Elmi seminarın şıltaq üzvləri, yaxud Nazəndənin oxu zövqü
Dilçi alim Günel Bayramova: "Bu gün seminar üçün sənədləri təhvil verərkən öyrəndim ki, dissertasiyanı seminarın üzvləri oxumalıdır. Düşündüm, nə yaxşı, axır ki, bir işdə sadə prinsip qurulub. Çox keçmədi həmin “sadə”nin mürəkkəbliyi üzə çıxdı. Sən demə, seminarın “ucqar” sakinlərinə kuryer xidmətini iddiaçı icra etməlidir. Düşünməyin ki, mən 3-5 km.məsafə qət etməyi məsələyə çevirirəm. Əksinə, oturaq alim işi üçün hərəkət faydalıdır. Ancaq belə iş prinsipinin tamamilə mənfi tendensiyaya yol açdığını, aparılan islahatların əksinə işlədiyini, iddiaçı və rəyçi arasında sövdələşməyə rəvac verə biləcəyini bilmək aydın məsələdir. Məhz bu mərhələdə prosesin əsli-astarı ortaya çıxır. Yəni, bu gün ölkədə dissertasiya işlərinin, onların müdafiəsi mexanizminin heç də səmərəliləşdirilmədiyinin bir daha şahidi oldum. Əgər bu sahədə yenilikçi, uzaqgörən və əsl elmə xidmət edən addımlar atılsa idi, o zaman nə iddiaçı rəyçini tanımalı, nə də rəyçi işin kimin tərəfindən yazıldığını bilməli idi. Məhz buna görədir ki, bu gün bir tərəfdə Dissertasiya Şurasının, digər tərəfdə isə seminarın bəzi şıltaq üzvlərinin şəxsi zövqləri əsasında oxuyur/oxumur məsələləri gündəmə gəlir. Mən AAK-ın əsasnaməsini oxudum, ancaq orada “Nazəndənin oxu zövqü”, yaxud “kefi” bəndini görmədim. Görünür ki, burada da bir islahata ehtiyac var".
Paralel.az