Hippokrat andına xəyanət edənlər...
Səhiyyə Nazirliyi ilə TƏBİB-in namüntəha kaprizlərinin qurbanına çevrilirik, yaxud Hippokrat andına xəyanət etmiş həkimlər...
İdris Abbasov yazır:
Alimi zay olan ölkənin səhiyyəsi vay olar. Bir ölkənin məhv etmək istəyirsənsə, onun rüşvətxor, vicdansız, yalançı, yalgüdən alimini, həkimini bəslə, yetər!
Əyri yollara əl atıb pul qazanmaq niyyəti ilə elmi dərəcə və elmi ad dalınca düşənlərin kimliyi müəyyən edilməlidir. Ölkəni viran qoydular. Məhz elə pisniyyət, rüşvətxor və yaramaz alimlərin üzündən bu gündəyik. Pisniyyətlərdən olmadığımız üçün həftə ərzində 7 dəfə Binəqədi rayon 21 saylı uşaq poliklinikası, Uşaq Nevroloji Xəstəxanası və Psixoloji Sağlamlıq Mərkəzinin arasında sürünməkdəyik. Bəyan etmişəm ki, mən rüşvət alıb-verənlərdən deyiləm. Dəhşət içindədirlər, mənə yadplanetli kimi baxırlar, eynən akademiyada baxdıqları kimi.
Halbuki bir akademikin, və ya rüşvətxor alim, ya səhiyyə işçisinin özü, yaxud övladı öskürəndə səsləri Almaniya, İsveçrə hospitallarından gəlir. Təhsil, səhiyyənin bərbadlığı onların nə vecinədir?
Məsələn, mənim kimilərin dərdi deputat, Milli Məclisinin Səhiyyə komitəsinin sədri, bir sıra vəzifə və təltiflərin, pulların və mülklərin sahibi, maddi cəhətdən bolluq içində üzən tibb elmləri doktoru, professor, kafedra müdiri, akademik Əhliman Əmiraslanovların, yaxud analoji statusu paylaşan İsa Həbibbəylilərin və onların əlaltılarının nə vecinə? Belə görünür ki, onları dövlətin, Vətənin, onun dürüst yaşayan övladlarının dərdləri deyil, nadürüstlərin fəaliyyəti daha çox maraqlandırır. Axı bu günkü reallıqda elm və ya səhiyyə sahəsində çalışırsansa, bəzi istisnalarla, dürüstlükdə, dövlətçilikdə, vətənsevərlikdə, insanpərvərlikdə, rəhmdillikdə, vicdanda, ədalətdə işbazların istədikləri pullar yoxdur. Pul korrupsiyada, rüşvətdə, alıb-aldatmaqda, milli nifrətdə, elmin, səhiyyənin dizini qırmaqdadır.
PS. Poliklinikadan göndəriş əsasında getdiyimiz Psixoloji Sağlamlıq Mərkəzinin direktor müavini, təbibi-ali Gülnarə Musabəyova (Gülya xanım) etinasız davranaraq: "16 yaşlı uşaqlara burada baxılmır. Siz gedin, poliklinikanızda müalicə alın, 18 yaşı tamam olanda bura gələrsiniz." Ana dilini yaxşı bilməyən Gülya xanımı heç cür başa sala bilmədik ki, gecikən hər gün insan taleyini məhvi deməkdir. TƏBİB-in tabeliyində olan 21 saylı poliklinika problemi Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Sağlamlıq Mərkəzində görür. İkincisi isə birincini ittiham edir. Xəstənin vəziyyəti isə günü-gündən kritik hal alır. Dövlət müəssisələrində vəzifə tutmuş təbibi-alilər xəstənin qeydinə qalmaq əvəzinə, qara-qura şeylər haqqında düşünür, "yadplanetli"lərdən acıqları tutur, öz lüksləri haqqında xəyal edirlər, layiq olmadıqları halda mindikləri avtomobillərinə qaz verib xaricdəki "domikləri"nə çatana qədər yerli malikanələrinə tələsirlər, eynən akademiyada olduğu kimi...
Paralel.az