalımız, görkəmli ictimai xadim Vəli Məmmədovun Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) oxuması haqqında eşitmişdim. Ailəmizdə mənə onun kimi oxumağı, onun kimi çalışmağı tövsiyə edirdilər. Orta məktəb müəllimlərim də Vəli haqqında fəxrlə danışırdılar, onun təşkilatçılıq bacarığından, təhsilindən, tərbiyəsindən maraqlı misallar gətirirdilər, onu bizə örnək göstərirdilər. O zaman hamı Vəli Məmmədovun yolu ilə getməyi, Vəli Məmmədov kimi oxumağı, Vəli Məmmədov kimi təşkilatçı olmağı öz idealına çevirirdi. Vəli ilə şəxsən tanış olmaq isə məktəbimizdə bütün şagirdlərin arzusuna çevrilmişdi. Belə bir övlad yetirmiş ailəyə, onun başçısı, Vəlinin ziyalı təbiətli insan olan atası Hüseyin əmiyə, onun ailəsinə də xüsusi sayqı, xüsusi ehtiram göstərilirdi. Vəli mənim də idealıma çevrilmişdi. Mütləq Azərbaycan Dövlət Universitetində oxumağı, onunla tanış olmağı qarşıya məqsəd qoymuşdum, ADU-da oxumayacağım halda həyatımın mənasız olduğunu düşünürdüm. Arzuma çatmaq üçün varlığımı sərf etmək qərarında idim.
1957-ci ildə Azərbaycan Dövlət universiteti fizika-riyaziyyat fakultəsinin fizika şöbəsinə qəbul olundum. Vəli Məmmədovla həmin ilin dekabr ayında şəxsən tanış ola bildim. Ucqar dağ kəndindən gəlmişdim, şəhər mühitinə bələd deyildim, Bakıda yaxın adamım, hansısa qayğıgöstərənim, yaşamağa yerim yox idi. Ona görə, bir yandan sıxıntıya məruz qalırdım, şəhər mühitinə alışmaqda, işlərimi müəyyən məcraya gətirməkdə böyük çətinliklərlə üz-üzə idim, ağır həyat şəraiti keçirirdim. Ən böyük çətinliklərimdən biri yaşayış yeri ilə bağlı idi, çətinliyə dözməyib oxumaqdan imtina etdirmək məqsədilə ailəmiz üçün ciddi əngəllər törədilirdi, bu da yaşayış imkanlarımı çətinləşdirir, mənzil kirələməyimi mümkünsüzləşdirirdi. Ona görə də univesitetin yataqxanasında yerləşməyim başlıca çıxış yolum idi. Yataqxanada yerləşməsəydim, universiteti buraxıb geri qayıtmağa məcbur ola bilərdim (bunu özüm üçün ölümdən də ağır sayırdım), başqa çıxış yolu da tapa bilmirdim. Universitetin o vaxt iki tələbə yataqxanası vardı, orada da yalnız yuxarı kurs tələbələri, müharibə əlillərinin, əmək qəhrəmanlarının, bu kimi başqa xüsusi imtiyazı olanların uşaqları yerləşdirilirdi. Mənim belə imtiyazlarım yox idi, üstəlik, «xalq düşməni»nin, «əksinqilabçı»nın oğlu idim (bunu heç kimə bildirmirdim). İmtiyazım isə yalnız uzaq dağ kəndindən gəlməyim ola bilərdi. Tanış olduğum yuxarı kurs tələbələrinin məsləhəti ilə universitetin təsərrüfat işləri prorektoruna, partiya komitəsinə, həmkarlar ittifaqı təşkilatına dəfələrlə müraciət etmişdim, ancaq müsbət sonuca nail ola bilməmişdim. Vurğuladığım həmin tələbələr Universitetin komsomol komitəsinə müraciət etməyimi məsləhət bildilər, həm də dedilər, komsmol komitəsində tələbələrə mümkün köməyi göstərirlər. Bunu nəzərə alıb Komsomol komitəsinə, birinci katibin qəbuluna getdim. Birinci katibin qəbulunda çoxlu tələbələr, valideyinlər… var idi. Katiblərdən Elmira Qafarova ilə Svetlana Qasımovanın qəbuluna düşməyim mümkün oldu. Qəbula gəlməkdə məqsədimi öyrəndikdən sonra bildirdilər, Vəli müəllim yataqxanaya belə kəsgin ehtiyacı olanlara mütləq köməylik göstərir, lazım gəlsə, universitetin hesabına mənzil kirə etməyə çalışır, o tələbələrə köməyini əsirgəmir. Vəli müəllimin Yardımlıdan olduğunu, onu tanıyıb-tanımamağımı soruşdular. Onu Yardımlıda qiyabi olaraq hamının tanıdığını, adını orta məktəbdə oxuyarkən eşitdiyimi, şəxsi tanışlığımın olmadığını dedim. Zəng vurub mənim haqqımda Vəli müəllimə məlumat verdilər, onun qəbuluna gəldiyimi bildirdilər, məni onun yanına apararaq, nə istədiyimi, öz haqqımda dediyim qısa məlumatı ona çatdırdılar.
