Dağlıq Qarabağ əldən getdi ?..
10 noyabr Bəyanatı imzalanmasaydı, nə baş verə bilərdi ?..
Azərbaycan və Ermənistan rəhbərlərinin 26 noyabrda Soçidə, 15 dekabrda Brüsseldə gözlənilən görüşləri ərəfəsində bəzi mülahizələrimi bölüşmək istərdim.
1.Müdhiş 10 noyabr Bəyanatından ötən bir ildə gözlənilməz heç nə baş vermədi. Bir il əvvəl baş vermiş biabırçılıq, keçirdiyimiz məyusluq, təəccüb, nigarançılıq nəinki sübut olundu, üstəlik, vəziyyət düşündüyümüzdən də acınacaqlı, təhlükəli və faciəlidir!
30 ildən sonra rus qoşunlarının Azərbaycana soxulmasına və Dağlıq Qarabağı ələ keçirməsinə imkan vermiş Bəyanatın imzalanmasına 1000 cür bəhanələrlə haqq qazandıranlar var!
Amma sual olunur: bu Bəyanat imzalanmasaydı, nə baş verəcəkdi?
Maksimum Rusiya Azərbaycanı işğal edəcəkdi!
İnanmıram Putin Qorbaçovun cinayətini təkrarlayıb Bakıya qoşun yeridə, ikinci 20 Yanvarı törədə bilərdi!
Amma işğalın bəyəm gözü-qaşı olur ki?
Rus "sülhməramlıları"nın Dağlıq Qarabağda ilk anlardan sərgilədiyi davranış klassik işğalın və işğalçının bariz nümunəsidir!
Bu mənada 10 noyabrda imzalanmış Bəyanat, yumşaq desək, diplomatiyamızın ən böyük yanlışlığı və tam iflası kimi tarixdə qalacaqdır!
Bundan sonra ən azı qarşıdakı 10 ildə Dağlıq Qarabağın qaytarılmasına ümid etmək sadəlövhlük olardı.
2.Bəyanatın bizim mənafelərimizə uyğun olan bircə maddəsi də icra edilməyib və bunlar açıq qalır.
Əgər ruslar Dağlıq Qarabağda "sülh yaratmağa" (!!!) gəliblərsə, ilk növbədə atəşkəsin etibarlı olmasını təmin etməli və Azərbaycandan olan məcburi köçkünlərin Dağlıq Qarabağa qaytarılmasını, beləliklə, birgə yaşayış üçün tərdicən qarşılıqlı etimadın yaradılmasına səylər göstərməli idilər!
Amma bunlar yoxdur, əksinə, özləri təxribatlar törətməklə, münaqişə tərəfləri arasında düşmənçiliyi daha da qızışdırmaqla Dağlıq Qarabağda ruslarsız keçinməyin mümkün olmadığını sübut etmək istəyirlər!
Qanunsuz erməni hərbi birləşmələri heç vaxt Dağlıq Qarabağdan çıxarılmayacaq, çünki ruslar onu "Qarabağın müdafiə ordusu" kimi qəbul edir!
Laçın rayonun Ermənistanla sərhəddində bizim nəzarətimiz mütləqdir, əgər özümüzü müstəqil və suveren dövlət hesab ediriksə!
Əks halda ölkə yiyəsiz və kimsəsiz təsir bağışlayacaqdır!
Ruslar buna da imkan vermir!
Sərhədlərin müəyyən edilməsi və Zəngəzur dəhlizinin açılması kimi qlobal məsələlərin həllini də Rusiya qəsdən uzadır və bəlkə də daha bir il və daha çox gözləməli olacağıq!
3. Nəhayət, ən vacib və taleyüklü məsələ Qarabağ üzərində Azərbaycanın suverenliyinin tam bərpa edilməsi məsələsidir və burada da hər şey gün kimi aydındır:
Madam ki, Dağlıq Qarabağın və Laçın dəhlizinin taleyi birbaşa Putindən asılıdır, çünki oranın idarəçiliyi büsbütün Rusiyaya keçib və onun de-fakto protektoratına çevrilib, mən şəxsən hakimiyyətin saxta və ağ yalana söykənən bəyanatlarını deyil, elə Putinin mövqeyini əsas götürürəm.
Putin açıq şəkildə Dağlıq Qarabağın son statusunun "gələcəkdə və ya gələcək rəhbərlər tərəfindən həll edilməli olduğunu" bəyan edib!
Bunun nə zaman baş verəcəyi də qeyri-müəyyəndir!
Mən nə bilim nə zaman Allahın millətlərə yazığı gələcək və Putini cəhənnəmə vasil edəcək?!.
Putin 70 yaşına qədəm qoyub, canı hələ "suludur"!
Çox güman ki, o, 2024-2030-cu illərdə də Rusiyanı məhvə doğru aparmaqda davam edəcək!
Həm də Rusiya qondarma "dqr"-in "müstəqilliyi"ni hələ ki, tanımasa da, onu Dağlıq Qarabağın "aralıq" və ya "keçid" statusu kimi qəbul etmişdir!
Bu o deməkdir ki, bizim İnterpolun axtarışına verdiyimiz araik və onun separatçı-terrorçu rejimi Rusiya üçün "legitimdir" və DQ-nin son statusu həllini tapmayınca belə də davam edəcəkdir!
Ona görə də Azərbaycan hakimiyyəti bu məsələlərdə susqundur və 10 noyabrda Putinlə sövdələşməni poza bilməz!
Çox güman ki, bütün məsələlər "xortladılan" ATƏT-in Minsk qrupu çərçivəsində aparılacaq danışıqların mövzusu olacaq.
Amma bu danışıqlar 30 il olduğu kimi imitasiya xarakteri daşıyacaq və rus faşistlərinin DQ-də əbədi qalması üçün bir vasitə olacaqdır!
Deyə bilərlər ki, bəs Türkiyə amili?
Bunu da biz Ağdamda adı olub, özü koronavirus kimi gözəgörünməz olan və ölü doğulan birgə monitorinq mərkəzinin timsalında görürük!
Azərbaycanla Türkiyənin qardaşlığı bəyanatlar və tostlar səviyyəsindən uzağa gedə bilmir və gedə də bilməz!
Çünki dili, ruhu, düşüncəsi və, ən başlıcası, taleyi Putin Rusiyasına bağlı olanlar, Karenin sözü olmasın, Ərdoğanı çox da yaxın buraxa bilməzlər, bunun bədəli çox ağır olardı!
Bir sözlə, şoumen Muradın təbirincə desək, Dağlıq Qarabağ əldən getdi...
Kaş mən öz mülahizə və proqnozlarımda yanılardım!..
Səttar Qüdrətoğlu, Paralel.az