Pis padşahın nağılı

Pis padşahın nağılı
 

Qalib Arif,

(Pritça)

Deyirlər, qədim Şərqin tarixi həm də pis padşahların tarixidir. Belə şahları Allah da sevmir və onları "şeytanın nökərləri" hesab edir. Hazırkı qeydlərin də məqsədi pis padşah haqqında ibrətamiz bir hekayə söyləməkdir. 

Deməli, çox qədim zamanlarda İranda bir padşah varmış, kefindən, yeyib-içməyindən qalmazmış. Əhalinin nə yediyi, nə içdiyi ilə maraqlanmazmış, vergiləri ildən-ilə artırarmış, ölkənin xəzinəsini talayarmış, bir sözlə, camaata qan uddurarmış. Ayda da bir dəfə qırmızı geyinib, üz-gözünü örtər, taxta çıxıb ona etiraz edənlərin başını vurdurarmış...  

Bu padşahın bir adəti də varmış, bunu birinci vəzirindən başqa kimsə bilməzmiş. Deməli ayda bir dəfə, camaata divan tutduqdan, baş vurdurduqdan sonra vəzirini də yanına alar, axşam şəhəri gəzərmiş. Məqsəd camaatın onun haqqında nə danışdıgını öyrənmək, düşmənlərin yerini bilmək imiş ki, sonra başlarını vurdursun. Doğrudur, bu işi görən, ona bütün ölkədən xəbərlər gətirən trollar sürüsü vardı. Amma atalar demiş, eşitdiklərinə inanmaq yaxşıdır, gözlərinlə görmək daha yaxşıdır. Padşah onu tanımasınlar deyə paltarını da dəyişərmiş, qara dərviş paltarı geyərmiş. Təbii ki, padşahın saraydan çıxmağı dövlət sirri imiş, hamıdan gizlədilirmiş...

Deməli, günlərin bir gecəsi padşah yenə vəziri ilə dərvişi-libas olur və şəhəri gəzməyə çıxır. Görür ki, hər yerdə qaranlıqdır, işıqlar yanmır, səs-səmir gəlmir. Bu, padşahın xoşuna gəlir, deyir: "Görürsən, vəzir, şəhərdə, ölkədə sabitliklikdir, əmin-amanlıqdır, camaat ağır iş günündən sonra sakitcə yatır". Vəzir də sakitcə razılaşır ki, "bəli, Alihəzrət..." Yavaş-yavaş şəhərin kənarına doğru gedirlər, görürlər bir evdən işıq gəlir, çal-çağır səsi göylərə yüksəlir. Padşah tərs-tərs vəzirə baxır, vəzir səsini çıxarmır. Yaxınlaşıb qapını döyürlər, ev sahibiqapını açır. Qara paltarlı dərvişləri görüb içəri dəvət edir, "Allaha da qurban olum, onun qonağına da" deyir.

Dərvişləri evin böyük otağında, yuxarı başda oturdurlar, qabaqlarına yemək, içmək qoyurlar. Söhbət əsnasında dərvişlərin biri soruşur ki, "nə məsələdir, toy edirsiz, ya bayram keçirirsiz?!" Ev yiyəsi cavab verir ki, "toy etmirik, amma bizim evdə hər ay bayramdır..." Dərvişlərin ikincisi söhbətə qarışır: "Maşallah, bəs imkan hardandır?!" Sonra tez əlavə edir ki, "biz dərviş adamıq, halal-haram məsələsi var..." Ev sahibi deyir: "Narahat olmayın, mən halal adamam, çörəyim də halaldır. Allahdan gizlin deyil, sizdən nə gizlin. Mənim 3 oğlum var, il boyu dağda odun doğrayıb kömür basırıq. Kömür də yay-qış, bazarda yaxşı pula gedir. Ayın axırı da qohum-qardaşı, dost-tanışı başımıza yığıb bayram edirik..." Dərvişlərin ikincisi deyir, "axı, bu məmləkətdə ağac kəsmək, odun satmaq padşahın nəzarətində olan məsələdir..." Ev sahibi deyir: "Bilirəm, mən də ağac kəsməyin tərəfdarı deyiləm. Əslində, yaş ağacdan yaxşı kömür də olmur. Meşədə o qədər quru ağac var ki, axtarıb tapmaq lazımdır..."

Yolda padşah vəzirə acıqlanır: "Kömür basmaq və satmaq kimi xeyirli, gəlirli bir işi qara camaata tapşırnaq olmaz. Sabahdan bir fərman hazırla, kömür basmaq və satmaq padşahın nəzarətinə keçsin." Vəzir də sakitcə razılaşır: "bəli, Alihəzrət..."