O, ilk öncə məni universitetə qəbul olunmağım münasibətilə qardaş səmimiliyi ilə təbrik etdi, Yardımlıdan indiyədək fizika-riyaziyyat fakultəsində oxuyan olmadığını vurğuladı, mənim bu fakultəyə qəbul olunmağımı Yardımlı üçün böyük hadisə adlandırdı, yataqxanada mənim üçün mütləq yer düzəldəcəyinə söz verdi, üstəlik, bir sıra məsləhətlər də verdi, nə çətinliyim olsa, ona bildirməyimi tapşırdı. Öz yanımda bir neçə adama zəng vurub haqqımda danışdı, yerlisi olduğumu da diqqətə çatdırdı. Telefon dəstəyini yerinə qoyub mənə burada gözləməyi tapşırdı, özü otaqdan cəld çıxıb birazdan geri döndü, yataqxanalarda yer olmadığını, çarpayıları sıxışdırıb mənim üçün yer düzəltməyə rektorluqdan, universitet partiya komitəsindən, həkarlar təşkilatından razılıq aldığını bildirdi. Elmira xanımla Svetlana xanıma məni yataqxanada yerləşdirmək, çətinliklə üzləşsələr, ona müraciət etmək tapşırığı verdi. Bir neçə günə universitetin Azərbaycan Politexnik Institutunun (indiki Azərbaycan Texniki Universiteti) arxasındakı yataqxanasının 12 saylı otağında yaşayan 11 nəfər tələbənin çarpayılarını sıx yerləşdirməklə 12-ci çarpayını mənim üçün yerləşdirdilər. Özüm fizika-riyaziyyat fakultəsində oxusam da otaq yoldaşlarım filologiya, şərqşünaslıq, kitabxanaçılıq, tarix, jurnalistika, hüquq fakultəsinin tələbələri idi. Vəli müəllimin öz xeyircilliyi, mənə həssas yanaşması, ciddi səyilə yataqxanada yerləşdirilməyim universitetdə təhsilimi davam etdirməyimə səbəb oldu, eyni zamanda gələcək taleymi də müəyyənləşdirdi. Vəli müəllimin mənə belə yanaşması mənim gələcəyə olan ümidlərimi artırdı, məsuliyyət hisimi gücləndirdi, haqqımda ailəmizin, ilk müəllimim, yaxınımın nigarançılığı azaldı.
Vəli müəllimi ağsaqqalım, güvəncim sayırdım, sonralar da onunla əlaqəmi kəsmirdim, itirmirdim, onun qayğılı sözlərinə, müdrik tövsiyələrinə, məsləhətlərinə öyrəşmişdim, daxili ehtiyac duyurdum. Səhv etmirəmsə, 1958-ci ilin mart ayında Vəli Məmmədov kimi işgüzar, savadlı, əxlaqlı, vicdanlı, yüksək təşkilatçılıq qabiliyyətinə, böyük vətəndaşlıq qeyrətinə malik bir insan mənə bəlli olmayan hansı səbəbdənsə, Elmlər Akademiyası sisteminə, Nizami adına Ədəbiyyat institutunda kiçik elmi işçi vəzifəsinə keçirildi. Vəli müəllim mənim üçün qardaşım qədər doğmalaşmışdı, həmişə onu görməyə, dinləməyə özümdə mənəvi ehtiyac duyurdum, görüşmək, söhbətlərini, məsləhətlərini eşitmək üçün vaxtaşırı yanına gedirdim. Işgüzar, ağıllı, çevik, bacarıqlı təşkilatçı, sərbəstliyi sevən, qaynar təbiətli, açıq fikirli, savadlı, məlumatlı adam olan Vəli müəllim bir yerdə oturub vaxt keçirmək üçün yararlı olan mühitə sığmırdı. Bunu Vəli müəllimi tanıyan hər kəs müşahidə edə bilərdi. Işləmək üçün ona təklif olunan elmi mövzular da onu təmin etmirdi. Çünki bu mövzular özü demiş, hansısa şairin yaradıcılığında “sosializm relizmi”, “xalqlar dostluğu”, “kolxoz quruculuğunun tərənnümü”... adlı dəbə mindirilmiş, çürük fəlsəfəyə söykənən mövzular olduğundan, Vəli müəllimi təmin etmirdi, onun sərbəstliyini əlindən alırdı, istedadını, biliyini, bacarığını kiçildib dar bir çərçivəyə salırdı. EA sistemində rastlaşdığı bu mühit Vəli müəllim kimi bir adam üçün əzabverici idi. O, təbiətcə ümidli, nikbin adam idi, nə isə eləmək, xalqına xeyir verə biləcək hansısa sonucu almaq, xalqının inkişafına, irəliləyişinə lazım olan hansısa işi yerinə yetirmək uğrunda öz varlığını sərf etməyə hazır olan bir şəxsiyyət idi.
Vəli müəllimdə ona üz tutana biganə qalmaq xüsusiyyəti yox idi, adamı sonadək dinlədikdən sonra öz fikrini əsaslandırıb son qərarını deyirdi, fikrini bildirirdi. Vəli müəllimdə, xalqına, ümumilikdə insanlara həssas münasibət, xüsusi ehtiram vardı. Bəzən o, hər hansı problemlə üzləşdiyini biləndə, kömək üçün müraciət etməyəndə belə, öz imkanlarını götür-qoy edib köməyini özü təklif edərdi. O, köməyə ehtiyacı olana öz səlahiyyətləri çərçivəsində köməyini əsirgəmirdi, yeri düşəndə öz dərin zəkasının, iti ağlının süzgəcindən keçirib lazımi məsləhətlər verirdi, yol göstərirdi. Çox vaxt məsələnin ən düzgün həlli Vəli müəllimin məsləhəti ilə bağlı olurdu.
Vəli müəlim haqqında dediyim bu keyfiyyətlərin dəfələrlə şahidi olmuşam.
