Brüssel, yoxsa Soçi - it hürən, yoxsa işıq gələn tərəfə gedək?
Zərdüşt Əlizadə: "Moskva ABŞ və Fransanı məsələdən bir qədər kənarlaşdırmağı bacardı, indi Qərb yenidən münaqişənin həllində iştiraka qoşulmaq istəyir. Bu cəhd yenə də, yalnız dividend əldə etmək məqsədi güdür"
Qabil Hüseynli:
"Qərb də bölgəyə geostrateji maraqlar çərçivəsindən baxır, onun maraqlarının bu səviyyəyə çatmasında Fransanın bö-yük "xidmətləri" var"
"Azərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır və bu kimi təmasları müsbət qarşılayır. Bu xüsusda Avropa İttifaqı Şurasının prezidentinin Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi ilə iki ölkə liderinin görüşünün təşkili təklifinə Azərbaycan tərəfindən razılıq verilib".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bildirib.
"Bildiyiniz kimi, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə 19 noyabr 2021-ci il tarixində telefon danışıqları baş tutub və Aİ Şurasının prezidenti bu ilin 15 dekabr tarixində Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində hər iki ölkə liderinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib.
Post münaqişə dövrü-nün reallıqları müstəvisində Azərbaycanın mövqeyi dəfələrlə dövlət başçımız tərəfindən, o cümlədən beynəlxalq platformalada səsləndirilib. Bu xüsusda, Brüssel Zirvəsinin və bu çərçivədə keçirilməsi nəzərdə tutulan görüşün əlavə imkanlar yaradacağını hesab edirik", - deyə Leyla Abdullayeva qeyd edib.
Məlum olduğu kimi, bir qədər əvvəl V.Putinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan prezidentlərinin 16 noyabr hadisələrindən sonra Rusiyada görüşlərinin baş tutacağına əmin olduğunu ifadə etmişdi. Lakin bunun ardınca bəlli oldu ki, prezidentlər dekabırın 15-də Brüsseldə, bundan on gün sonra isə Soçidə görüşəcək. Maraqlıdır, nə baş verir? Yəni doğrudanmı, bu iki ölkə arasında sülh yaratmaq uğrunda Qərblə Moskva arasında rəqabət gedir?
Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə qeyd etdi ki, nə Rusiyanın, nə də Qərbin hədəfində bu iki xalqı barışdırmaq məsələsi yoxdur: "Əsas məsələ odur ki, Qərb və Rusiya bu münaqişənin həllindəki vasitəçilikdən nələr qazanacaq. Yəni hər bir tərəf münaqişənin həllində vasitəçi olmaqla, əldə edəcəyi dividendləri düşünür. Keçən 28 il ərzində də, Minsk Qrupunun həmsədriləri - Fransa, Amerika və Rusiya hərəsi öz xeyirini güdüb. Onlar həmişə tərəfləri ciddi nəzarət altında saxlayırlar ki, Allah eləməsin, birdən bir tərəf güclənər və həmin tərəfin qələbəsi ilə münaqişəyə son qoyular, biz öz xeyirimizi götürə bilmərik. Vasitəçi dövlətlərin fayda götürməsi üçün münaqişə çox yaxşı bir imkandır.
İndi də iş elə gətirib ki, Ermənistanın "ağılsız" siyasəti üzündən Rusiya ondan üz çevirdi. Biz bundan istifadə edərək öz problemimizi əsasən həll etdik, Rusiya məsələnin tam həllinə öz siyasi mənafeyini güdərək, imkan vermədi. Amma Moskva ABŞ və Fransanı məsələdən bir qədər kənarlaşdırmağı bacardı. İndi Qərb yenidən münaqişənin həllində iştiraka qoşulmaq istəyir. Bu cəhd yenə də, yalnız dividend əldə etmək məqsədi güdür. Rusiya isə buna imkan vermək istəmir, bununla yanaşı, müxtəlif vasitələrlə münaqişənin davamını təmin edir. Rusiya "dövşana qaç, tazıya tut" prinsipi ilə münaqişənin çözülməsinə və sülh müqaviləsinin bağlanmasına imkan vermir. Digər tərəfdən isə Fransa və ABŞ-ın bu məsələyə qoşulmasını istəmir.
Fransa təkbaşına da vasitəçilik təklifini etdi, Avropa Birliyi də bu işdə iştirakını arzulayır. Lakin Rusiya təkbaşına vasitəçiliyi əldən verməmək üçün Brüsseldən əvvəl prezidentləri Soçidə görüşdürmək istəyir. Soçi görüşü baş tutmasa belə, Azərbaycan və Ermənistan elə vəziyyətdədilər ki, onların işi Rusiyasız aşmayacaq. Rusiya imkan verməz ki, bu gəlirli vasitəçilik missiyasını ABŞ və Fransa onun əlindən alsın".
Politoloq Qabil Hüseynli də məsələyə münasibət bildirərkən vurğuladı ki, həm Qərbin, həm də Rusiyanın mövqeyində ciddi fəsadlar var: "Qərb də bölgəyə geostrateji maraqlar çərçivəsindən baxır, onun maraqlarının bu səviyyəyə çatmasında Fransanın böyük "xidmətləri" var. Fransa bölgədə ermənilərin millətçi maraqlarını müdafiə etməyə çalışır. Xüsusilə, Qarabağın dağlıq hissəsindəki erməni əhalisinə statusun verilməsi tələbləri ilə çıxış edir. Bu zəmində o, Minsk Qrupunun yenidən "dirildilməsinə" çalışır. Rusiyanın da öz maraqları vap, amma Moskva hələ də genişmiqyaslı düşüncələr ortaya qoya bilmir. Putin belə bir faktı qəbul etmək istəmir ki, onun himayə etdiyi Ermənistanın günahı üzündən qapanmış kommunikasiyalara görə, Rusiya iqtisadiyyatı hər il milyardlarla dollar vəsait itirir. Mənə elə gəlir ki, Rusiyada son zamanlar bu məsələni başa düşənlərdə var. Bilirlər ki, Rusiyanın Yaxın Şərqə açılması və bütövlükdə Cənubi Qafqazda onun geosiyasi maraqlarının təmin edilməsində kommunikasiya xətlərinin açılmasının böyük əhəmiyyəti var. Bu kommunikasiya xətlərinin əksəriyyətinin müəllifi isə Azərbaycandır. Ona görə də rəsmi Moskva Azərbaycanla münasibətlərində şəffaflıq və ədalətlilik prinsiplərinə əməl etməlidir. Hazırda Qərbin, yoxsa Rusiyanın yaxşı vasitəçi olduğunu söyləmək bir qədər çətindir. Amma düşünürəm ki, bu məsələdə Rusiya ilə dil tapmaq daha asan olar. Rusiya prosesi başlatdı və onun sona çatdırılmasında da, daha yararlı ola bilər. Qərbin vasitəçiliyinə gəldikdə, Fransanın mövqeyi onu bütovlükdə korlayır. Bu nöqteyi nəzərdən Brüssel görüşlərindən heç nə gözləmirəm. Ola bilsin Rusiya bölgədə inhisarçı mövqeini qoruyub saxlamaq üçün Brüssel görüşündən əvvəl Moskvada kiçik bir görüş keçirsin".
Akif Nəsirli