Üstündən bir ay keçir. Günlərin bir gecəsi padşah yenidən vəziri ilə dərvişi-libas olur və şəhəri gəzməyə çıxır. Görür ki, hər yerdə qaranlıqdır, işıqlar yanmır, səs-səmir gəlmir. Bu, padşahın xoşuna gəlir, deyir "görürsən, vəzir, şəhərdə, ölkədə sabitliklikdir..." Yavaş-yavaş şəhərin kənarına doğru gedirlər, görürlər həmin evdən işıq gəlir, çal-çağır səsi göylərə yüksəlir. Padşah tərs-tərs vəzirə baxır, vəzir səsini çıxarmır. Yaxınlaşıb qapını döyürlər, ev sahibiqapını açır. Qara paltarlı dərvişləri görüb tanıyır, içəri dəvət edir.

Dərvişləri evin böyük otağında, yuxarı başda oturdurlar, qabaqlarına yemək, içmək qoyurlar. Söhbət əsnasında dərvişlərin biri soruşur ki, "necəsiz, nə işlə məşğulsuz?!" Ev sahibi cavab verir ki, "Kömürçülüyün daşını atmışıq, su satırıq. Bizim padşahın kəramətindən nəinki ölkədə, hətta mərkəzdə içməli su qıtdır. Mən də oğlanlarımla dağdan, bulaqlardan tuluqlarla su daşıyıram, satıram.

Su da, yay-qış, bazarda yaxşı pula gedir. Ayın axırı da qohum-qardaşı, dost-tanışı başımıza yığıb bayram edirik..."

Yolda padşah vəzirə acıqlanır: "İçməli su kimi xeyirli, gəlirli bir işi qara camaata tapşırnaq olmaz. Sabahdan bir fərman hazırla, su yığmaq və satmaq padşahın nəzarətinə keçsin." Vəzir də sakitcə razılaşır: "bəli, Alihəzrət..."

Qərəz, nə başınızı ağrıdım, bu hadisə bir neçə dəfə təkrar olunur, amma pis padşah pisliyindən qalmadığı kimi, yaxşı kişi də kefindən qalmır. Axırda padşah qəzəblənir, xüsusi bir fərman verir, yaxşı kişini türmənin rəisi təyin edir. Yəni, özündən olsa, onu quru maaşa oturtmaq istəyir... Amma sən saydığını say...

Üstündən bir ay keçir. Günlərin bir gecəsi padşah yenidən vəziri ilə dərvişi-libas olur və şəhəri gəzməyə çıxır. Görür ki, hər yerdə qaranlıqdır, işıqlar yanmır, səs-səmir gəlmir. Bu, padşahın xoşuna gəlir... Yavaş-yavaş şəhərin kənarına doğru gedirlər, görürlər yenə həmin evdən işıq gəlir, çal-çağır səsi göyə yüksəlir. Padşah tərs-tərs vəzirə baxır, vəzir səsini çıxarmır. Yaxınlaşıb qapını döyürlər, ev sahibi qapını açır. Qara paltarlı dərvişləri görüb tanıyır, içəri dəvət edir.

Dərvişləri evin böyük otağında, yuxarı başda oturdurlar, qabaqlarına yemək, içmək qoyurlar. Söhbət əsnasında dərvişlərin biri soruşur ki, "necəsiz, nə işlə məşğulsuz?!" Ev sahibi cavab verir ki, "Bizim padşah, deyəsən, pis yuxu görüb, məni türmənin rəisi təyin edib. Mən də bir ay çölə-bayıra çıxa bilmədim. Ayın axırı yetişdi, bilmədim nə edim. Baxdım ki, mənə verilən qılıncın dəstəsi tuncdan, tiyəsi xalis Dəməşq poladındandır. Dəməşq poladı da bizim məmləkətdə, heç kim gətirə bilmir deyə (padşahın nəzarətindədir), qızıl qiymətinədir, puluna bir ay kef çəkmək olar. Nə isə, çıxardım qılıncın tiyəsini satdım, ayın axırı da qohum-qardaşı, dost-tanışı başıma yığdım..."

Ertəsi gün padşah qırmızı geyinib taxta çıxır, camaat meydana yığılır. Padşah türmənin rəisini çağırtdırır, deyir "get türmədən filan siyasi dustağı gətir." Türmənin rəisi dərhal əmri icra edir, cəllad gəlir. Padşah cəllada deyir "sən, gözlə" və türmənin rəisinə əmr edir ki,"dustağın başını vur". Türmənin rəisi dərhal diz çökür, əllərini göyə qaldırır: "Ya Allah, əgər bu dustağın günahı varsa, mənim qılıncım onun boğazını üzsün, əgər günahsızdırsa, qılıncım taxtaya dönsün." Və padşaha danışmağa imkan vermədən dərhal qılıncını sıyırır. Bütün meydan qılıncın taxtaya döndüyünü müşahidə edir, "Allahu Əkbər" deyir. Beləliklə, yaxşı kişi nəinki canını qurtarır, hətta pis padşahın düşmənlərindən birini də azadlığa buraxdırır.  
Padşah üzünü açır, türmənin rəisini yanına çağırır, ona bir kisə qızıl bağışlayır. Deyir cammat bu kişidən ibrət götürməlidir, padşahın, dövlətin köməyi olmadan yaşamağı öyrənməlidir...

Paralel.az

0.048043012619019