1959-cu ilin avqust ayı idi. Vəli müəllimin də tanıdığı, Vəli müəllimə rəğbəti olan bir dostumun qardaşı Nəriman Nərimanov adına Azərbaycan Tibb Institutuuna (indiki Tibb Universiteti) qəbul imtahanı vermişdi, yalnız Azərbaycan dili və ədəbiyyatdan (yazılı) «üç» aldığına görə konkursdan keçə bilməmişdi. Bunu dostumla birlikdə Vəli müəllimin yanına gedərək onunla məsləhətləşib çıxış yolu tapmaq lazım gəldi. O zaman Vəli müəllim Azərbaycan LKGI MK-da işləyirdi. Biz onunla görüşüb məsələni danışdıq. O, buna çox təəssüfləndi, dəstəyi götürüb kimə isə zəng etmək istədi, ancaq yadına nə düşdüsə, dəstəyi yerinə qoyub bizə Azərbaycan LKGI MK-nın Birinci Katibi görkəmli dövlət xadimi, son dərəcə qeyrətli Vətən oğlu Maqsud Əlizadənin qəbuluna getməyi, dediklərimizi ona bildirməyi məsləhət bildi. Bu, məsələni mənə həvalə edərək məni təlimatlandırdı, nə demək, necə demək yollarını dedi, bizim buna münasibətimizi soruşdu. Təbii, bu məsləhətə əlavəmiz olmadı, o, dəstəyi götürüb məni qəbul etməyi Maqsud Əlizadədən xahiş etdi. Mən Maqsud müəllimin qəbulunda oldum, məsələni ona çatdırdım, Vəli müəllimin məsləhət gördüyü fikri də çatdırdım. O, məni diqqətlə dinlədi, iş-işdən keçdiyinə görə çox təəssüfləndi, dedi, konkurs ərəfəsində bunu desəydiniz, kömək etmək mümkün idi, indi bunu başqa cür başa düşərlər. Həm də növbəti ildə öncədən əlaqə saxlamağı tapşırdı, dedi, onun imtahanlarını da nəzarətdə saxlayacaq, əminlik üçün buna söz verdiyini bir daha bildirdi. Bu sözü elə şəkildə dedi, onu yerinə yetirəcəyinə şübhə yeri qalmadı. M.Əlizadənin məni qəbul etdiyi məqam, dediyi səmimi sözlər, onda duyduğum səmimilik, doğmalıq mənim üçün əvəzi olmayan xoş xatirəyə çevrildi, xalqına olan məhəbbətinin təcəssümü təsiri bağışladı. Həmin görüş mərasimini, səmimi sözləri, mərdanəliklə verilən sözü Vəli müəllimə danışdım, o həm özü bundan razı qaldı, o, sözünün üstündə duran, mərd, xalqını sevən adam olduğunu bildirdi, dedi, gələn il onun da yadına salmaq lazımdır, Maqsud müəllimin öz sözünə əməl edəcəyinə şübhə ola bilməz. …
Vəli müəllim işləyirdiyi vəzifələrdə onu vicdanlı məmur kimi qəbul etməklə yanaşı, həm də böyük bir ziyalı kimi tanıyırdılar. Bu, onun səmimiliyi, sadəliyi, xeyircilliyi, qeyrətli vətəndaşlığı ilə bağlı idi. O, böyük vətəndaş idi, xalqına, Vətəninə tükənməz sevgisi vardı, həmişə dövlət qərarlarında Vətənin, xalqın mənafeinə cavab verən cəhətlər arayırdı, bu məsələyə ayıq münasibət bəsləyirdi, hər yerdə, hər bir işdə milli mənafelərimizi qorumaq yollarını axtarırdı. Xalqın adət-ənənəsinin yaşamasına, öz məcrasında inkişafına, dilinin yad təsirlərdən qorunmasına, cilalanmasına, anlaşıqlı olmasına çalışırdı, onu özünün, həm də hər bir soydaşının başlıca işi sayırdı. Bu baxımdan Novruz bayramının keçirilməsində böyük ziyalımız, o vaxtkı Azərbaycan KP MK katibi Şıxəli Qurbanovla yaxın dost, etibarlı məsləkdaş kimi çiyin-çiyinə çalışmışdı, bayramın keçirilmə ssenarisinin yazılmasından tutmuş, tədbirin keçirilməsinədək hamısında çox əvəzsiz rol oynamışdı, böyük işlər görmüşdü. Novruz bayramının keçirilməsinə sadəcə bayram tədbirinin keçirilməsi kimi baxan da var, ancaq onun qəhrəmanlıq çaları başqa bir cəhətindədir. Ş.Qurbanov Azərbaycan KP MK-nın, V.Məmmədov isə Bakı şəhər partiya komitəsinin ideoloji işlər üzrə katibi idi. Milli, dini bayramlar, milli nə varsa, hamısı qadağan olunmuşdu, milli hissləri oyada biləcək, gücləndirə biləcək nə var idisə, hamısı ciddi nəzarətdə saxlanılırdı, bunları təbliğ edən kim var idisə, təqib olunurdu, milliliklə bağlı olan istənilən hallara meyili adamlar özləri də təhlükəli adam kimi nəzarətə götürülür, müxtəlif yollarla sıradan çıxarılır, «zərərsiz»ləşdirilirdilər. Novruz bayramı da bizim milli, həm də sovet dönəmində dövlət səviyyəsində keçirilməsinə yol verilməyən, təbliği qadağan olunmuş bayramlarımızdan olmuşdur. Dövlətdə rəhbər vəzifə tutan adamların bu bayramın keçirilməsinə qərar verməsi, onun keçirilməsini təşkil etməsi son dərəcə məsuliyyətli, son dərəcə risqli bir iş idi.
Sovet dönəmində milli hisslərlə yaşayan, «millətçi» sayılan adamların «Xalq düşməni», «əksinqilabçı» damğası öncədən hazır idi. Bu damğalara layiq bilinmiş adamlar ən yüksək cəzaya məhkum edilirdi. Sovet dönəmində belə məsuliyyətin altına girənlər deyə bilərəm, təkcə Azərbaycanda deyil, başqa Sovet respublikalarında da nadir adamlar kimi qəbul edilirdilər. Novruz Bayramı tədbirinin Sovet imperiyası dönəmində Azərbaycanda keçirilməsi bu baxımdan qəhrəmanlıq, xalqın oyanışı, cəsarətləndirilməsi baxımından böyük olqu, xalqın gələcək taleyi yolunda möhtəşəm xidmət idi. Həmin olquya ancaq belə yanaşıldıqda bu işdə nə boyda iradə, necə böyük cəsarət ortaya qoyulduğu, qəhrəmanlıq nümunəsi göstərildiyi göz önünə gəlir...
1968-ci ildə Vəli müəllim hələ Bakı şəhər partiya komitəsinin katibi vəzifəsində çalışırdı. Bakı şəhər partiya komitəsində həlli vacib olan, çoxdan yığılıb qalmış işlər onun gecə-gündüz işləməsini vacib edirdi, ona şəhər sakinlərinin güclü inamı, dərin ehtiramı vardı. Ona görə, müxtəlif şikayətlərlə, müxtəlif təkliflərlə qəbuluna gələnlər də çox olurdu. Bu səbəbdən onun vaxtını çox da vacib olmayan məsələlərdən ötrü almaq düzgün deyildi. Bir gün Hüseyin əminin məsləhəti ilə, həm də mənim işlərimlə həmişə maraqlandığına görə onunla görüşmək, ona işlərim haqda bir növ hesabat vermək üçün qəbuluna getdim. Həmişə olduğu kimi Işlərim haqda maraqlandı, mən də lazımi məlumat verdim, suallarını cavablandırdım. Onu maraqlandıran mövzular ətrafında söhbətləşdik, təbii, mən də onun bu məsul işdə əldə etdiyi nailiyyətlər barədə eşitdiklərimi, buna sevindiyimi bildirdim, səhhətini soruşdum. Çox qayğılı idi, qəbul saatlarının başlanmasına da az qalırdı. Tökülüb qalmış işlərin miqyasının geniş olduğunu, ciddi işləmək lazım gəldiyini bildirdi, sadə görünsə də, küçə, müəssisə adlarında olan qarışıqlığın, dolaşıqlığın da narahatçılıq doğurduğunu, şəhərimizin adına, şöhrətinə uyğun gəlmədiyini, bu işdə də səliqə-sahman yaratmaq fikrində olduğunu əlavə etdi. Söz arasında Nizami küçəsinə bu günlərdə yolum düşüb-düşmədiyini xəbər aldı. Şəhərə çıxanda Nizami küçəsinə mütləq yolum düşdüyünü, belə olmayanda şəhərdən doymadığımı, oraya tez-tez baş çəkdiyimi dedim. Küçədə hər hansı dəyişikliyin gözümə dəyib-dəymədiyini soruşdu. Heç nə hiss eləmədiyimi bildirdim. Nizami küçəsinə baş çəkməyə tələsdim, qəbulun yaxınlaşdığını görüb sağollaşaraq otağı tərk etdim. Tələsik Nizami küçəsinə yollandım. Nəzərimi köhnə, toz basmış, rusca yazılmış reklamların yerində təzələnmiş, həm də öz dilimizdə yazılmış yeni reklamlar çəkdi. Bunu görəndə özümü başqa bir aləmdə sandım. Bu, o dönəm üçün çox böyük, həm də məsuliyyətli, risqli məsələ idi. Vəli müəllim imperiyanın xoşuna gəlməyən bu işi həyata keçirtməyə risq etmişdi. Sonralar bunu yoldaşlarıma da deyirdim, Nizami küçəsinə gedib yenilikləri öz gözlərilə görməsini istəyirdim. Bir müddətdən sonra Vəli müəllimlə görüşməyə yenidən imkan tapdım, o işdən çoxlarının xəbərli olduğunu, hamının buna görə ona rəğbət bəslədiyini, təşəkkür etdiyini çatdırdım, özümünsə, fərəh hissi duyduğumu, vüqarlandığımı bildirdim.
Vəli müəllim bu işə mərkəzi küçədən başlamaqda xalqın gözünün öyrəşməsi məqsədini güdmüşdü. Öz dediyinə görə, bir neçə müəssisələrdə, mərkəzi küçələrdə də həmin işi görmək üçün tədbirlər görülməsinə göstəriş vermişdi. Küçələrin, müəssisələrin adlarındakı milli hisslərimizə toxunan biabırçı durumu aradan qaldırmaq istəyirdi, bunu tədricən yerinə yetirəcəyini deyirdi. Bu işdə ciddi dəyişikliyə ehtiyac olduğunu, sahman yaratmağın vacibliyini deyirdi, çətinliklərin də mövcudluğunu təəssüflə vurğulayırdı, bu «kiçik» işə də böyük nəzarət edildiyini, özü də özümüzünkülər vasitəsilə nəzarət edildiyini bildirirdi. Belə «kiçik işlər»in miqyasını böyütməklə ilk öncə xalqın qəlbindən qorxu hissini çıxartmağı lazım bilirdi, sonra xalqın özünün bu işə qoşulacağını, tələblər irəli sürəcəyini, bununla, bu işlərin sürətlənəcəyini böyük həvəslə, həyəcanlı-həyəcanlı danışırdı. Onun belə danışması mənə də ruh verirdi, məni bir daha cəsarətləndirirdi.
Açığını desəm, Vəli müəllim bu işləri ilə Sovet dövlətinin dağılmasına xidmət etmirdi, o, Sovet dövlətində yaxşı cəhətlər də görürdü, ancaq milli məsələyə şovinist münasibətlə barışmırdı.
60-cu illərin sonlarında o, Kirov adına Siyasi Maarif Evinə müdir təyin edildi. Həmin vəzifə kiçik olmasa da, Vəli müəllimin qabiliyyəti müqabilində çox kiçik görünürdü. Coşqun təbiətli, ağıllı, tədbirli kadr, bacarıqlı təşkilatçı olan bir adamın belə bir oturaq işə keçməış ona işgəncə idi. Ancaq Vəli müəllim burada da millətin mənafelərinin müdafiəçisi funksiyasını bacarıqla yerinə yetirirdi, milli mənafeimizə layiqincə xidmət edirdi. Siyasi Maarif evində o, milli məsələlərlə bağlı geniş təbliğat imkanı qazanmışdı, xalqımızın böyük oğlu N.Nərimanov haqqında daha geniş material toplamaq üçün fürsət, şərait əldə etmişdi. Hər gün Vəli müəllimin yanına mülahizələrini eşitmək, onunla hansısa, müzakirələr aparmaq istəyən, milli məsələlərdə məsləthətlərinə ehtiyac duyan çoxlu dostu-tanışı, ona rəğbət bəsləyən insanlar gəlirdi. O, imperiyanın milli məsələlərlə bağlı siyasətindəki qüsurları, bu siyasətin özülündə dayanan şovinizmi qəbul etmirdi, ermənilərin, dostları, ürək qızdırdığı adamlarla dərdləşmələrində yerli olmayan millətlərin Bakının ən yaxşı yerlərində yerləşdirildiklərini, Azərbaycanın paytaxtı Bakı şəhərində ən yaxşı vəzifələri tutduqlarını vurğulayırdı, çıxış yollarını arayırdı. Deyirdi, kitabxanalardan da onlar daha çox yararlanırlar, təhsil almaq üçün də daha çox imkan qazanırlar, mədəni tədbirlərdən də onlar bəhrələnmək imkanına daha çox malikdirlər. Bu da bizim milləti ruhdan salır, zəiflədir. Vəli müəllimə görə, bu ayrıseçgiliyi aradan qaldıraq yolları axtarılmalıdır, özü də bu işə maraqlı tərəf kimi bunu biz etməliyik.
Vəli müəllimi sevən, ona inanan, rəğbət bəsləyən şəxslərdən biri də böyük Vətəndaş alimimiz, xalqımızın fəxri olan Xudu Məmmədov idi. Səhv etmirəmsə, 1985 payız aylarından birində Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı muzeyinin birinci ötəcindəki kitab dükanında müəlimim, mənəvi dayağım, özümə həmişə ağsaqqal saydığım Xudu Məmmədovla rastlaşdım. Özümüz üçün lazımi kitabları seçəndən sonra Xudu müəllim Vəli Məmmədovun yanına getməyimizi təklif etdi, dedi, çoxdandır onu görmürəm, gedək, görək nə işlə məşğuldur. O, Vəli müəllimlə az-az görüşərdi, ancaq bir dönəmdə universitetdə oxumuşdu, yaxın dost, məsləkdaş idi. Xudu müəllimin təklifindən hər hansı ciddi işim olsaydı belə, imtina etməzdim. Razılaşıb Siyasi Maarif Evinə getdik. Biz qapıçıya Vəli müəllimlə görüşə gəldiyimizi bildirəndə o, dedi, Vəli müəllim haraya isə getməyə hazırlaşır, çətin sizi qəbul eləməyə vaxtı ola. Mən Xudu Məmmədovun gəldiyini bildirdim, o da zəng vurub Vəli müəllimə çatdırdı. O, öz işini təxirə salıb Xudu müəllimlə görüşməyi üstün tutdu. Biz onun otağına çatanda o, bizi otağın qapısında gözləyirdi. Içəri keçdik, yer göstərdi, əyləşdik. Söhbətə zarafatla başladıar. Xudu müəllimin zarafatları çox vaxt imperiyanın ələ salınması ilə bağlı olurdu. Bu zarafatlarına Vəli müəllim də yumorla cavab verirdi. Söhbət zamanı Fələstin xalqının faciəsi geniş şərh olunurdu, həmin faciə XX yüzildə dünyada başlayan problemlərin tərkib hissəsi sayılırdı, ərəblərin pərən-pərən salınmasının bir mərhələsi kimi dəyərləndirilirdi, həm də bunun önəminin olacağını, ərəb dünyasının silkələnməsi, özünə gəlməsi üçün stimula çevriləcəyi vurğulanırdı.
Erməni şovinizminin mahiyyətini, bu şovinizmə dəstək verən qüvvələrin məqsədlərini açırdılar, daşnakların “Böyük Ermənistan” xülyası onları dəhşətə gətirirdi. Deyirdilər, ermənilər bu dövlətlərin ərköyün uşağıdır, ancaq bunu özləri erməni elmi ilə, erməni siyasəti ilə, erməni mədəniyyəti ilə bağlayırlar, əslində bunun kökündə başqa maraqlar dayanır. 1967-ci ildə Xankəndidə üç soydaşımızın diri-diri yandırılmasını onlar ikinci dünya müharibəsi zamanı faşizmin törətdiyi yəhudi soyqırımı ilə müqayisə edirdilər, ermənilərin bizlərə qarşı XX yüzilin öncələri törətmiş olduğu soyqırımı da yada salmaqla erməni faşizminin daha qəddar olduğunu bildirirdilər.
Vəli müəllim onların hansısa hazırlıq həyata keçirmək istədiklərini Ermənistandan, Dağlıq Qarabağ Muxtar Vilayətindən gəlib Bakıdakı kitabxanalarda, arxivlərdə eşələnmələrilə əsaslandırırdı, deyirdi, Siyasi Maarif evində partiya sənədlərilə, Dağlıq Qarabağ Muxtar Vilayətinə aid sənədlərlə, N.Nərimanov, S.Şaumyan... başqa şəxsiyyətlərlə çox maraqlanırlar, universitetin 80 yaşlı bir erməni müəllimi daim burada eşələnir, qınayan olmasa, gecə də burada yatar. Vəli müəllim dedi, ermənilər müəyyən hazırlıq işi gördükdən sonra öz həyasızlıqlarını büruza verəcəklər, bu da Sovet dövlətinə baha başa gələcək, bunu hazırda görməmək olmur. Xudu müəllim onların Sovet dövlətinin adını dəyişib «Böyük Ermənistan» qoymaq istədiklərini buraya əlavə etdi. Vəli müəllim dedi, onlar mətbuatda bu dövləti ermənilərin qurduğunu üstüörtülü də olsa, iddia edirlər, buna kitablar, tədqiqatlar həsr edirlər…
1988-91-ci illərdə məlum hadisələrlə bağlı öz əqidədaşlarımdan Ismayıl Təriqpeyma, Aydın Məmmədov, Firidun Ağasıoğlu, Tağı Xalisbəyli, Nemət Pənahlı… ilə Vəli müəllimin yanına gedirdik, onun məsələyə münasibətini, məsləhətlərini eşitmək istəyirdik. O, hadisəni elə əsaslı, arqumentli təhlil edirdi, çıxış yolunu o dərəcə ağıllı mühakimələrlə əsaslandırıb göstərirdi, biz heyrət edirdik. 1988-ci il meydan hərəkatını təhlil etmək üçün Vəli müəllim Ismayıl Təriqpeymanı, Firidun Ağasıoğlunu, Nurəddəin Mehdixanlını, bir də məni o zamankı iş otağına çağırdı, öz razılığımızla təhlilləri maqnitofon kasetinə yazdırmaq şərtilə olquları 10 gün müddətinə ayrı-ayrı detalları da nəzərə almaqla təhlil etdik. Təhlillərimizi bizim razılığımızla o, özündə saxladı, burada çox şeyin aydınlaşdığını, təzə fikirlərin ortaya çıxdığını, ona bir də təklikdə qulaq asmaq istədiyini dedi. Onunla həmişə əlaqə saxlayırdıq, arabir Firudin Ağasıoğlu ilə birgə yanına gedirdik, arabir də başqa dostlarımla. Hər dəfə də təhlillərimizdən müəyyən detalları yada salıb mövcud durumla əlaqələndirirdik. Dağlıq Qarabağ ətrafında olqu gərgimləşirdi, durum günbəgün mürəkkəbləşirdi. …
1991-ci il oktyabrın 28-idi, dostum, həm də Vəli müəllimə xüsusi rəğbət bəsləyən, əslən Ərdəbildən olan tanınmış ziyalımız, BDU hüquq fakultəsinin dosenti Ismayıl Təriqpeyma ilə birgə Vəli müəllimlə zəngləşib görüş təyin etdik. Dörd saatlıq görüşümüzdə yenidən 1988-ci il noyabr-dekabr olqularıyla bağlı 1989-cu ilin yanvarında apardığımız təhlilləri yenidən yada saldıq, həmin təhlillər zamanı deyilənləri olquların sonrakı inkişafı fonunda bir daha təhlil etdik, 1990-cı ilin yanvar qırğınına öz yanaşmalarımızı bildirdik, olqunun başvermə səbəblərini aydınlaşdırmağa, açmağa çalışdıq. Bir çox məqamlarda həmin təhlillər, həmin açıqlamalar olquların sonrakı inkişafında təsdiqlənirdi. Artıq xeyli söhbət etmişdik, yeni-yeni faktlar, yeni-yeni təhlillər ortaya çıxmışdı, özümüzdə də bir qədər yorğunluq yaranmışdı. Vəli müəllim birdən üzünü mənə tutub qəfil bir sual verdi. Dedi, de, görüm, Anar bilir sən onun xilaskarısan? Gözləmədiyim bu sualı eşitdikdə «Hansı Anar, nə Anar?» deyə soruşdum. Dedi, yazıçı Anarı deyirəm, 59-cu ildə sən onu xilas etməsəyədin, onu döyəcəkdilər, bəlkə də özün deyən kimi, maşının altına atacaqdılar. Olqu yadıma düşdü, dedim, mən Anara heç nə deməmişəm, onunla şəxsi tanışlığım da yoxdur. Dedim, Vəli müəllim, Anarı onda Siz xilas etdiniz, axı, onun xilaskarı Siz oldunuz, mən sadəcə, məsələni Sizə çatdırdım. Dedi, hələ indi də Anarla şəxsi tanışlığın yoxdur, ancaq onda ona qahmar çıxırdın, müdafiə edirdin, de görüm, bu nə ilə bağlı idi bəs? Dedim, bu başqa heç nə ilə bağlı deyildi, Anar Rəsul Rzanın oğlu olduğuna görə onu müdafiə etməyə özümü borclu sayırdım, müdafiə edirdim. O, öncə ciddi şəkil alıb duruxdu, birdən gülməyə başlayıb xeyli güldü. Ismayıl müəllim söhbətə müdaxilə etmədən bizə təəccüblə baxırdı. Sonra üzünü ona tutub dedi, «Ismayıl müəllim, görürsən, Bəhmən nə deyir? O vaxt soruşdum, onlar Anardan nə istəyirlər, onu niyə döymək fikrinə düşüblər, maşının altına atmaq istəyirdilər, dedi Anar Rəsul Rzanın oğlu olduğu üçün.
Indi də deyir, Anar Rəsul Rzanın oğlu olduğuna görə onu müdafiə edirdim. Ismayıl müəllim, mən başa düşmədim Bəhmən nə demək istəyir, sən başa düşdün?
Burada ürəkdən gələn, sözlərlə, yumorla müşayiət olunan maraqlı bir gülüş yarandı. Sonra isə mən Vəli müəllimə sual vermək istədim, zarafata salıb dedi, sən də mənə sualını ver, görüm, cavab verə biləcəyəm, ya yox? Dedim, mənim də sualım qədimlərə aiddir. Rəhmətlik Hüseyin əmi ilə atam arasında vaxtilə dostluq əlaqələri olub, bunu hamı bilirdi, rəhmətlik Hüseyin əminin özündən də eşitmişəm, həm də özü atamla xalaoğlu olduğunu deyərdi. Mən o xalaoğluluğun köklərini öyrənməyə gecikdim, Sizə bu haqda bir söz deməmişdi? Dedi yox, o mənə bu haqda bir söz deməyib. Mənim atamın anası (nənəm) da Ərşə mahalından köçüb kəndimizdə məskunlaşmış ərşəlilərdəndir (deyilənə görə Ərşə bəylərindəndir), Hüseyin əminin anası da Ərşəli olub. Ona görə də hesab edirəm, ya həqiqətən onlar xalaoğlu olublar, ya da hər ikisinin anası eyni məkandan olduğuna görə Hüseyin əmi özlərini xalaoğlanları sayıb.
Anarla bağlı məsələ isə belə baş vermişdi: 1959-cu ilin mart günlərinin birində bir neçə gəncin yığışıb bizdən bir kurs yuxarı universitetin filologiya fakultəsində oxuyan Anarı döymək, hətta maşın altına atmaq fikrinə düşmüşdülər. Onlar bir gün öncə də elə bir əmələ cəhd edibmişlər. Ancaq istədiklərinə nail ola bilməyibmişlər. Bunu eşitmək mənə ağır təsir elədi, Anar mənim üçün əlçatmaz bir insanın, xalq şairi Rəsul Rzanın oğlu idi. Onun hər hansı bir naqis əməl törətməsinə inana bilmədim. Onu düşünüb bu çılğın gəncləri belə naqis əmələ təhrik edən hansısa, xəbis, darqursaq bir adamın işi olduğunu, bu adamın da Rəsul Rzanı sarsıtmaq istədiyini güman etdim. Bu təxribatın qarşısının alınması üçün yollar axtardım, Vəli müəllimə bu barədə məlumat vermək, ondan məsləhət almaq qərarına gəldim. Nizami adına Ədəbiyyat institutuna gedib məsələni ona danışdım. O, bu məlumatı eşidəndə çox həyəcanlandı, sarsıldı. Dediklərimin dəqiq olub-olmadığını, mənim bu işlə bağlı kimlərləsə əlaqəmin olub-olmadığını soruşdu. Etibarlı adamdan eşitdiyimi, dediklərimin dəqiq olduğunu bildirdim. Onların Anarı döyməkdə məqsədlərini soruşdu, dedi, Anar onlara nə eləyib? Cavabım düşündüyüm kimi oldu, dedim, yəqin Rəsul Rzanın oğlu olduğu üçün onlar bu fikrə düşüblər.
O dönəmdə Rəsul Rzanın yaradıcılığında siyasi motivlər axtaranlar, onu məhşər ayağına çəkdirmək istəyənlər var idi. Mənim dediyimdə həqiqətin olduğunu düşündüyündən idi, Vəli müəllim daha heç nə deməyib pərt halda universitetə zəng vurub rektorun orada olub-olmamasını soruşdu, iki saat kitabxanada oturub dərslərimlə məşğul olmağı, sonra onun yanına gəlməyimi tapşırdı. İki saatdan sonra onun yanına qayıtdım. Dedi, onun adından universitetin rektorunun qəbuluna gedim. Rektor Akademik Şəfaət Mehdiyev məni qəbul etdi, həyəcanla dinlədi. Şəfaət müəllim məsələnin kökünü bilmək üçün onların nə istədiyini, nə üçün onu döymək istədiklərini soruşdu, ona da Vəli müəllimə dediklərimi çatdırdım, dedi, tələbənin Rəsul Rza ilə nə haqq-hesabı ola bilər ki? Başqa bir şey deməyib ehtiyacım olanda ona müraciət eləməyimi, gedib dərslərimlə məşğul olmağımı tapşırdı, dedi, narahat olmağa əsas yoxdur, heç nə baş verə bilməz. Səhəri gün həmin qrupun darmadağın edildiyini, onlardan birinin də ələ keçdiyini eşitdim. Bu çılğın gənclər sonradan da özünə gələ bilməyib susmuşdular.
1991-ci il noyabr ayının ilk günlərindən birində Vəli müəllimə böyük rəğbət bəsləyən Əlisa Hacı adlı tanışım Vəli müəllimlə tanış olmaq arzusunu mənə bildirdi. Bu tanışlıq üçün Vəli müəllimin razılığını aldım. O zaman Dağlıq Qarabağ ətrafında baş verən, Rusiyanın fəal müdaxiləsilə cərəyan edən olqular çox mürəkkəbləşərək son həddə çatmışdı. Ona görə də respublikada bu məsələ ilə məşğul olan xüsusi dövlət komissiyası yaradılmışdı, Vəli müəllim də həmin komissiyanın üzvü təyin edilmişdi. O çağkı Nazirlər Sovetinin yerləşdiyi binanın üçüncü ötəcində ona ayrılan otaqda görüşdük. Beş saat davam edən söhbətdə gənclik dönəmindən bəri mövcud olmuş xatirələrindən çox maraqlı epizodlar danışdı.
O, söhbətlərində həmişə gənclik dönəmindən kiçik bir epizod danışardı, beş saatlıq söhbətimizdə isə onun hər bir məsələdən lazımınca söz açmaq imkanı var idi.
Əlisa ondan nə üçün dissertasiya müdafiə etmədiyini soruşdu. Vəli müəllim gənclik dönəmindən bəri həyatında baş verən müxtəlif məsələlərdən, o sıradan da N.Nərimanovun həyatı, siyasi çalışmaları, yaradıcılığı haqqında elmi-araşdırma temasını götürməsinin səbəblərindən danışdı. Ona təklif edilən elmi mövzuları hər kəsin işləyə bildiyini dedi, haqsız ittihamlara məruz qalmış, daim təqib olunmuş, müəmmalı şəkildə dünyasını dəyişmiş olan xalqımızın böyük oğlu N.Nərimanova aid tema isə hər kəsin işləyə bilməyəcəyini, həmin mövzunu seçdiyini, sevdiyini, bunula fəxr etdiyini əlavə etdi.
Öz dediyinə görə, ona bir neçə dissertasiya teması təklif ediblər. Ancaq ilk andaca bu temalar onun qəlbinə yatmayıb. Düşünüb həmin temaları hamı işləyə bilər. Dissertasiyada yenilik olmalıdır. Dissertasiyasında yenilik etmək istəyib. Dissertasiyanı elmi ad almaq xətrinə müdafiə etmək, elmi ad, şan-şöhrət qazanmaq istəməyib. Nəriman Nərimanovun bədii yaradıcılığı, publisistikası, ictimai çalışmaları, şəxsiyəti ilə bağlı düşünüb və öz tapıntıısı olan bu tema onun ürəyincə olub. O zaman Nərimanov yenicə bəraət almış olub. O, deyirdi: “bəraəti cinayəti olmuş adama verərlər, Nəriman Nərimanov dünyanın ən saf, sağlam düşüncəli, böyük siyasi xadimlərindən, qüdrətli söz sahiblərindən, əqidəli şəxsiyətlərindən olub”. Ancaq haqqında məqalələr, kitablar yazılması yasaqlanmış olaraq qalıb. Nərimanov haqqında məqalələr, monoqrafiyalar yazılması, dissertasiya müdafiə edilməsi işləri onun fikrincə, o zamanlar qəhrəmanlıq tələb edib. Bu qəhrəmanlığı Vəli müəllimin özü edə bilib. Beləcə də Nəriman Nərimanova aid dissertasiya temasını yerinə yetirməyə böyük həvəslə başlayıb. Az zaman içərisində Nərimanov şəxsiyətini səciyələndirən böyük miqdarda arxiv materialları toplayıb, bir monoqrafiya da çap elətdirib. İstəyib elmi rəhbər götürməsin, elmi rəhbərsiz tema təsdiqlətsin və disstertasiyanı yazıb müdafiə etsin. Ancaq buna razılıq verməyiblər, deyiblər, elmi rəhbərsiz dissertasiya teması təsdiq eləmək və elmi rəhbərsiz dissertasiya müdafiə eləməyə icazə yoxdur. Sonra o, bir daha dissertasiya haqqında düşünməyib və təşkilat işlərində çalışıb. Bu zaman da dostları arasında onun dissertasiya müdafiəsi haqqındq söz salanda deyib: “partiya mitəsinin katibi dissertasiya müdafiə eləyər?!”.
Vəli müəllimin dissertasiya müdafiə etmədiyinin səbəbi məncə, bu məsələlər olub. Bu məsələlər isə, Vəli müəllimin nə dərəcə vüqarlı, qürurlu olduğunu göstərir. Onun kimi savadlı, bacarıqlı adamın dissertasiya müdafiə etmədiyi indiyədək onu tanıyanların təəccübünə səbəb olduğu da faktdır. O, Nəriman Nərimanovu Azərbaycanın ən böyük şəxsiyətləri sırasında görürdü, onun taleyinə acıyırdı. Nəriman Nərimano haqqında düşündüyü tema Vəli Məmmədovun Vətəninə, millətinə bağlılığının üzdə olan, ən qabarıq örnəyidir.
Vəli müəllim özünün coşqun gənclik düşüncələrini yada salıb təəssüf duyumu keçirmədən, fəxrlə deyirdi: “Mən həmin mövzunu işləməklə qəhrəman olmaq istəyirdim. Bununla, N.Nərimanova aid ilk araşdırmanın, ilk kitabın müəllifi oldum. Bundan sonra da Nərimanov mövzusunu işləməkdə davam etdim, onun oğluna yazdığı məktubu da ortaya çıxardıb çap etdirdim”. Vəli müəllim N.Nərimanova o qədər bağlı olub, xalqımızın bu böyük oğlu haqqında hətta dünya miqyasında nə qədər sənəd, arxiv materialı varsa, hamısını əldə eləyib, araşdırıb, mümkün olanı çap elətdirib, çıxışlarının mayasına çevirib, ondan həmişə, hər yerdə sitatlar gətirib; topladıqlarını səliqə ilə öz arxivində qoruyub-saxlayıb. N.Nərimanov haqqında gördüyü işlər Vəli müəllimin xalqımız qarşısında ən böyük xidmətlərindəndir. O, Nərimanov haqqında gördüyü işlərdən danışarkən heç də bunu xalq qarşısında xidməti kimi vurğulamırdı, bunu öz vətəndaşlıq borcu kimi nəzərə çatdırırdı. O, hətta ailə qurmasından, gənclik dönəmində başının həddən artıq işə qarışdığından da söz açdı, dedi, bir də gördüm, vaxt keçir, evlənmək lazımdır.
Həmin görüşdə Dağlıq Qarabağın, Naxçıvan, Qazax, Tovuz rayonlarında bir çox əraziləri “arxalı” Ermənistanın işğal etməsi, bu işğalın tarixi kökləri haqqında da Vəli müəllim geniş söz açdı. O, bu işğalın köklü məqsədlərə xidmət etdiyini, bu işdə böyük dövlətlərin maraqlı olduğunu əsaslandırırdı.
Bu, Vəli müəllimlə son görüşüm oldu. O, 1992-ci il noyabrın 20-də həyatından çox sevdiyi, həmişə söhbətlərinin baş mövzusuna çevrildiyi Vətəninin ərazi bütövlüyü uğrunda mübarizədə məslək dostları Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov və başqaları ilə birlikdə erməni vəhşiliyinə tuş gəlmiş Qaradağlı, Xocavənd... əhalisinin harayına gedərkən vertalyot qəzasına salınaraq həlak oldu. Onun təbiətində, əməllərində, ideyalarında qəhrəmanlıq keyfiyyətləri, qəhrəmanlıq əlamətləri vardı, taleyinə də qəhrəmancasına həlak olmaq yazılmışdı, Vətən səmasında qəhrəmancasına da həlak oldu. Vətəninə, xalqına sonsuz məhəbbətlə bağlı olan bu böyük insanın coşqun əməlləri, uca arzuları, nurlu üzü, müdrik məsləhətləri, qayğılı baxışları qəlblərdən heç zaman silinməyəcək. Allah rəhmət eləsin...
Mən həmişə Vəli müəllimin yanına gedib gələrdim. Bu, ondan hansısa kömək ummağımdan irəli gəlmirdi. Yox, onun, özəllikdə isə, heç kimin heç zaman hansısa köməyinə ehtiyacım olmayıb. Mən həmişə özgür, sərbəst adam olmuşam, öz problemlərimin çözümünü də özüm yerinə yetirmişəm. Buna həmişə özümdə güc tapmışam. Vəli müəllimin isə, söhbətlərinə, fikirlərinə mənəvi ehtiyacım olub. Onunla həmişə fəxr etmişəm. Təkcə yerlim olduğuna görə yox, həm də xalqımın, Vətənimin işıqlı ziyalısı, yüksək mənəviyatlı, səviyəli, güclü ağıla malik, müdrik, bacarıqlı, vüqarlı, qürurlu oğlu olduğu üçün! Onun yanına gedib gəlməyi Atası, xalqımızın müdrik ağsaqqallarından olan Hüseyin əmi də bir zamanlar mənə tövsiyə edərdi...
Vəli Məmmədov haqqında onu tanıdığım gündən bəri bir nəfərdən də olsa, mənfi fikir eşitməmişəm, hamı onu böyük ziyalı kimi tanıyırdı. Bu anlamda, onu tanıyanlar ona çox böyük rəğbət bəsləyirdilər, onu özlərinə mərhəm sayırdılar, doğmaları kimi çox istəyirdilər.
Vəli Məmmədov Hüseyin əmi kimi böyük dünyagörüşlü, mütərəqqi fikirli, müdrik Atanın, Berta xanım kimi uca bir Ananın oğludur.
Vəli Məmmədov ağıllı, yetərincə tərbiyə görmüş, savad almış bacı-qardaşın qardaşıdır.
Vəli Məmmədov Şəfiqə xanım kimi kübar ailədən çıxmış, yüksək tərbiyə görmüş, mədəniyətli, ağıllı, səviyəli, sədaqətli bir xanıma, silahdaşa həyat yoldaşıdır.
Vəli Məmmədov çıxdıqları ailəyə baş ucalığı gətirən Azər və Sevinc kimi övladların Atasıdır.
Vəli Məmmədov Hüseyin oğlu iti ağıllı, səviyəli, müdrik, yüksək düşüncəli, mənəviyatlı, mədəniyətli, əqidəli, vicdanlı, qürurlu, vüqarlı, cəsur, səmimi, ziyalılar arasında ziyalı, xalqı, Vətəni yolunda canını əsirgəməyən Böyük İnsan idi...
Paralel.az